Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılır

Məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətində işlərə başlanılıb.
Milli Məclisin Elm və təhsil komitəsinin gələn həftə keçirilməsi nəzərdə tutulan iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün işçi qrupunun tərkibi müəyyənləşəcək. Həmin layihəyə əsasən, uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək.
 
"İşçi qrupunun tərkibinə həm komitə üzvləri, həm də bu sahədə təcrübəsi olan mütəxəssislər cəlb olunacaq. İclasda məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər müzakirə olunacaq", - MM-dən  bildirilib.
 
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilir. Məruzədə vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.
Xatırladaq ki, hazırda uşaq bağçaları rayon icra hakimiyyətlərinin tabeliyindədir.azadliq/
 

Google+ WhatsApp ok.ru