ŞƏBAN AYININ FƏZİLƏT VƏ ƏMƏLLƏRİ

Şəban ayı çox şərafətli bir aydır. Bu ay İslam Peyğəmbərinə (s) məxsusdur. O həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, cənnət ona vacib olar.”

İmam Sadiqdən (ə) nəql olunur ki, imam Zeynəlabidin (ə) Şəban ayı səhabələrini ətrafına toplayıb buyurardı: “Ey mənim səhabələrim! Heç bilirsiniz ki, bu hansı aydır!? Şəban ayıdır. Peyğəmbər (s) buyurardı: “Şəban mənim ayımdır. Öz peyğəmbərinizə məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq məqsədilə bu ayda oruc tutun! Əli ibn Hüseynin canı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibn Əlinin (ə) Əmirəlmöminin Əlidən (ə) belə buyurduğunu eşitdim: “Hər kəs Peyğəmbərə (ə) məhəbbət bəsləmək və Allaha yaxınlaşmaq naminə bu ayda oruc tutsa, Allah onu Özünə yaxın bilər, qiyamət günü Öz kəramətindən ona bəxş edər və cənnəti ona vacib bilər.”

Kəfəmi, Səfvan Cəmmaldan nəqlən yazır ki, imam Sadiq (ə) ona belə buyurdu: “Öz ətrafında olan şəxsləri Şəban ayının orucuna dəvət edin!” Dedim: ”Canım sənə fəda olsun, Şəban ayının orucunun fəziləti nədir?” Buyurdu: ”Fəziləti çoxdur. Peyğəmbər (ə) Şəban ayı daxil olduqda, carçıya Mədinədə belə nida etməyi əmr edərdi: “Ey Mədinə əhli, mən Allahın sizə göndərilən elçisiyəm. Agah olun ki, Şəban mənim ayımdır. Allah rəhmət etsin mənə bu ayda kömək edənlərə, yəni bu ayda oruc tutanlara!”

İmam Sadiq (ə) Əmirəlmöminin Əlinin (ə) belə buyurduğunu nəql edir: “Mən Şəban ayının orucunu Peyğəmbərin (ə) carçısını eşidəndən bəri tərk etməmişəm və ölənə qədər də tərk etməyəcəyəm.” Sonra buyurur: “Bu iki ayın – Şəban və Ramazan aylarının orucu Allah tərəfindən məğfirət və tövbədir.”

 

ŞƏBAN AYININ ƏMƏLLƏRİ

1. Şəban ayının birinci gecəsi on iki rükətli namaz qılmaq müstəhəbdir; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on bir dəfə “İxlas” surəsi deyilir.

2. Oruc tutmaq;

3. Hər gün yetmiş dəfə أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əs`əluhut-təvbəh) zikrini demək;

5. Sədəqə vermək;

İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, o həzrət buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savab nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı cənnətdir.” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək (Allahdan günahların bağışlanılmasını diləmək)...”

6. Şəban ayının hər cümə axşamı iki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsini dedikdən sonra yüz dəfə “İxlas” surəsi və salamdan sonra yüz dəfə salavat deyilir.

7. Çoxlu salavat demək.

Qeyd edək ki, Şəban ayının digər məxsus zikr və duaları da vardır ki, əlavə məlumat əldə etmək istəyənlər Şeyx Abbas Qumminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərlər.

Rza Şükürlü /