Şəhid Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi - YENİLƏNİB

(3 və 4-cü hissələr əlavə olunub) 

Məlum olduğu kimi, şəhid qəhrəman Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi işıq üzü görüb. Sosial şəbəkələrdə bu vəsiyyətin tərcüməsi təqdim edilmişdir ki, onu diqqətinizə çatdırırıq.
 
 
1-ci hissə
 
Bismilləhir-Rahmənir-Rahim.
 
Usulid-dinə şəhadət verirəm:
 
Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şəhadət verirəm ki, Həzrət Muhəmməd (s) - Onun rəsuludur. Şəhadət verirəm ki, Əli (ə) – Allahın vəlisidir o Həzrətin (ə) məsum övladları Allahın hüccətidir.
 
 
Şəhadət verirəm ki, Qiyamət, Quran, Cənnət və Cəhənnəm həqiqətdir. Sual-cavab, məad, ədl, imamət və nübuvvət həqiqət və haqqdır.
 
 
İlahi, Sənə nemətlərinə görə şükür edirəm.
 
İlahi, Sənə şükür edirəm ki, məni sülbdən sülbə, qərnlərdən qərnlərə, bir sülbdən digər bir sülbə intiqal verərək (ötürərək), elə bir zamanda aşkara çıxmağa (yaranmağa) icazə verib, mənə vücud bəxş etdin ki, Sənin ən uca övliyalarından olan və məsumiyyət məqamına yaxın olan bir şəxsi, yəni, saleh bəndə olan İmam Xomeynini görə bilim və onun əsgəri ola bilim.
 
Həzrət Muhəmməd Mustafanın səhabəsi olmaq tofiqinə çatmadımsa, Əli ibn Əbu Talib və məsum övladlarına zülm olunan zaman, onların yanında olmaq nemətinə yetişmədimsə, məni elə bir yolda qərar verdin ki, onlar bu yolda öz canlarını (hansı ki, cahanın və xilqətin canı idi) qurban etdilər.
 
İlahi, Sənə şükür olsun ki, saleh bəndə olan əziz Xomeynidən sonra, məni digər bir saleh bəndənin yolunda qərar verdin. Onun məzlumluğu salehliyindən daha böyük olan, İslamın, şiəliyin, İranın və bütün siyasi İslam dünyasının müdrük bir insanı, əziz Xameneinin (canım onun canına fəda olsun) yolunda qərar verdin.
 
Sənə şükürlər olsun ki, məni ən gözəl bəndələrinə yaxın olmağı nəsib etdin. Mənə onların behiştə layiq üzlərindən öpüb, İlahi ətirlərini duymağı nəsib etdin. Yəni bu yolun mücahidlərini və şəhidlərini görməyi qismət etdin.
 
İlahi! Ey Qadir və Əziz! Ey Rəhman Və Rəzzaq! (daim ruzi verən) İlahi! Alnımı şükür və xəcalət əlaməti olaraq asitanına və dərgahına sürtürəm ki, məni Fatiməyi-Əthərin və övladlarının yolunda şiə (həqiqi İslam ətirli) qərar verdin. Bu, ən uca və ən dəyərli nemətlərindəndir. Elə bir nemətdir ki, onda nur, mənəviyyat və daxilində ən ali qərarlılıq olan qərarsızlıq var. Elə bir qəm ki, daxilində aramlıq və mənəviyyat var.
 
İlahi, şükür olsun Sənə ki, mənə kasıb, amma dindar, Əhli-Beyti (ə) sevən və həmişə pak yolda olan ata-ana verdin. Aciz halda Sənə yalvarıram, onları behiştdə övliyalarına yaxın edəsən. Mənə axirət aləmində onları görməyi nəsib edəsən…
 
 
2-ci hissə
 
...İlahi, əfvinə ümüdüm var!
 
Ey, Əziz və tayı-bərabəri olmayan hikmətli Xaliq! Əlim boşdur. Səfər üçün götürdüyüm çanta boşdur. Mən azuqəsiz və tədarüksüz, Sənin əfv ziyafətinə və kərəminə ümüdlü halda gəlirəm.
 
Mən azuqə götürməmişəm. Çünki fəqir, Kərəm Sahibinin hüzuruna gedəndə azuqəyə ehtiyacı olmur. Bütün canım Sənin fəzl və kərəminə ümüdlə doludur.
 
Özümlə iki bağlı göz gətirmişəm və onda olan sərvət – bütün napaklıqların yanında dəyərli bir qənimət hesab olunan, Fatimənin (s.ə) Hüseyni (ə) üçün axıdılan göz yaşıdır...
 
O gövhər, Əhli-Beytə (ə) axıdılan göz yaşıdır. Bu göz yaşı – məzlumların və yetimlərin müdafiəsidir. Zalımın savaşında məzlumun mühasirədən azad olmasıdır…
 
İlahi! Əllərimdə heç nə yoxdur. Əllərim nə bir şey təqdim edə bilər, nə özünü müdafiə etmək qüdrəti var onlarda. Amma, əlimdə bircə ümüd etdiyim şey var – o da daim Sənə tərəf istiqamətlənmələridir. Onları Sənə tərəf qaldırdığımda, onları Sənə xatir yerə və dizə qoyduğumda, silahı Sənin dinini qorumaq üçün əlimə aldıqda – bunlar mənim sərvətim olub. Ümüd edirəm qəbul etmiş olarsan…
 
İlahi! Ayaqlarım süstdür (möhkəm deyil), onların taqəti yoxdur, cəhənnəmdən keçən körpüdən keçməyə cürəti yoxdur. Adi körpüdə ayaqlarım əsir. Vay olsun mənə! Sənin körpün tükdən nazik və qılıncdan itidir. Bir şey mənə ümüd verir ki, bəlkə ona görə əsməyim və nicat tapa bilim. Mən bu ayaqlarımla Sənin evinə gəlmişəm və təvaf etmişəm. Bu ayaqlarımla övliyalarının hərəmlərinə getmişəm. Hüseyninin (ə) və Abbasının (ə) Beynül-hərəmində ayaqlarımı yalın halda qaçırtmışam. Bu ayaqlarımı uzun və əyri səngərlərdə yığaraq, dinini qorumaq üçün qaçmışam, sıçramışam, sürünmüşəm, gülmüşəm-güldürmüşəm, ağlamışam-ağlatmışam. Yıxılıb qalxmışam. Ümüd edirəm ki, bu sıçramaqlarıma və sürünməkliyimə görə, bir də o hərəmlərə görə onları (ayaqlarımı) bağışlayasan…
 
İlahi başım, ağlım, dodağım, burnum, qulağım, qəlbim – bir sözlə bütün bədən üzvlərim bu ümüdlə keçinirlər…
 
Ey rəhimlilərin ən Rəhimlisi! