“VƏHDƏT HƏFTƏSİ”NDƏ “VƏHDƏT AYƏSİ”NİN QISA TƏFSİRİ

-- Hamılıqla Allahın ipindən möhkəm yapışın və...

Qurani-Kərimə əsasən, vəhdət və təfriqədən uzaqlıq ilahi bir vəzifə və nemət, ixtilaf və təfriqə isə göy və yer əzabları sırasında ilahi bir cəzadır. İslamda vəhdət və birlik məsələsi o qədər önəmlidir ki, hətta vəhdət naminə yalan danışmaq belə icazəli, təfriqə törədən doğru söz isə haram və günahdır. “Ali-İmran” surəsinin 103-cü ayəsində İslam icmasının hər növ təfriqə və ikitirəlikdən uzaqlığı, vəhdət və birliyə önəm verməsi, irqçilik və millətçiliyə arxa çevirib Allahın dini ətrafında toplaşmasından söz açılır və buyurulur:

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُوا

Hamılıqla Allahın ipindən möhkəm yapışın və bir-birinizdən ayrılmayın...”

Ayədə “həblillah” (Allahın ipi) ibarəsi işlənir və onunla bağlı təfsir alimləri tərəfindən müxtəlif ehtimallar irəli sürülür. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə dəyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki “Allahın ipi” dedikdə, bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur; bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).

Bu ayənin davamında böyük ilahi nemət olan birlik, ülfət və mehribanlığa işarə edilir, müsəlmanlar özlərinin qəm-qüssəli və rüsvayçı keçmişləri barəsində düşünməyə, vəhdətlə pərakəndəliyin müqayisəsinə dəvət edilir və buyurulur:

وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا

“Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun bu neməti sayəsində bir-birinizlə qardaş oldunuz...”

Ayədə möminlərin qəlbləri arasında ülfət və mehribanlığın yaranması məsələsi Allahın Özünə nisbət verilir: “Allah sizin qəlbləriniz arasında ülfət yaratdı.Bu təbir İslamın böyük ictimai möcüzəsinə işarədir. Belə ki, ərəblərin arasında qədimdən mövcud olan ədavət və düşmənçilik məsələlərini düzgün araşdırdıqda məlum olur ki, onlar çox kiçik, sadə və əhəmiyyətsiz bir məsələ üstündə illərlə müharibə aparırmışlar. Belə pərakəndə, nadan və bixəbər millətin adi yollarla vahid bayraq altında birləşdirilməsi mümkünsüz olduğu bir zamanda İslam onları birləşdirdi, aralarında vəhdət və birlik yaratdı.

Bir-birinə dərin kin-küdurət və amansız düşmənçilik bəsləyən ərəb qəbilələri arasında vəhdət və qardaşlıq yaradılması qeyri-müsəlman tarixçiləri və alimlərinin də nəzərindən qaçmamış və onlar bu məsələni son dərəcə təəccüblə qeyd etmişlər. Məsələn, Tomas Karl yazır: “Allah ərəbləri İslam vasitəsilə qaranlıqdan aydınlığa çıxartdı, alçaqlıqdan yüksəkliyə, acizlikdən qüdrətliyə çevirdi. Onlar dünyanın hər tərəfinə işıq saçdı. İslamdan bir əsr keçməmişdi ki, İslam əhli bir ayağını Hindistana, digərini isə Əndəlusa (İspaniya) qoydu. Qısa zaman kəsimində İslam dünyanın yarısını işıqlandırdı...” (“Nəqşehaye-istemar”, Məhəmməd Mahmud Səffah, səh.38.)

Sözügedən ayənin davamında buyurulur:

وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا

“Siz odlu uçurumun astanasında ikən sizə ondan nicat verdi.

Yəni siz keçmişdə od ilə dolu bir uçurumun kənarında idiniz, hər an oraya düşməyiniz və hamılıqla yanıb külə dönməyiniz mümkün idi. Amma Allah-Taala sizi bu oddan xilas etdi, sizi bu uçurumdan əmin-amanlıq, qardaşlıq və məhəbbət diyarına yönəltdi.

Ayədə qeyd olunan “nar” (od) ifadəsi cahillik dönəmində kiçik və əhəmiyyətsiz işlər üstündə qəbilələr arasında şölələnən müharibə oduna və çəkişmələrə işarədir. Ayənin sonunda təkidlə buyurulur:

كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ

“Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə hidayət olasınız.

Demək, son hədəf insanların doğru yola yönəlməsi, hidayət olunması, nicat tapmasıdır. Buna vəhdət və birlik məsələsinə ciddi yanaşıldığı zaman nail olunur.

Mövzu ilə bağlı “Ali-İmran” surəsinin 105-ci ayəsində buyurulur:

وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

(Allah tərəfindən) aydın dəlillər gəldikdən sonra təfriqə salan və pərakəndə düşənlər kimi olmayın. Onlar üçün böyük əzab vardır.”

Ey insan! Qədim ixtilafların acı tarixindən ibrət almalı və bilməlisən ki, bütün ixtilafların mənşəyi həmişə cəhalət və nadanlıq deyil. Həvəslər və nəfs istəkləri də ixtilaf alovunu qızışdırır. İxtilaf və təfriqələr sənin dünyadakı qüdrətini sarsıtmaqdan əlavə, qiyamətdə də cəhənnəm əzabına düçar olmağına zəmin yaradır. Necə ki, “Ənam” surəsinin 159-cu ayəsində də buyurulur:

إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ

(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!”

Elə isə bu ayəyə əməl edək ki, qüdrətimiz sarsılmasın, zəifləməyək, gücdən düşməyək:

وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz...” (“Ənfal” surəsi, ayə 46; “Təfsiri-nümunə”, Ayətullah əl-üzma Məkarim Şirazi, “Ali-İmran” surəsi, 103-105-ci ayələrin təfsiri.)

Rza Şükürlü (Maide.az)