250 yaşlı insan - 12

Yeddinci fəsil: Zeynəbi-Kübranın və Kərbəla elçilərinin hərəkəti

Zeynəbi-Kübra qəhrəmanlığı

Zeynəbi-Kübra böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbutalibin (ə) qızı, yaxud Hüseynin (ə) və Həsənin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra kimi birisi hanı?! Zeynəbi-Kübranın dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan möhtəşəm insani və dini mövqeyinə, hərəkətinə görədir. Onun işi, qərarı və hərəkət tərzi onu belə böyütdü. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, böyüyər. Bu böyüklüyün əsas səbəbi odur ki, əvvəla, mövqeyi tanıdı; həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarını, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələr mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun seçim etdi. Və bu seçimlər Zeynəbi yetişdirdi.

Kərbəlaya doğru hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının elm, şücaət və ağalıq iddiasında olan bəzi məşhur şəxsiyyətləri çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Zeynəbi-Kübra isə çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. O bu işin çətinliyini anlayır, digərlərindən daha yaxşı hiss edirdi. O bir qadın idi – üzərinə düşən vəzifədən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu. Ən güclü insanların nə etməli olduqlarını dərk etmədikləri gərgin saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın isə o zaman bir nur olub parladı. Zeynəb elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərdilər.

Zeynəb olmasaydı, Kərbəla hadisəsi tarixi Kərbəla ola bilməzdi; Zeynəb olmasaydı, Aşura unudulmaz tarixi hadisəyə çevrilməzdi. Bu hadisənin əvvəlindən sonuna qədər Əli (ə) qızının rolu elə əhəmiyyətli və böyükdür ki, insan onun qadın və Əli (ə) qızı formasında ikinci bir Hüseyn olduğunu düşünür. Həm də Zeynəb olmasaydı, Aşuradan sonra nə baş verərdi? Bəlkə İmam Səccad (ə) da öldürülərdi və İmam Hüseynin (ə) sözü heç kimə çatmazdı. İmam Hüseynin (ə) şəhadətindən öncə Zeynəb sadiq bir dost kimi idi, imam onunla birgə olanda yalqızlıq və yorğunluq hiss etmirdi. İnsan Zeynəbin simasında, söz və hərəkətlərində belə bir rol müşahidə edir.

Zeynəb iki dəfə iztirab keçirdi və bunu İmam Hüseynə (ə) dedi. Bir dəfə dayandıqları mənzillərin birində cənab Müslimin şəhadət xəbərindən sonra İmam Hüseyn (ə) bəzi sözlər dedi və müxtəlif xəbərlər verdi. Həzrət Zeynəb hər halda həssas və zərif hisslərə malik bir qadındır. Peyğəmbər (s) ailəsi möhkəm, qüdrətli, şücaətli və dözümlü olması ilə yanaşı, həm də insani zərifliyin və mərhəmətin timsalıdır. Mən İmam Hüseyndən (ə) misal vurum. Bir dünya müxalif, bir səhra ac canavar qarşısında yalqız müqavimət göstərən və qorxmayan bu insan bəzi xırda məsələlər qarşısında çox təsirlənir. Misal üçün, həbəşəli qara qul torpaq üzərinə düşəndə imam onun başı üzərinə gəldi. Bəli, Əhli-beyti sevən qara bir quldur. O dövrün ictimai vəziyyətinə və mədəniyyətinə görə, Əbuzərin qulu olan Conun bəlkə də müsəlmanlar arasında çox da hörməti və dəyərli yeri yox idi. Kərbəlada çoxları öldürüldülər; Kufə zadəganları, Həbib ibn Məzahir, Züheyr ibn Qeyn kimi böyük və tanınmış şəxsiyyətlər İmam Hüseynin (ə) kənarında şəhid oldular, torpağa düşdülər, amma həzrət bu qulun şəhadətində olduğu kimi reaksiya vermədi. Müslim ibn Övsəcəyə müraciətlə buyurdu ki, inşallah Allahdan əcr alarsan. Amma heç kimi, ailə və övladı olmayan bu qara qul öldürüləndə Hüseyn ibn Əli (ə) Əli Əkbərin şəhadəti zamanı gördüyü işi gördü. Qulun başı üzərində oturdu, onun qanlı başını dizi üzərinə qoydu, amma ürəyi sakitləşmədi. Bir də gördülər İmam Hüseyn (ə) əyilib üzünü bu qara qulun üzünə qoydu. Belə güclü insani hisslər! Bu baxımdan, Zeynəb güclü emosiyalara malik olan adi bir qadın yox, həm də İmam Hüseynin (ə) bacısı və ona eşq bəsləyən bir şəxsdir. O, həyat yoldaşını və ailəsini tərk edib İmam Hüseynlə (ə) gəldi; həm də yalqız gəlmədi, oğulları Övn və Məhəmmədi də gətirdi. Mən ehtimal verirəm ki, Abdullah ibn Cəfər oğullarının gəlməsinə razı deyildi. Abdullahın razı olmasına əmin deyiləm, amma Zeynəb onları gətirdi ki, öz yanında və Allah yolunda fədakarlıq lazım olsa, şəhid olsunlar. İndi yoldakı mənzillərin birində təhlükə hiss edib İmam Hüseynə (ə) dedi ki, qardaş, mən təhlükə hiss edirəm. Bilir ki, şəhadət və əsirlik ehtimalı var, amma eyni zamanda hadisələrin həyəcanı onu o qədər sıxır ki, İmam Hüseynə (ə) müraciət edir. Burada İmam Hüseyn (ə) ona çox söz demədi, buyurdu ki, bir şey deyil, Allahın istədiyi olacaq. Bu məzmunda bir söz dedi.[1]  Bundan sonra Aşura gecəsinə qədər biz Zeynəbi-Kübranın İmam Hüseynə (ə) bir söz dediyini, nə isə soruşduğunu, yaxud qəlbində keçirdiyi sıxıntını İmam Hüseynə (ə) bildirdiyini görmürük.

