UNUDULACAQ İNSANLAR

UNUDULACAQ İNSANLAR

-- Elə güman edirsiniz ki...

Qurani-Kərimin “Muminun” surəsinin 115-ci ayəsində qiyamət gününü unudanlara işarə ilə buyurulur:

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

“Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və siz hüzurumuza qayıtmayacaqsınız?!”

“Casiyə” surəsinin 34-cü ayəsində də belə oxuyuruq:

وَقِيلَ الْيَوْمَ نَنسَاكُمْ كَمَا نَسِيتُمْ لِقَاء يَوْمِكُمْ هَذَا وَمَأْوَاكُمْ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ

“(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!”

Bu o demək deyil ki, bəzi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi nemətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. “Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq:

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى. قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنتُ بَصِيرًا. قَالَ كَذَلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَلِكَ الْيَوْمَ تُنسَى

“Hər kəs Məni yad etməkdən üz döndərsə, həqiqətən, yaşayışı çətin olar və qiyamət günü onu kor məhşur edərik. O deyər: “Pərvərdigara, məni nə üçün kor məhşur etdin, axı mən görürdüm.” Ona buyurular: “Sənə ayələrimiz gəldikdə, onları unutduğun kimi sən də unudulursan.””

Ayədə həqiqəti anladıqları halda üz döndərənlər nəzərdə tutulur. Quran belə insanlara sıxıntılı həyat vəd edir. “Rəd” surəsinin 28-ci ayəsində buyurulur:

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“...Agah ol ki, qəlblər yalnız Allahı zikr etməklə aram olur.”

Allahı yaddan çıxaranlar ruhi sakitlikdən məhrum olur, daim iztirab çəkir. Axirətdə isə çətinliklər lap dözülməz olur. Dünya həyatında ilahi həqiqətləri görməzliyə vuranlar axirət həyatına kor vəziyyətdə gətirilir.

Bəli, insan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır. Səadət və kamala çatmaq istəyən insan öz Yaradanına qarşı etinasız olmur. Allahı unudan isə özünü unudur. O, özünün yaradılış sirrini və səadətə aparacaq doğru yolu unutmaqla cəhənnəmə üz tutur!

(Maide.Az)

 

 

Google+ WhatsApp ok.ru