Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox əziyyət verir?

"Azyaşlı uşaqların əsas problemləri evdə baş verən dava-dalaş üzündən keçirdikləri stress, qorxu ilə bağlı olur". Bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib. Psixoloq bildirib ki, uşaqların valideynlərindən birindən, televiziyada hansısa film qəhrəmanından qorxması və gecələr yata bilməməsi ilə bağlı müraciətlər tez-tez olur. Onun sözlərinə görə, bu problemlərə, eyni zamanda valideynin televiziyada istənilən filmlərə uşağın iştirakı ilə baxması da səbəb olur ki, bunu valideynlərin bir çoxu başa düşmür: "O cümlədən, uşağın qapalılığı, nitq inkişafında ləngimələrdən irəli gələn valideyn müraciətləri, hiperaktiv uşaqlarla bağlı müraciət edənlər çox olur. Uşağın sosializasiyası və həmyaşıdlarla ünsiyyətdə özünü müdafiə edə bilməməsi problemləri, evdə yeni dünyaya gəlmiş körpəyə valideynlərin diqqətinin daha çox yönəlməsi üzündən evin böyük uşağının qısqanclığından irəli gələn davranışları ilə bağlı müraciətlər də çox olur" .
 
A.Kərimov bildirib ki, evin böyük uşaqlarında narahatlıq qısqanclıq üzündən və özünə diqqəti yönəltmək üçün valideynlərə etdiyi hədələr şəklində büruzə verir: "Uşaq "Mən ölmək istəyirəm", "Siz daha məni istəmirsiz", "Başqasının uşağı olacağam", "Özümü damdan atacağam" kimi fikirlər irəli sürür və bir növ valideynlərinə psixoloji zorakılıq göstərir. Eyni zamanda, bilmədən özünə ziyan vuracaq davranışlar da edə bilər. Məsələn, bıçaq, qayçı kimi alətləri götürərək bunu nümayiş etdirə bilər. Bu zaman məqsədi və hərəkətin mahiyyətini tam anlamayan uşaq ehtiyatsızlıqdan özünə ziyan vura bilər". Psixoloqun sözlərinə görə, belə hallarda valideyn maksimum diqqətli olmalı, uşaqla ünsiyyətə girməli, ona xüsusi olaraq vaxt ayırmalıdır. A.Kərimov valideynin belə hallarda mütəxəssisə müraciət edərək onunla bu problemin həllinə çalışmasının vacib olduğunu vurğulayıb: "Ən yaxşısı mütəxəssisə müraciət etmək və onun tövsiyələri əsasında hərəkət etməkdir. Yeniyetmələrə gəldikdə, bu hallar daha çox diqqət tələb edir. Onların belə davranış göstərməsi daha realdır, çünki bir çox hallarda onlar emosiyalar əsasında suisidal davranış nümayiş etdirə, eyni zamanda, evdən qaçmağa, qeyri-normal qruplara qoşula, zərərli vərdişlərə, tütün, alkoqol, narkotik vasitələrə meyllənə bilərlər".

Google+ WhatsApp ok.ru