Aşura axşamı Zeynəbi-Kübranın qəm-qüssə zamanıdır. O zaman xəstə olan İmam Səccad (ə) deyir ki, mən çadırda uzanmışdım. Bibim Zeynəb yanımda oturub mənə qulluq edirdi. Yanaşı çadırda da atam Hüseyn (ə) oturmuşdu və Əbuzərin qulu Con onun xəncərini təmir edirdi. Onlar özlərini sabahkı döyüşə hazırlayırdılar. Deyir ki, birdən atam bəzi şeirlər zümzümə etməyə başladı. Şeirlərin məzmunu belə idi ki, dünya üz çevirib, ömür vəfa etməyəcək və ölüm yaxındır.[2]

Tezliklə dünyadan köçəcəyinə əmin olan adam belə şeirlər oxuyur. İmam Səccad (ə) deyir ki, mən bu şeiri eşidib mesajı aldım; başa düşdüm ki, İmam Hüseyn (ə) öz ölüm xəbərini verir, amma özümü saxladım. Birdən baxıb gördüm ki, bibim Zeynəb çox narahatdır. O qalxıb qardaşının çadırına getdi, dedi ki, qardaş, biz indiyədək sənə arxayın idik, sənsə ölüm xəbərini verirsən! Atamız dünyadan köçəndən dedik ki, qardaşlarımız var. Qardaşım Həsən (ə) şəhadətə qovuşanda dedim ki, qardaşım Hüseyn (ə) var. İllərlə sənə güvənmişəm, amma bu gün görürəm ki, özünün ölüm xəbərini verirsən.

Təbii ki, Zeynəbi-Kübranın narahat olmağa haqqı vardı. Mən güman edirəm ki, o zaman Zeynəb üçün yaranmış vəziyyət müstəsna bir vəziyyət idi. Qadınların heç birinin, hətta İmam Səccadın (ə) vəziyyətini də Zeynəbin vəziyyəti ilə müqayisə edə bilmərik. Zeynəbin vəziyyəti olduqca ağır və dözülməz idi. Bütün kişilər Aşura günü şəhid oldular. Aşura günü axşamüstü bütün düşərgədə yataqda xəstə yatan, bəlkə də huşsuz halda olan İmam Səccaddan (ə) başqa bir kişi də yox idi. Görün bir sürü düşmənin mühasirəsində qalan 80-84 qadın və uşağın nə qədər problemi olar; bəziləri susuzdur, bəziləri ac; əslində demək olar ki, hamı susuz və acdır, hamı qorxur. Şəhidlərin hamısının cəsədləri yerə səpələnib; kimisi bunların qardaşıdır, kimisi övladı. Hər halda, çox acı və dəhşətli bir səhnədir. Bir nəfər bu insanları idarə etməlidir. Və həmin bir nəfər Zeynəbdir.

