Ucuz ipoteka kreditlərinə əlvida

Mərkəzi Bankın uçot dərəcəsini 7 faizə qaldırması 8 faizlə kredit almağı mümkünsuz edir

 
Azərbaycan Mərkəzi Bankının uçot dərəcələrini 3 faizdən 7 faizədək artırması ipoteka kreditləşməsini də bahalaşdıra bilər. Bu isə gənc ailələrinin mənzillə təminatında yeni problemlərə yol açması deməkdir.  İpoteka kreditlərinin bahalaşmaması üçün hökumət hansı addımları atmalıdır?
 
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, əsas çətinlik İpoteka Fondunun üzərinə düşür: "Uçot dərəcəsinin əvvəl 3 faizdən 5 faizə, indi isə 5 faizdən 7 faizə qaldırılması İpoteka Fonduna ipoteka kreditləşdirilməsi sahəsində atmalı olduğu addımlarını daha da çətinləşdirib.
İpoteka Fondunun əvvəl 2 maliyyə mənbəyi var idi: dövlət büdcəsindən ayırmalar və istiqrazların yerləşdirilməsindən əldə edilən borc vəsaitləri. Büdcə ayırmaları birbaşa olaraq sosial ipotekaya yönəldilirdi. Adi ipoteka kreditlərinin mənbəsi isə, əsasən, borc istiqrazlarının yerləşdirilməsindən əldə edilirdi. Əvvəllər İpoteka Fondu istiqrazları orta hesabla 3 faizdən yerləşdirirdi. Aşağı uçot dərəcəsi şəraitində Fond buna nail ola bilirdi, halbuki, həmin istiqrazlar heç vaxt cəlbedici olmayıb".
 
Ekspert əlavə edir ki, uçot dərəcəsinin 7 faizə qaldırılmasından sonra banklar artıq bu istiqrazlara, ümumiyyətlə maraq göstərməyəcəklər: "İstiqrazlar üzrə faiz dərəcəsinin 4 faiz, hətta 5 faizə qədər artırılması isə yenə heçnə verməyəcək. İpoteka Fondu neçə faiz almalıdır ki, kreditləri verəndə həm xərclərini bağlasın, həm də banklara nəsə verə bilsin. Belə olan halda adi ipoteka kreditlərinin nəinki 8 faizdən aşağı salınması, hətta həmin faizlə verilməsi də sual altına düşür. Hər halda artıq aydındır ki, hazırkı bazar reallıqlarında istiqrazların aşağı faizlə yerləşdirilməsi artıq problemdir".
 
R.Əliyev qeyd edir ki, bazarda Fondun istiqrazlarından daha etibarlı və daha yüksək gəlirliliyə malik olan Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların olduğunu nəzərə almaq lazımdır: "Belə şəraitdə İpoteka Fondunun fəaliyyətinin təmin edilməsi üçün 2 yol qalır. Birinci yol dövlət büdcəsindən ayırmaların artırılmasıdır ki, bu da büdcənin hazırkı durumunda mümkün olmadığı ilə yanaşı, doğru addım olmazdı. Büdcənin daha vacib problemləri var. İkinci yol isə həmin istiqrazların birbaşa olaraq aşağı faizlə Mərkəzi Bank tərəfindən əldə edilməsidir. Bu isə əlavə pul emissiyasına bərabər olan addımdır".bizimyol/
 

Google+ WhatsApp ok.ru