Ukraynada Ali Radaya seçkilər baş tutdu

Separatçıların və Rusiyanın təxribatlarına baxmayaraq ölkədə yeni parlamentin formalaşması reallaşa bilib; prezident Poroşenkonun bloku qalibdir...
Oktyabrın 26-da Ukrayna Ali Radasına seçkilər baş tutub. Bu haqda Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir. Qurum bildirir ki, günorta saatlarına qədər seçki hüququ olanların 58 faizi səs verib. Seçki ölkə konstitusiyasına uyğun olaraq həm majoritar, həm proporsional sistem üzrə keçirilib. Seçici fəallığı mərkəzi və qərb bölgələrində müşahidə olunub. 
İlkin açıqlamalara görə, qalib gözlənildiyi kimi prezident Poroşenkonun seçki blokudur. Separatçıların nəzarət etdiyi ərazilərdə isə seçki böyük çətinliklərlə keçib. Bir neçə məntəqədə hökumət qüvvələri ilə separatçıların təlimatı ilə qarışıqlıq salmaq istəyən təxribatçılar arasında gərginlik yaşanıb. Bəzi ərazilərdə isə separatçılar seçki prosesini pozmaq, seçkinin nəticələrini şübhə altına almaq üçün “karusel” keçirmək istəyiblər. Çerkaskda iki “karusel” cəhdinin qarşısı alınıb. Polislər 27 nəfəri ikinci məntəqədə səs verməyə gətirən avtobusu saxlayıb. Saxlanan şəxslər haqqında Ukrayna Cinayət Məcəlləsinin mütəşəkkil cinayətkarlıq  maddəsi üzrə cinayət işi açılıb. 
Mariupol Seçki Dairəsindən verilən xəbərlərə görə, günorta saatlarına qədər 335 minə yaxın seçicidən 49 mini səsverməyə gəlib. Yada salaq ki, 25 may prezident seçkilərində Mariupol seçicilərinin cəmi 15 faizi səs vermişdi. Donetsk və Luqanskda gedən döyüşlər seçki prosesini əngəlləyib. Bu ərazilərdə daimi qeydiyyatda olan və savaşa görə yaşayış yerlərini tərk edən Ukrayna vətəndaşları səsvermə hüququndan digər şəhərlərdə istifadə ediblər. Mərkəzi Seçki Komissiyası köçkünlərin səsvermə hüququnu təmin etmək üçün hər dairədə xüsusi komissiyalar yaradıb.
Seçki günü Ukrayna polisi də gücləndirilmiş iş rejimində çalışıb. Ölkənin bütün seçki məntəqələrinin mühafizəsi gücləndirilib. Separatçılarla münaqişə davam edən bölgələrdə bir neçə dəfə polisə məntəqələrə partlayıcı qurğu qoyulması haqqında informasiya daxil olub. Polisin operativ müdaxiləsi ilə verilən xəbərlərin əsassız olduğu ortaya çıxıb. Daxili İşlər Nazirinin müavini Sergey Yaravoy Kiyevdə keçirdiyi brifinqdə deyib ki, məqsəd yalnız seçki prosesini pozmaq olub: “Bir neçə məntəqədə oxşar durum yaranıb. Kremlin təlimatı ilə hərəkət edən separatçılar Ali Radaya seçkiləri pozmaq üçün uğursuz cəhdlər edib. Bütün cəhdlərin qarşısı alınıb, dövlət əhəmiyyətli tədbiri pozmaq istəyən şəxslər saxlanılıb”.
Luqanskdakı 420 seçki məntəqəsində də seçki günü həyəcanlı keçib. Ötən gecə Rusiya qoşunları bir neçə seçki məntəqəsini atəşə tutub. Bəzi məntəqələr isə seçki günü atəş altında saxlanıb. Bu səbəbdən Luqanskdakı 11 seçki dairəsindən yalnız 5-də seçki keçirmək mümkün olub. Digər ərazilər isə “Luqans Xalq Respublikası”nın nəzarətində olduğu üçün seçki baş tutmayıb.
Ukraynadan kənarda olan ölkə vətəndaşları da seçki prosesində iştirak edib. Unian.net xarici işlər nazirinin müavini Andrey Olefirova istinadən bildirir ki, Ukraynanın xarici ölkələrdəki bütün böyükelçilik və konsulluqlarında vətəndaşların səsvermə hüquqlarından yararlanmaları üçün imkan yaradılıb: “Xaricdə səsvermə oktyabrın 25-dən başlayıb. Təkcə Moskvada 200 vətəndaş səs verib. Xaricdə keçirilən səsvermə prosesini beynəlxalq müşahidəçilər də izləyib. İndiyə qədər heç bir qanun pozuntusu qeydə alınmayıb. Saat fərqinə görə səsvermə ən son ABŞ-da və Kanadada başa çatacaq”.