Zeynəb yalnız qardaşını, iki övladını, digər qardaşlarını, çoxlu əzizini, 18 Bəni-Haşim gəncini və vəfalı səhabələri əldən verən bir şəxs deyildi. Bundan əlavə, əhəmiyyəti bundan az olmayan bir məsələ də bu idi ki, məğlub olmuş, səpələnmiş bu düşərgənin bu qədər düşmən arasında idarəsi və mühafizəsindən ibarət ağır məsuliyyət onun üzərinə düşürdü. Hətta İmam Səccadı (ə) da o idarə etməli idi. Hadisədən sonrakı bir neçə saatda, hərəkət edib gedənə, düşmənlərin bunlarla nə edəcəyi bəlli olana qədər, qaranlıq, zülmət və ağır bir gecənin də daxil olduğu bu bir neçə saatda Zeynəbi-Kübranın nə çəkdiyini bir Allah bilir. Zeynəb bu bir neçə saatda daim çalışır, kiçik uşaqların, qadınların, müsibət görmüş anaların, qardaşını itirmiş bacıların yanına qaçır, daim insanlar arasında hərəkət edir, onları bir yerə toplayır, onlara ürək-dirək verir. Birdən Zeynəbin taqəti tükənir, şəhid qardaşına üz tutur, onunla danışır. Onun yeganə dayağı o idi. Rəvayətdə deyilir ki, Zeynəbi-Kübra qardaşının parça-parça edilmiş cəsədi yanında dayanıb ürəkdən fəryad qopardı: "Ey Məhəmməd! Göyün mələklərinin salamı olsun sənə! Qanına bələşmiş bu adam Hüseyndir!"[3]

Demişlər ki, Aşurada və Kərbəla hadisəsində qan xəncərə qalib oldu. Həqiqətən belədir və bu qələbənin səbəbkarı həzrət Zeynəbdir. Əks təqdirdə, qan Kərbəlada bitdi; Aşura meydanında haqq qüvvələrinin zahiri məğlubiyyəti ilə qanlı toqquşma başa çatdı. Bu zahiri hərbi məğlubiyyətin qəti və daimi bir qələbəyə çevirlməsinə səbəb olan amil Zeynəbi-Kübranın missiyası, üzərinə götürdüyü rol idi. Bu çox mühüm məsələdir. Bu hadisə göstərdi ki, qadın tarixi hadisələrdə kənar və ikinci dərəcəli qüvvə deyil, mühüm tarixi hadisələrin içindədir. Quran da çoxlu yerlərdə bu məsələyə toxunur. Lakin bu, yaxın tarixə aiddir, canlı və hiss olunan bir hadisədir, keçmiş ümmətlərə aid deyil. Burada Zeynəbi-Kübra çox əzəmətli şəkildə müşahidə olunur. Onun fəaliyyəti nəticəsində döyüşdə qalib gəlib müxaliflərini qılıncdan keçirən və qələbə taxtında əyləşən düşmən öz iqamətgahında, şah sarayında təhqir edildi, rəzil oldu. Zeynəb onun alnına əbədi həqarət damğası vurdu və qələbəsini məğlubiyyətə çevirdi. Bu, Zeynəbi-Kübranın roludur. Zeynəb göstərdi ki, qadın hicabını və iffətini mübarizə şərəfinə və böyük bir cihada çevirmək olar.

Zeynəbi-Kübranın bizə çatan sözləri onun hərəkətinin əzəmətini göstərir. Zeynəbi-Kübranın Kufə bazarındakı unudulmaz çıxışı adi söhbət, böyük bir şəxsiyyətin adi fikir bildirməsi deyil. O dövrdə İslam cəmiyyətinin vəziyyətinə dair ən gözəl sözlərlə bəyan olunmuş ən dərin məzmunlu, zəngin və möhtəşəm bir təhlildir. Şəxsiyyətin gücünə baxın. Bu şəxsiyyət nə qədər güclüdür.

