`Ər-Riyad razılaşması təcavüzkarla əməkdaşlıq edən tərəflər tərəfindən imzalanıb`

"Ənsarullah" hərəkatı Yəməndə fərari prezidentin tərəfdarları ilə cənubda fəaliyyət göstərən separatçılar arasında sülh sazişinin imzalanmasını sərt tənqid edib.
 
Bu barədə təşkilatın ali səviyyəli üzvü Məhəmməd Əli əl-Husi "Əl-Əməsira" telekanalına müsahibəsində bəyan edib.
 
"Ər-Riyad razılaşmasının yəmənlilər üçün əhəmiyyəti yoxdur, çünki təcavüzkarla əməkdaşlıq edən tərəflər tərəfindən imzalanıb. Bu müqavilə öz iradələrinə sahib olmayanlara sırınaraq imzalanıb və bunu Yəməndə onların müharibəsinin sonunda bir nailiyyət hesab edirlər", - deyə o, vurğulayıb.
 
Əl-Husinin sözlərinə görə, fərari prezidentin tərəfdarları və Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası müxtəlif istiqamətlərdə intensiv hava hücumlarına davam edirlər. Onun sözlərinə görə, son 48 saat ərzində koalisiya əsasən Səudiyyə Ərəbistanı ilə həmsərhəd olan Saad vilayətinə yəmənlilərin mülklərinə və onların təsərrüfatlarına çox böyük ziyan vuran 52 zərbə endirib.
 
Qeyd edək ki, çərşənbə axşamı, fərari prezident Abd Rabbu Mansur Hadi başda olmaqla onun Yəməndəki tərəfdarları və ölkənin cənubunda fəaliyyət göstərən bir sıra təşkilatlar Riyadda sülh müqaviləsi imzaladı.İmzalanma Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Əbu-Dabi şahzadəsi Məhəmməd bin Zeyid, həmçinin Yəmən prezidentinin iştirakı ilə baş tutub. /FaktXeber