Təbrizdə Azərbaycan dilində tamaşa səhnələşdiriləcək

Təbrizdə Azərbaycan dilində tamaşa səhnələşdiriləcək

Təbriz tarixinin qəhrəman qadını Zeynəb Paşa ilə bağlı hazırlanan teatr tamaşası yaxın vaxtlarda bu şəhərdə səhnəyə qoyulacaq.

Teatr xadimi Nazilə İranzad Təbriz tarixinin qəhrəman qadını Zeynəb Paşa ilə bağlı son əsəri haqqında məlumat verərək, tezliklə səhnələşdiriləcəyini açıqlayıb.

Təbriz şəhərində mətbuat nümayəndələrinə açıqlama verən İranzad "Bu əsərdə tarixi nəzərdən keçirmək əvəzinə xəyali bir obraz yaradaraq, Zeynəb Paşanın fikirləri bu günkü şərtlərə əsasən qiymətləndirilir", - deyib. İranzad sözlərini belə davam etdirib: "Burada, həmçinin Zeynəb Paşanın nə dediyi, həm də fikirlərinin qoyduğu təsirlər müzakirə olunacaq".

Bu tamaşanın Azərbaycan dilində nümayiş etdiriləcəyini bildirən rejissor İranzad "Bu işin tam və yaxşı bir iş ola biləcəyinə inanıram", - deyə açıqlama verib.

Nazilə İranzad son əsərində qadın hüquqları məsələsinin də müzakirə olunduğunu bildirərək, bunları deyib: "Lider qadın Zeynəb öz dövründə çox dəyərli fəaliyyətlər həyata keçirib. Bu səbəbdən bir az da olsa onun göstərdiyi qiymətli fəaliyyətlərini tamaşaçılara çatdırmağa çalışacağıq".

Qeyd: Zeynəb Paşa Təbrizin keçmiş Zeynəddin Əmi məhəlləsində kəndli ailəsində anadan olub. 19-cu əsrin sonlarında aclıq və qıtlıqla təkbətək qalan İranının Azərbaycan əyaləti eyni zamanda diktaturanın hakim olduğu bir dövrdə idi. Bu kədər dolu günlərdə Zeynəb Paşa təbrizli qadınları toplayaraq, zülmə qarşı böyük bir mübarizə nümayiş etdirib. Zeynəb Paşa əsəri 23 avqust-8 sentyabr tarixləri arası Təbriz Şəhər Teatrında tamaşaçılarla görüşəcək. (eastnews) /

Google+ WhatsApp ok.ru