İki gün öncə onun qardaşını, imamını, rəhbərini bütün əzizləri, gəncləri və övladları ilə birgə məhv etmişlər. Bu qədər qadını və uşağı əsir edib xalqın qarşısına çıxarmış, əsir kimi dəvələrə mindirmiş və camaata göstərmişlər; bəziləri sevincdən atılıb-düşür, bəziləri də ağlayırlar. Belə ağır şəraitdə birdən-birə bu əzəmət günəşi doğur. Atası Əlinin (ə) xəlifə ikən öz xalqı qarşısında danışdığı tərzdə danışır; eyni sözlərlə, eyni fəsahət və bəlağətlə, eyni uca məzmunla: Ey Kufə əhalisi! Ey xəyanətkarlar, yalançılar! İslam və Əhli-beyt davamçısı olduğunuza bəlkə özünüz də inanmışdınız, amma sınaqdan keçmədiniz, imtahan zamanı korluq göstərdiniz. Sizin rəftarınız diliniz və qəlbinizlə eyni deyildi. Özünüzlə qürur duydunuz, elə bildiniz imanınız var, hələ də inqilabçı və Əli (ə) davamçısısınız, halbuki belə deyil. Siz imtahandan keçib özünüzü xilas edə bilmədiniz. Yunu əyirib sapa çevirən, sonra sapı yenidən yuna və ya pambığa çevirən insana bənzəyirsiniz. Siz avamlığınızla, şəraiti tanımamanızla, haqq və batili ayırd etməmənizlə öz əməllərinizi və keçmişinizi puç etdiniz. Zahiriniz imanlı, ağzınız inqilab iddiaları ilə doludur, əslində isə puç və müxalif küləklər qarşısında müqavimətsizsiniz.[4]

O, elə çətin şəraitdə belə güclü nitq söylədi. Həzrət Zeynəbin önündə bir qrup dinləyici oturub onu dinləmirdi ki, o da bir natiq kimi çıxış etsin. Xeyr! Düşmən yaraqlıları onun ətrafını sarmışdılar və orada müxtəlif hallarda olan əhali vardı. Müslimi İbn Ziyada təhvil verən, İmam Hüseynə (ə) məktub yazıb sonradan sözünün üstündə durmayan, İbn Ziyadla vuruşanda evlərində gizlənən adamlar Kufə bazarına toplaşmışdılar. Bəziləri də zəiflik göstərənlər idi. Onlar Əli (ə) qızına baxır və ağlayırdılar.

Həzrət Zeynəbi-Kübra belə qarışıq və etimadsız insanlar qarşısında bu şəkildə möhkəm danışır. O, tarixin qadınıdır. Bu qadın zəif deyil. Qadını zəif adlandırmaq olmaz. Mömin bir qadın ağır şəraitdə özünü belə göstərir. Bu qadın dünyanın bütün böyük kişiləri və qadınları üçün örnəkdir. O, Peyğəmbər (s) və Əli (ə) inqilablarının zəif cəhətlərini izah edir. Deyir ki, siz fitnə və imtahan zamanı haqqı ayırd edə və vəzifənizi yerinə yetirə bilmədiniz. Nəticədə Peyğəmbər (s) ciyərparəsinin başı nizələrə taxıldı. Zeynəbin əzəmətini bundan dərk etmək olar.

