UEFA Çempionlar Liqası: “Arsenal” möcüzəyə nail olacaqmı?

UEFA Çempionlar Liqası: “Arsenal” möcüzəyə nail olacaqmı?

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.
 
Qitənin ən mötəbər klub turnirinin 1/8 final mərhələsində Londonun “Arsenal” komandası Münhenin “Bavariya” klubunu qəbul edəcək. Digər oyunda isə “Real Madrid” komandası Neapolda “Napoli” klubunun qonağı olacaq.
 
Münhendə keçirilən ilk oyunda “Bavariya”ya 1:5 hesabı ilə məğlub olan “Arsenal”ın 1/4 finala vəsiqə qazanması əsl möcüzə ola bilər. London təmsilçisinin baş məşqçisi Arsen Venger növbəti mərhələyə yüksəlməyin ancaq şans sayəsində reallaşa biləcəyini vurğulayaraq deyib: “Bizim hazırkı vəziyyətdə yeganə üstünlüyümüz heç bir şansımızın olmamasıdır. Buna görə də biz hücum etməli və qol vurmağa çalışmalıyıq. Biz Avropada həmişə ən yaxşı klublardan hesab edilən “Bavariya” ilə dörd dəfə qarşılaşmışıq və o, olduqca güclü rəqibdir. Biz hücumlarla özümüzə şans yaratmağa çalışacağıq. Söhbət bizim idman şərəfimizdən gedir və buna görə də 90 dəqiqə ərzində əlimizdən gələni etməliyik”.
 
Madriddə “Napoli”ni 3:1 hesabı ilə məğlub edən “Real” da Napoliya yüksək əhval-ruhiyyədə gəlib. “Biz həmişə olduğu kimi, oyunda qələbə qazanmağa çalışacağıq. Bilirəm ki, oyunda çətinlik çəkəcəyik, ancaq buna hazırıq. Madriddəki qarşılaşmada ilk qolu “Napoli”nin vurmasına baxmayaraq, çox gözəl oynadıq. Bizim onların qoluna reaksiyamız möhtəşəm oldu. UEFA Çempionlar Liqasında həmişə inanılmaz ab-hava olur və bizim bu oyuna motivasiyamız xeyli yüksəkdir. Düşünürəm ki, biz çox gözəl oyun nümayiş etdirəcəyik”, - deyə klubun baş məşqçisi Zinəddin Zidan müsahibəsində qeyd edib.
 
Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
 
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində digər cavab oyunları isə martın 8-də, 14-də və 15-də keçiriləcək. (azərtac) /
 
 
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
 
23:45 “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
İlk oyun – 1:5
 
23:45 “Napoli” (İtaliya) – “Real Madrid” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
İlk oyun – 1:3
 
 
 
 

Google+ WhatsApp ok.ru