Ukraynanın şərqində ölənlərin sayı 13 minə çatıb

Ukraynanın şərqində ölənlərin sayı 13 minə çatıb

2014-cü ilin aprelindən Ukraynanın şərqində münaqişə başlanandan 13 min nəfər öldürülüb, 30 minədək adam yaralanıb. Öldürülənlərin 25 faizi dinc sakinlərdir. Məlumatı BMT açıqlayıb.
 
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının fevralın 25-də yaydığı sənədə görə, ölənlərin 3 min 300-dən çoxu dinc sakinlərdir.
 
Artıq Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında münaqişə altıncı ilə yaxınlaşır. Qərbin vasitəçiliyi ilə atəşkəs razılaşmalarına tam əldə olunmayıb.
 
DİNC SAKİNLƏR ARASINDA ÖLÜM AZALIR
 
Bəyanatda deyilir ki, 2014-cü ilin aprelindən 2019-cu ilin yanvarınadək Ukraynanın şərqindəki münaqişədən 40 min- 43 min nəfər ziyan görüb, onların 12 min 800- 13 min nəfəri öldürülüb.
 
Dinc sakinlər arasında ölüm statistikasına 2014-cü ilin iyulunda Ukrayna səmasında vurulmuş Malayziya təyyarəsinin 298 sərnişini və heyət üzvü də daxildir.
 
Niderlandın başçılıq etdiyi təhqiqat təyyarənin Rusiya sistemindən çıxan Buk raketilə vurulması qənaətinə gəlib. Həmin sistemin Ukraynada separatçıların nəzarətində olan əraziyə Rusiyadan gətirildiyi, daha sonra Rusiyaya qaytarıldığı bildirilib.
 
Münaqişədə ölənlərin 4 mini ukraynalı hərbçilər, 5 min 500-ü isə “silahlı qruplaşma” üzvləridir.
 
Ümumilikdə isə ölənlərin içində dinc sakinlərin payı azalıb. 2014-cü ildə ölənlərin 33-34, ötən il 10-11 faizi dinc sakinlər olub.
 
Rusiya Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk regionlarında separatçılara hərbi, iqtisadi və siyasi dəstək verir.
 
Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında Ukraynanın şərqindəki müharibənin “Ukrayna və Rusiya Federasiyası arasında beynəlxalq silahlı münaqişə” olması barədə qərar çıxarıb. /azadliq.org/
 

Google+ WhatsApp ok.ru