Əsirlik zamanı İmam Səccadın (ə) rolu

Şiələrə və imamət xəttinə bağlı olanlara görə, Aşuradan sonrakı vəziyyət qəribə idi. Əməvi muzdurlarının vəhşiliyi, onların istər Kərbəlada, istər Kufədə, istərsə də Şamda Peyğəmbər (s) ailəsi ilə rəftarı imamət xəttinin bütün tərəfdarlarını qorxutdu. Əlbəttə, bilirsiniz ki, İmam Hüseynin (ə) seçilmiş səhabələri Aşura hadisəsində, ya da Təvvabin qiyamında şəhadətə qovuşdular. Qalanlarda da zalım Yezid və sonra Mərvan hakimiyyəti qarşısında öz haqq sözlərini demək cəsarəti yox idi. Dağınıq, təşkilatsız, qorxmuş və əslində əməldə imamət yolundan dönmüş mömin bir qrup - Şiə cinahından İmam Səccada (ə) çatan irs bundan ibarət idi. Güclü repressiya vardı, imamın yardımçı qüvvələri də olduqca zəif idi. İmam Səccad (ə) ideoloji, həqiqi və ortodoks İslamı qorumaq üçün bir mübarizəyə başlamalı, bu dağınıqları toplamalı, onları əsl İslam hakimiyyət modeli olan Əli (ə) hakimiyyətinə yaxınlaşdırmalı idi. İmam Səccad (ə) 34 il bu şəraitdə çalışdı. Mən burada sizin üçün İmam Səccadın (ə) həyatının yalnız mühüm hissələrini söyləyəcəyəm. Dördüncü imamın həyatının ilk uğurlu hissəsi onun əsirlik çağıdır. Dördüncü imam iki dəfə əsir alınmış və zəncirlənərək Şama aparılmışdır. Birinci dəfə Kərbəladan aparıldı, ikinci dəfə isə Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Mədinədən. Kərbəladan əsir karvanında Şama aparılanda İmam Səccad (ə) Quran və İslam təcəssümü idi. Şəhidlərin qətlə yetirildiyi andan Əli ibn Hüseynin (ə) qəhrəmanlığı başlandı. Azyaşlı qızlar, kiçik uşaqlar və kimsəsiz qadınlar İmam Səccadın (ə) ətrafını sardılar. O karvanda heç bir kişi yox idi. İmam Səccad (ə) onların hamısına rəhbərlik etdi, onları topladı və Şama çatana qədər yol boyu iman bağı ilə bir-birinə bağlanmış bu qrupun zəiflik göstərməsinə qoymadı. Kufəyə daxil oldular. Übeydullah ibn Ziyad əmr etmişdi ki, bu ailənin bütün kişilərini qətlə yetirsinlər. Gördü ki, əsir karvanında bir kişi var. Soruşdu ki, kimsən? Dedi ki, mən Əli ibn Hüseynəm (ə). Onu ölümlə hədələdi. Burada imamət, mənəviyyat və rəhbərliyin ilk işığı göründü: "Məni öldürməkləmi hədələyirsən?!"[5]  Halbuki şəhadət bizim üçün şərəfdir; biz Allah yolunda öldürülməklə fəxr edir, ölümdən qorxmuruq. Übeydullah ibn Ziyad rejimi bu müqavimət qarşısında geri çəkildi.

İmam Səccad (ə) bütün əsirlərlə birgə Şamda günlərlə ağır vəziyyətdə saxlandı. Sonra fikirləşdilər ki, onu məscidə aparıb insanların qarşısında psixoloji baxımdan zəiflətsinlər. İmam Səccad (ə) həmin məclisdə üzünü Yezidə tutub dedi ki, icazə versən, mən də bu taxtaların üstünə çıxıb danışmaq istəyirəm. Yezid düşünmürdü ki, prinsipcə bu müddətdə kifayət qədər psixoloji sarsıntılar keçirmiş xəstə və əsir bir gənc onun üçün təhlükəli ola bilər. Buna görə də icazə verdi. İmam Səccad (ə) minbərə çıxıb Əməvi dövlətinin paytaxtında imamətin fəlsəfəsini, şəhadət məsələsini və bu hakimiyyətin tağut xislətini izah etdi, Şam əhalisini ayağa qaldıracaq bir çıxış etdi. İmam Səccad (ə) elə böyük şəxsiyyətdir ki, Übeydullah ibn Ziyaddan, aldanmış izdihamlı Şam əhalisindən, Əməvi rejimindən və Yezid məmurlarından qorxmur, haqqı deyir, maarifləndirmə aparır və həyat onun üçün əhəmiyyət kəsb etmir.

İmam Səccad (ə) əsir və xəstə halda böyük bir qəhrəman kimi sözü və əməli ilə tarix yazır. Bu dövrdə imamın vəziyyəti onun həyatının əsas hissəsi ilə tam fərqlənir. Əsas hissədə imam mülayim, düşünülmüş, sakit və fundamental işlər görür. Bəzən hətta Əbdülməlik ibn Mərvanla bir məclisdə oturur, onunla adi və yumşaq rəftar edir. Bu dövrdə isə imamı ən kiçik sözə dözməyən, güclü düşmənlərinə hamının gözü önündə sərt cavablar verən fəal bir inqilabçı kimi görürsünüz.

Kufədə xəncərindən qan daman, Peyğəmbər (s) övladını öldürdüyünə görə məst olmuş qaniçən bir vəhşi - Übeydullah ibn Ziyadın qarşısında elə danışdı ki, Übeydullah onun qətlinə fərman verdi. Həzrət Zeynəb özünü irəliyə atıb dedi ki, onu öldürmənizə imkan vermərəm. Gördülər ki, bundan ötrü bir qadını da öldürməlidirlər və digər tərəfdən, bunları əsir kimi Şama aparmaq lazımdır. Buna görə əl çəkdilər. Əgər belə olmasaydı, böyük ehtimalla İmam Səccadı (ə) da öldürərdilər.

Kufə bazarında bibisi Zeynəb və bacısı Səkinə ilə birgə söhbət edir, xalqı oyadır və həqiqətləri bəyan edir.

