Ruhən məsx olmuş insan

Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günah etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayələri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkaredilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qisim insanlar barəsində belə buyurub: «...Onlar heyvan kimidirlər, hətta, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!» («Əraf», 179).

Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil həqiqətlər görünən ruhlar aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bəzən məsx olmuş insan mərhələsinə çatır. Biz belə şeyləri az eşidirik və bəlkə də bəziləri, bunların məcazi məna daşıdığını fikirləşirlər. Amma bütün bunlar həqiqətdir.

Bir nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim cavabımda dedi: «Fəryad nalə edən çox, hacı isə qədər azdır!»

Ravi deyir ki, imamın mənə nə etdiyi və mənə necə bəsirət verdiyini bilmirəm, amma mənə «indi bax» deyəndə gördüm ki, səhra heyvanla doludur. Ora əsl heyvanlar aləmidir. Onların arasında təkcə bir qrup insan hərəkət edir. İmam mənə dedi ki, gördün? Məsələnin batini bu cürdür. Məna və batin əhli üçün bu məsələ gün kimi aydın bir məsələdir. Amma, indi bizim bəzilərimizin, dırnaqarası mütərəqqi zehni bunu qəbul etmək istəmirsə səhv edir. Keçmişdəki kimi, bizim yaşadığımız indiki zamanda da insanların həqiqətlərini görərək dərk edən şəxslər vardır.

Heyvan kimi yemək, yatmaq və cinsi əlaqədə olmaqdan başqa heç bir şey fikirləşməyən insanın ruhu dördayaqlı heyvan ruhudur. Belə bir insanın batini, fitrət və təbiəti məsx olub. Belə ki, o, insani xislətlər və insanlıqdan tamamilə uzaqlaşıb və əvəzində özü üçün vəhşi və heyvan xasiyyəti və xislətləri əldə edib.

Mübarək «Nəbə» surəsində belə oxuyuruq: «Sur çalınacağı gün [qəbrlərinizdən çıxıb] dəstə-dəstə məhşərə gələcəksiniz. O gün göy qapı-qapı açılacaqdır [mələklərin yerə enməsi üçün göydə yarıqlar açılacaqdır]. Dağlar yerindən qopardılıb [havada toz kimi uçaraq] ilğıma dönəcəkdir.» («Nəbə», 18-20).

Peyğəmbər və imamlar dəfələrlə buyurublar ki, insanların yalnız bir qrupu məhşərə insan surətində gələcəklər. Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, digər bir qrup ilan, başqa bir qrup isə pələng surətində məhşərə gələcəklər. Nə üçün? Allah-Taala heç bir səbəb olmadan insanı həmin surət və şəkillərə salarmı? Dünyada sancmaqdan başqa bir işi olmayan və yeganə ləzzəti digərlərinə əziyyət etmək olan şəxs məhşərə özünün həqiqi surəti, yəni əqrəb şəklində gələcəkdir. Dünyada meymun sifətlikdən başqa bir işi olmayan şəxs mütləq qiyamət günü məhşərə meymun kimi gələcək və həmçinin dünyada it kimi başqalarını tutan şəxs də it kimi gələcəkdir. Hədisdə də deyilir ki, «insanlar Qiyamət günü məhşərə niyyət, məqsəd istəklərinə uyğun, həqiqi xislət sifətləri ilə gətiriləcəklər.»

Siz bu dünyada necəsiniz? Nə olmaq istəyirsiniz? Nə istəyirsiniz? Sizin istəkləriniz insan istəyidir yoxsa yırtıcı heyvan istəkləri? Bəlkə istəkləriniz gövşəyən heyvan istəkləridir? İstəkləriniz nə olsa siz həmin şeysiniz. Qiyamətdə də burada olduğunuz kimi məhşərə gətiriləcəksiniz. Buna görə də bizə Allaha pərəstişdən başqa bütün pərəstişləri qadağan ediblər. Çünki nəyə pərəstiş etsək, həmin şey oluruq. Pulpərəst olsaq pul bizim mahiyyət və vücudumuzun bir hissəsi olacaq. Bu pul Qiyamətdəki həmin əridilmiş filizdir. Quran, bu filizin pərəstişindən başqa bir işləri olmayan mövcudlara belə deyir: «...Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün [Qiyamət günü] yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə kürəklərinə dağ basılacaq [onlara]: «Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın [əzabını, acısını] dadın!» deyiləcəkdir!» («Tövbə», 34-35).

O, axirət dünyasında həmin pullarla yandırılacaqdır və onlar həmin şəxsin Cəhənnəm alovudur. Bu, insanı məsx edən şeylərdən biridir. («Kamil insan», Ayətullah Şəhid Mürtəza Mütəhhəri, səh.16-19.)

Maide.az