Seçki günü ATƏT-in Ukraynanın şərqindəki müşahidə missiyası Rusiyadan Ukrayna ərazisinə hərbi texnika və canlı qüvvə gətirilməsini müşahidə edib. Unian. net yazır ki, ATƏT faktı Rusiyanın Minsk Sazişinin şərtlərini pozması kimi qeydə alıb. 
Ukrayna parlament seçkilərini “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyir ki, Ukraynanın işlək parlamentə ehtiyacı var: “Bu elə bir parlament olmalıdır ki, ölkə qarşısında çoxsaylı problemlərin həllində sipər yox, dəstəkçi bir qurum olmalıdır. Buna qədərki Ukrayna parlamentlərinin tərkibi uğur qazanmağa imkan vermirdi, iclaslar boks rinqlərinə bənzəyirdi. Əlbəttə, parlamentlərdə güclü müxalifətin varlığı demokratiyanın əsas əlamətidir. Ancaq Ukrayna bu gün elə vəziyyətdədir ki, müxalifətin hakimiyyətlə dialoq şəklində işləməsi vacibdir. Prezident Pyotr Poroşenko problemlərin həllinə girişib və ona kömək lazımdır. O təkbaşına Rusiyanın müqavimətini, enerji məsələsini, korrupsiyanı, büdcə kəsirini həll edəsi deyil. Bu məsələlərin həllində Poroşenkonun parlamentin dəstəyinə ehtiyacı var. Onlarla yeni qanuna və həmin qanunların işləməsinə ehtiyac var. Bunu Ukrayna ictimaiyyəti də anlayır”. 
Ekspertin fikrincə, yeni Ali Radada Poroşenko tərəfdarlarının sayı çox olsa, prezident də ən azı Rusiya işğalı bitənə qədər Ali Radada milli məsələlərin müzakirəsi zamanı monolitliyə nail olmalıdır: “Poroşenkonun problemlərin həlli limiti azdır, onu vaxt sıxır. Onun bloku parlamentdə çoxluq təşkil etsə də, əgər prezident yaxın aylarda siyasi və iqtisadi islahatlarda uğur qazanmasa, həm reytinqi azala, həm də bloku dağılmaq vəziyyətinə gəlib çıxa bilər. Ukraynada siyasətçilərin partiya və bloklarını dəyişməsi adət hal alıb. Bu gün güclü olan partiya və ya blok sabahın zəifinə çevrilə bilər. Necə ki, Viktor Yuşşenko birinci Maydan hərəkatının nəticəsi olaraq prezident seçildi, parlamentdə çoxluğa malik oldu, daha sonra isə uğuRsuzluq zolağı ona acı məğlubiyyət gətirdi. Poroşenkonun Yuşşenkonun acı taleyini yaşamaması üçün həm güclü komanda, həm də onunla həmahəng olan hökumət formalaşdırması zəruridir. Ukraynanın texniki baş nazirə ehtiyacı var. Yəni həmin baş nazir siyasi reytinqi və rəhbəri olduğu partiya və blok haqqında deyil, yalnız islahatların uğuru haqqında düşünməlidir. Bu isə o deməkdir ki, lazım gəldikdə qeyri-populyar addımlara hazır olmalıdır. Poroşenkonun məhz belə bir baş nazirə ehtiyacı var”.
Məsələni Ukrayna uğrunda Qərb-Rusiya çəkişməsi konteksintə şərh edən Şahinoğluya görə, Kreml bu məsələdə öz prinsiplərini daha ardıcıl müdafiə edir: “Rusiya Poroşenkoya uğur qazanmağa imkan verməməyə çalışacaq. Moskva Poroşenkoya daim əlavə problemlər yaradacaq. Necə ki, vaxtilə Yuliya Timoşenkonun əli ilə Yuşşenkonun hakimiyyətini zəiflətdirmişdi. Poroşenkonun Rusiyaya müqavimət göstərməsi və islahatları sürətləndirməsi üçün ABŞ-la Avropa Birliyinin də dəstəyinə ehtiyacı var. Təəssüf ki, sözdə hamısı Poroşenkonu dəstəkləyir, ancaq Ukraynaya real maliyyə yardımı ayırmaqda xəsislik edirlər. Maliyyə dəstəyi olmadan isə Poroşenko uğur qazana bilməyəcək”.musavat/

Google+ WhatsApp ok.ru