‘Kirayə mənzillərin’ qiyməti neçədən başlayır?

"Kirayə mənzillər"ə elektron müraciət hələ də bərpa olunmayıb. Müraciət sistemində yaranmış problemlərlə bağlı iş gedir, İpoteka və Kredit Zəmanət Fondu bildirib.
 
Fondun mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, bununla bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək.
 
Bundan başqa, Fond Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin minimal aylıq ödənişlərini açıqlayıb.
 
Ötən il satmaq öhdəliyi ilə kirayə mənzil verilməsi mexanizmi yaradılıb. Bu mexanizmə görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.
 
Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq, Fond bildirib.
 
"Kirayə mənzillər"-ə müraciət yanvarın 22-də saat 10:00-da başlamalı idi, lakin sistemdə problemlər yarandı.
 
Fondun məlumatında deyilir ki, yanvarın 22-də başlanan "kirayə mənzillərin" alışı üçün müraciət qəbulu zamanı "Elektron hökumət" portalına kütləvi istifadəçi girişi və əməliyyat sayı qeydə alınıb, bu və digər texniki səbəblərdən portal "artıq yüklənməyə məruz qalıb".
 
Bundan sonra isə elektron müraciətlərin qəbulunda problemlər yaranıb.
 
Qurum problemin aradan qaldırılması üçün çalışdığını və vətəndaşlara əlavə məlumat veriləcəyini bildirib.
 
Bundan əvvəl, yanvarın 22-də səhər saatlarında İpoteka və Kredit Zəmanət Fondunun Elektron Hökumətə inteqrasiya olunmuş sisteminə daxil olmaq mümkün olmayıb.
 
Çərşənbə günü sonradan satın alınması mümkün olan kirayə mənzillər üçün elektron müraciət başlamalıydı.
 
İpoteka və Kredit Zəmanət Fondunun qaynar xəttindən BBC News Azərbaycancaya deyiblər ki, sistemlə bağlı tamamlanma işləri aparılır və gün ərzində işə düşəcək.