‘Fatihə’ (Həmd) surəsinin oxumağın savabı

Hədislərdə “Fatihə” surəsi bütün Quranın üçdən-ikisinə bərabər tutulub. Bu surə xüsusi əhəmiyyətə malik olduğu üçün hədislərdə onun tilavət olunması təkidlə vurğulanmışdır.  
 
 “Fatihə” surəsi ahəng baxımından Qurani-Kərimin digər surələri ilə aşkar fərqlərə malikdir.
 
Çünki sair surələr yalnız Allahın dilindən, bu surə isə Allahın tərəfindən bəndələrin dilincə söylənilir. 
 
Başqa sözlə, bu surədə Allah-Taala Onunla danışmağı, rabitə bərqərar etməyi, raz-niyaz və münacatı Öz bəndələrinə öyrədir.
 
Bu surənin başqa bir adı “Ümmül-kitab”dır (kitabın anası və əsası). Peyğəmbərdən (s) belə nəql olunur:  “Həmd surəsi ümmül-kitabdır (kitabın anasıdır).” (“Məcməül-bəyan”, 1-ci cild, səh.17.)
 
Bu surə sanki Qurani-Kərimin bütün məfhumlarını qısa şəkildə özündə toplamışdır. Həqiqətdə, bu surə Allahın zati, sifati, feli və ibadi tövhidini (yeganəliyini) bəyan edir, məad məsələsini də aşılayır. Başqa sözlə, bu surə Quranın bütün mətləblərinin xülasəsidir.
 
 “Fatihə” surəsi böyük bir nemət kimi Peyğəmbəri-Əkrəmə (s) təqdim olunaraq Quranla bərabər qiymətləndirilir. Belə ki, buyurulur:
 
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
“Biz “səbül-məsani”ni (iki dəfə nazil olan yeddi ayəni) və əzəmətli Quranı sənə əta etdik.”  (“Hicr” surəsi, ayə 87.)
 
Elə bu məzmunu imam Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir: “Həqiqətən, Allah-Taala “Fatihə” surəsini verməklə mənə minnət qoymuş və müstəsna bir nemət əta etmiş, onu Qurani-Kərimlə bərabər tutmuşdur. Həqiqətən, “Fatihətül-kitab” ilahi ərş xəzinələrinin ən şərəflisidir.” (“Təfsiri-Burhan”, 1-ci cild, səh.26; “Məsabihül-ənvar”, 1-ci cild, səh.435.)
 
Bu surənin fəziləti ilə bağlı Peyğəmbərdən (s) belə nəql olunur: “Həmd” surəsini oxuyan müsəlmana verilən əcr və savab Quranın üçdə iki hissəsini oxuyan şəxsin, habelə bütün mömin kişi və qadınlara hədiyyə verən bir şəxsin savabı qədərdir.” 
(“Məcməül-bəyan”, 1-ci cild, səh.17.)
 
Maide.Az – Maarif bölümü