“Gəncə işi” üzrə növbəti qrup mühakimə edilib

Sentyabrın 19-da "Gəncə işi" üzrə prosesdə daha bir qrup müttəhimin işi üzrə hökm oxunub.
 
Eşqin Quliyev 20 il, Oqtay Hüseynzadə və Ürfan Məmmədov 18 il, Rauf Bayramov 9, Abbas Abbasov və Elşən Məmmədov 7, Hüseyn Bayramov 2 il azadlıqdan məhrum edilib.
 
Müttəhimlər polis əməkdaşlarının qətlində iştirakda, onlara qarşı zorakılğın tətbiqində, kütləvi iğtişaşların təşkilində və onlarda iştirakda ittiham olunublar.
 
Rauf Bayramovun oğl Hüseyn Bayramov cinayəti barədə məlumat verməməkdə ittiham olunub.
 
Müttəhimlərin valideynləri hökmdən narazı olduqlarını bildiriblər, hakimiyyətin ünvanına lənət yağdırıblar, oğullarının cinayət törətmədiklərini deyiblər.
 
İşə Bakının Sabunçu Rayon Məhkəməsinin binasında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən baxılıb.
 
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
 
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında E.Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib.
 
2019-cu il iyulun 31-də baş prokuror Zakir Zaralov bu qurumda keçirilən müşavirədə bildirib ki, E.Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.
 
10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Sonradan Apellyasiya Məhkəməsi iş üzrə keçən altı nəfəri azad edib.