Şamda istər Yezidin qurduğu məclisdə, istərsə də məsciddə xalq qarşısında ən aydın sözlərlə həqiqətləri söyləyir. Bu söhbət və çıxışlar Əhli-beytin xilafətə haqlı olduğuna, hakim rejimin cinayətlərinin ifşasına, həmin avam və qafil xalqa acı və təsirli xəbərdarlıqlara dair fikirləri ehtiva edir.

Burada o xütbəni söyləməyə və onun dərin məzmununu açıqlamağa lüzum yoxdur. Bu xüsusi bir mövzudur. Onu şərh etmək istəyən şəxs hər bir sözünü araşdırmalı və bu əsaslara diqqət yetirməlidir. Qəhrəmanlıq göstərdiyi əsirlik çağında İmam Səccadın (ə) vəziyyəti belə idi.

Belə bir sual var ki, İmam Səccad (ə) əsirlikdə sərt və açıq işlər gördüyü halda əsirlikdən sonra nə üçün mülayim üsullardan və təqiyyədən istifadə etdi, inqilabi və radikal hərəkətləri dua ilə və mülayim işlərlə əvəzlədi? Cavab budur ki, bu dövr müstəsna dövr idi. Burada İmam Səccad (ə) imam olmasından, gələcəkdə İslam hakimiyyətinə zəmin yaratmalı olmasından əlavə, həm də Aşurada tökülən qanların sözçüsüdür. İmam Səccad (ə) burada əslində özü deyil, İmam Hüseynin (ə) Şamda və Kufədə danışan dilidir. İmam Səccad (ə) orada məsələləri belə sərt, kəsərli və açıq-aşkar bəyan etməsəydi, onun gələcək fəaliyyətinə şərait də yaranmazdı. Onun gələcək fəaliyyətinə zəmin yaradan amil Hüseyn ibn Əlinin (ə) qanı idi. Necə ki, tarix boyu bütün Şiə qiyamlarına zəmin yaradan amil Hüseyn ibn Əlinin (ə) qanı oldu. Əvvəlcə xalqa xəbərdarlıq etməli və bu xəbərdarlığın fonunda özünün prinsipial, dərin, güclü və uzunmüddətli müxalifətinə başlamalıdır. Bu xəbərdarlıq da belə sərt və kəsərli sözlərdən başqa yolla mümkün deyil.

Bu səfərdə İmam Səccadın (ə) rolu həzrət Zeynəb rolu idi, Hüseyn (ə) inqilabının mesajını çatdırırdı. İnsanlar Hüseynin (ə) nə üçün və necə öldürüldüyünü bildikdə İslamın və Əhli-beyt dəvətinin gələcəyi bir cür olardı, bilmədikdə isə başqa cür. Buna əsasən, xalqın məlumatlanması və bu məlumatın cəmiyyət səviyyəsində genişlənməsi üçün hər şeydən istifadə etmək və mümkün olan həddə bu işi görmək lazım idi. Bu baxımdan, İmam Səccad (ə) Səkinə, Fatimeyi-Suğra, Zeynəbin özü və əsirlərin hər biri kimi bir təbliğatçıdır. Bütün bu qüvvələr toplanmalıdır ki, İmam Hüseynin (ə) qürbətdə tökülmüş qanını böyük İslam dünyasının bütün bölgələrinə aparsınlar, Kərbəladan Mədinəyədək hər yerə çatdırsınlar, Mədinəyə daxil olanda xalqın önündə həqiqətləri bəyan etsinlər. Bu birinci addımdır. Odur ki, İmam Səccadın (ə) həyatının bu qısa dönəmi müstəsna dönəmdir. Sonrakı dönəm isə onun Mədinədə möhtərəm bir vətəndaş kimi yaşadığı, Peyğəmbərin (s) evində və ailəsi arasında fəaliyyət göstərdiyi zaman başlayır. Dördüncü imamın proqramlarını aydınlaşdırmaq üçün onun yaşadığı dövrün vəziyyət və şəraitini araşdırmağa ehtiyac var. (İslamın keşikçisi, say 6)



[1]"Əl-Kafi", c. 2, səh. 530

[2]"Bihar əl-ənvar", c. 44, səh. 316

[3]Seyid ibn Tavus. Lühuf, səh. 133

[4]"Bihar əl-ənvar", c. 45, səh. 109

[5]Yenə orada, səh. 118