Uşaqlara peyvənd lazımdırmı?

Uşaqlara peyvənd lazımdırmı?

Həkim: “Sovet dövründə valideynlərin peyvənddən yayınması az qala cinayət hesab edilirdi”
 
Aprelin 25-dən başlayaraq ölkədə peyvənd həftəsi başladılıb. Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə" əmr də imzalayıb. Əmrdə aprel ayının 25-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, ölkənin tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.
 
Qeyd edək ki, övladına peyvənd vurdurmaq hər bir valideynin öz seçimidir. Bu baxımdan, bəzi valideynlər peyvəndin hansısa fəsadlarından çəkindikləri üçün peyvənddən imtina edir. Bu gün də peyvəndlərin böyük bir “bəla” olduğunu və uşağın sağlamlığı naminə onlardan mütləq imtina etmək lazım olduğunu düşünən kifayət qədər valideyn var. Bunun da əsas səbəblərindən biri həm yerli, həm də xarici mətbuatda yayılan bəzi məlumatladır. Valideynlər əsasən göyöskürək, difteriya və digər xəstəliklərə qarşı olan AKDC vaksinindən imtina edirlər. Nəticədə bəzi uşaqlar peyvənddən kənarda qalır. Ekspertlər qeyd edir ki, ölkəmizdə peyvənddən imtinaya regionlarda deyil, daha çox paytaxt Bakıda rast gəlinir.
 
Bəs uşaqlara peyvənd lazımdırmı? Hansı hallarda peyvənd fəsad törədə bilər?
Həkim Vaqif Qarayev mövzu ilə əlaqədar “Yeni Müsavat”a danışıb: “Sovet dövründə immunizasiya profilaktik təbabətin strateji bir qolu idi. Uşaqlar yaşa bölünürdü və hər yaş hansı peyvəndin altına düşürdüsə, plan qoyulurdu və o planlar dolmalı idi. Sovet dövründə ”peyvənd zərərlidir" düşüncəsi yox idi. Valideynlərin peyvənddən yayınması az qala cinayət hesab edilirdi, hətta uşaqları valideynin əlindən almaq təhlükəsi yaranırdı. İndi deyirlər ki, peyvəndin keyfiyyəti yaxşı deyil. Sovet dövründə peyvənd üçün yalnız bir zavodun məhsulu istifadə edilirdi. Və bu gün də Rusiya eyni vaksindən istifadə edir".
 
Vaqif Qarayev peyvəndin vacib olduğunu vurğuladı:
“İndi bizdə də belə bir fikir formalaşır ki, əgər epidemiya təhlükəsi varsa, peyvənd olsun və burda məntiq var. Bir məsələni xüsusilə qeyd edim ki, bizdə 1990-cı illərin əvvəllərində baş verən miqrasiya zamanı difteriya tüğyan edirdi. Şəxsən mən difteriya xəstəliyini kitablardan oxumuşdumsa, müharibə zamanı özüm bunu gördüm. Həmin vaxt vəziyyət çox pis idi, ölüm hadisələri, ağırlaşma halları var idi. Bu baxımdan, peyvənd çox vacibdir. Sovet dövründə peyvəndin əks göstərişləri çox idi. Amma indi peyvənd çox sadələşdirilib. Peyvəndsiz uşaqlar xəstələnir. Bəzən valideynlər bildirirlər ki, ”uşağın immuniteti yaxşıdırsa, o xəstələnməyəcək". Amma gərək uşağın immunitetini gücləndirəsən ki, xəstəliklərə qarşı gələ bilsin".
 
“Peyvənd nə zaman olmaz” sualımıza həkim bu cür cavab verdi: “Bu mütləqdir ki, peyvənd yalnız sağlam uşağa vurulsun. Anadangəlmə mərkəzi sistem, orqanik, müalicəsi çox çətin olan xəstəlik varsa, onda peyvənd ya müvəqqəti, ya da daimi vurulmur. Əgər uşağın vəziyyəti düzələrsə, onda peyvənd edilir. Peyvəndin fəsadları bu ola bilər, uşağın hərarəti müvəqqəti qalxa bilər, uşaq oyaq və ya narahat ola bilər və yaxud iynə vurulan yerdə şişkinlik, qızartı da ola bilər, lakin zamanla bütün bunların hamısı keçərlidir. Əgər peyvənddən sonra uşaqda qıcolmalar yaranarsa, bu çox ciddi ağırlaşmadır. Amma bu o demək deyil ki, peyvənd bütün uşaqlarda qıcolmalara gətirə bilər. Sadəcə, bu, orqanizmin fərd olaraq peyvəndə verdiyi reaksiyasıdır. Ona görə də həkim ilk vaxtlarda uşaqlara diqqətlə yanaşmalıdır. Əhali niyə peyvənddən imtina edir? Çünki sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında peyvəndin əleyhinə məlumatlar yayılır, yazılır. Deyərdim ki, bunu pul qarşılığında edirlər. Təbabəti az qalıb biznes poliqonuna çevirsinlər”. /

Google+ WhatsApp ok.ru