Əgər sığortalanma müddəti uzadılmasa

"Yeni Müsavat" qəzetində isə "Müddət uzadılmayacağı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq bu məbləğdən çox olan hissəni itirəcəklər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, hüquqşünas Əkrəm Həsənov ölkə banklaırnda əmanətlərin tam sığortalanması ilə bağlı 2016-cı ildən qüvvədə olan 3 illik müddətin martın 4-də başa çatmaqda olması, qalan iki aya yaxın vaxt ərzində hökumətin hər hansı qərarı olmadığı halda əmanətlərin tam sığrotalanmasının ləğv olunacağı xəbərdarlığı edir.
 
Hüquqşünas deyir ki, milli valyutadakı əmanətinin illik dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətinin illik faizi 3%-dən yuxarı olmayan əmanətlər martın 4-nə kimi tam sığortalıdır.
 
Amma həmin müddət başa çatdığı, artırılmadığı və ya bank bu il martın 4-dən sonra ləğv edildiyi halda əmanətçi hansı yüksək məbləğ qoymuş olsa da, 30 min manat kompensasiya ala biləcək.
 
Ə.Həsənov həm də deyir ki, Strateji Yol Xəritəsinə uyğun olaraq, bankların sağlamlaşdırılması prosesi 2018-ci ilin sonunadək başa çatdırılmadığı üçün hələ bankların bağlanması təhlükəsi qalır.
 
Mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bu müddətin uzadılmasını məqbul sayır, əks halda mənfi nəticələri olacağı xəbərdarlığı da edir: "Hələ martın 1-nə qədər zaman var və həm də bu müddətin uzadılmasına ehtiyac var. Əgər müddət uzadılmasa, bu, banklardan depozitlərin geri çəkilməsinə gətirib çıxara bilər. Xüsusən də böyük məbləğdə depozitlərin sığortalanması həyata keçirilməyəcək".
 
V.Bayramovun sözlərinə görə, qanunun müddəti uzadılmadığı halda istənilən məbləğdə olan əmanətlərin 30 min manatdan yuxarı hissəsi sığortalanmayacaq.
 
Ekspert riski aradan qaldırmaq üçün və müddət uzadılmadığı halda vətəndaşlara çıxış yolu kimi vəsaiti 30 min manatadək olmaq şərtilə bir neçə fərqli banklarda yerləşdirməyi təklif edir
 
V.Bayramov əmanətçilərə belə bir məqamı da xatırladır ki, gələcəkdə manatın məzənnəsində dəyişikliklər baş verərsə, o zaman 30 min manatın ekvivalenti sığortalanır, bu isə daha az məbləğdə valyutanın sığortalanması deməkdir.
 
Bankların bağlana bilməsinə gəlincə, V.Bayramov deyir ki, indi Maliyyə Bazarlarına Nəzarət Palatası problemli bankların sağlamlaşdırılmasını prioritet sayır: "Amma bütün hallarda müşahidələrimiz göstərir ki, problemli kreditlərin artması bank sektoruna və bəzi bankların fəaliyyətində mənfi tendensiyanın qalmasına gətirib çıxarır. /contact.az /