Uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir

Uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir

Oxu.az saytında «Bağçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir? – açıqlama» sərlövhəli yazı oxumaq olar.
 
Müəllif bildirir ki, Azərbaycandakı uşaq bağçalarında yer çatışmazlığı valideynlərin tez-tez üzləşdiyi problemlərdən biridir. Yazıda qeyd edildiyinə görə, buna səbəb kimi bağçaların az, uşaqların sayının çox olması göstərilir: «Bu hal Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur. Valideynlər iddia edir ki, paytaxt rayonlarında yerləşən bağçaların müdirləri onların uşaqlarını yerləşdirmək üçün 300 manat pul tələb edir».
 
Lakin Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) sayta bildirilib ki, qurumun tabeliyində olan uşaq bağçalarında pul alınması barədə heç bir fakt yoxdur. Qeyd olunub ki, BŞİH-in tabeliyində 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2 min 152 qrupda 40 min 634 uşaq təlim-tərbiyə alır: «346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb. Hazırda Qaradağ rayonundakı «Qobu Park» yaşayış massivində 12 qrup, 220 uşaq yeri olan və Yasamal rayonu Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş 12 qrup, 220 yeri olan məktəbəqədər təhsil müəssisələrinin BŞİH-in balansına verilməsi haqqında sənədləşmə işləri aparılır...».
 
Amma təhsil sahəsi üzrə ekspert Kamran Əsədov da deyib ki, dövlət bağçalarında uşaq qəbulu zamanı neqativ hallar müşahidə olunur: «Bağça direktorları valideynlərə qarşı əsassız tələblər irəli sürür, müəyyən vəsait tələb edirlər. Bu da, əlbəttə ki, yolverilməzdir».
 
K.Əsədov deyib ki, azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır: «Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir. Maddi-texniki baza, binalar bəs etmir ki, digər uşaqlar da bağçalara cəlb olunsun».
 
Ekspertə görə, bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl bağçaların şəbəkəsi genişləndirilməli və bağçalar standartlara uyğunlaşdırılmalıdır: «Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi fəaliyyət göstərmir...».
 

Google+ WhatsApp ok.ru