Ucuzlaşmayan yarmarkalar

Ucuzlaşmayan yarmarkalar

-- Əgər ölkədə rəsmi inflyasiya 14 faizdirsə, 18 faizlik ümumi ərzaq inflyasiyası varsa...

"Yeni Müsavat" qəzetində "Kənd təsərrüfatı yarmarkaları marketlərə qarşı, qiymət fərqi niyə cüzidir..." sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Müəllif qiymət baxmından bütün alıcı təbəqələrinin əlçatanlığı üçün yarmarkaların təşkil edilməsi, amma qiymətlərin bazar və marketlərlə müqayisədə o qədər də fərqli olmaması səbəblərini ekspert Natiq Cəfərli ilə müzakirəyə çıxarır.
 
Müəllif deyir ki, yarmarkanın məqsədi fermerlərə məhsullarını birbaşa bazara çıxartmaq, daha çox qazanmaq, bazarlarda ucuzluq yaratmaq imkanıdır: "Lakin görünən odur ki, qiymətlər arasında demək olar, ciddi fərq yoxdur. Bakıda təşkil olunan bir neçə yarmarkanı dolaşsanız da müxtəlif məhsulların demək olar ki, hər yerdə eyni qiymətə satıldığının şahidi ola bilərsiniz".
 
İqtisadçı ekspert Natiq Cəfərli qiymət məsələsinin bazarda tələb və təkliflə əlaqəli olduğunu deyir: "İndi, Yeni il öncəsi tələbin artması ehtimalı yüksəkdir, məhsullarını yarmarkalara çıxaran fermerlər də gözləntilərə uyğun qiymət formalaşdırırlar. Çünki hər zaman Azərbaycanda bayram öncəsi qiymət artımı müşahidə olunur. İstər kənd təsərrüfatı məhsulları, istərsə də sənaye istehsalı olan ərzaq məhsulları bahalaşır. Ona görə də bu gözləntilər fonunda qiymətlər artır və fermerlər də onu aşağı salmaq istəmirlər".
 
Ekspert qiymət artımına daha bir bir səbəb kimi fermerlərin xərclərinin artmasını göstərir: "Odur ki, həmin xərcləri qarşılamaq üçün qiyməti artırmaq məcburiyyətindədirlər. Əgər ölkədə rəsmi inflyasiya 14 faizdirsə, 18 faizlik ümumi ərzaq inflyasiyası varsa, fermer də satdığı məhsulla əldə etdiyi pulu marketlərdə alış-veriş edib ailəsini dolandırmalıdır".
 
N.Cəfərliyə görə, qiymətlərin ümumi artım fonunda fermer aşağı qiymətlərlə məhsulunu bazara çıxartmaqda maraqlı deyil və buna görə də yarmarkalarda qiymətlərin heç də ciddi fərqlənmədiyinin şahidi oluruq".
 
İqtisadçı qiymət artımına digər bir səbəb kimi fermerlərin birbaşa bazarlara çıxmaq imkanları zəif olduğu üçün yarmarkalara məhsulların bir neçə alverçi tərəfindən gətirildiyini göstərir.
 
Ekspert hesab edir ki, fermerlərin birbaşa bazarlara daha asan və daha tez çıxış imkanlarını icra qurumları təmin etməli və fermerlər özləri də bunda maraqlı olmalıdır.
 
N.Cəfərliyə görə, bahalığa daha bir səbəb isə "bazar alverçiləri" adlı qrupdur, onlar fermerlərdən məhsulu elə qapıdaca alır və gətirib bazarda daha baha qiymətə satırlar.(contact.az)
 

Google+ WhatsApp ok.ru