Uşaqlarda məktəb qorxusu

Uşaqlarda məktəb qorxusu

 
Məlumdur ki, məktəblərdə ibtidai sinif şagirdləri 6-10 yaş arasında olan uşaqlardır. İbtidai təhsil məktəbdə uşaqların gələcək təhsillərinin formalaşmasında əsas baza rolunu oynayır. İbtidai təhsil zamanı hər bir valideynin, müəllimin, psixoloqun qarşısında duran əsas vəzifə bu prosesin uşağın psixi inkişafı üçün maksimum məhsuldar və təhlükəsiz həyata keçirilməsindən ibarətdir. Uşaqların bağçadan məktəbə keçməsilə onların sosial statusları dəyişir, onlar uçun yeni bir dövr başlayır, bağça ilə münasibətdə daha çox tələblərin və tapşırıqlarn olması onların əksər halda məktəbə adaptasiya olunmasında müəyyən çətinliklər yaradır.
Belə ki, əksər uşaqlarda bu prosesə adaptasiya olunan zaman müəyyən qorxular, fobiyalar, çaşqınlıqlar olur ki, bunların da vaxtında aşkarlanaraq aradan qaldırılması vacibdir.
Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan təkbaşına harasa getmək, hər hansı bir işi görmək istəmirlər. Uşağı məktəb qorxusuna görə tənbeh etmək, qorxunu qorxu ilə aradan qaldırmağa cəhd etmək, qorxunu tez-tez müzakirə etmək olmaz.
Məktəb qorxusu olan uşaqlar məktəbə getmək istəmirlər, aglayır, əsəbi davranışlı olur, onlarda qarın ağrısı, baş ağrısı, qusma və halsızlıq kimi əlamətlərə tez-tez rast gəlinir. Bu əlamətlər məktəbin başlanmasına az qalmış maksimum səviyyəyə qalxır. Uşaqlar məktəbə getməzdən əvvəl, onlar bu barədə məlumatlandırılmalı, məktəblə tanış olmalıdırlar.  
 
Məktəb qorxusu formasına və yaranma mənbələrinə görə aşağıdakı qayda da, qruplaşdırıla bilər.
 
1. Məktəbdə “dərs prosesi” zamanı yaranan qorxular -  tapşırığın qiymətləndirilməsi, gündəliklə bağlı müəllimin iradları, verilən tapşırıqların yerinə yetirilməməsi, səhv etmə qorxusu;
 
2. Məktəbdə qoyulan “rejim qorxusu” – məktəbə vaxtında çatmamaq, dərsə gecikmək, xəstələnib məktəbə getməmək, tətildən sonra ilk dərs günü, dərsin başlandığını və qurtardığını bildirən zəgin çalınması, sinifdə tək qalmaq qorxusu;
 
3. Məktəbdə mövcud  olan əşyalara qarşı qorxu – pilləkən, zirzəmi, həkim otağı, idman zalı, yeməkxana, direktorun otağı, stomatoloji kabinet və s.;
 
4. Dərs prosesi zamanı “səhv etmək” qorxusu – lövhənin qarşısında dayanmaq, müəllimin dərs izahını başa düşməmək, müəllimin irad bildirməsi, müəllim və valideyn tərəfindən danlanmaq, cəzalar, yeni müəllim;
 
5. Uşaqlarda “subyektiv” səbəblərdən yaranan qorxular, yəni uşağın ətrafında olan və birbaşa qorxu mənbəyi hesab olunan insanlar – müəllim, valideyn, direktor, həkim, böyük siniflərin uşaqları, xadimə, qarovulçu və s.
 
Bu problemlər vaxtında aşkarlanaraq aradan qaldılmalıdır, əks halda bu hallar ölüm qorxusunun yaranmasına səbəb olur. (dushunce.az) /

Google+ WhatsApp ok.ru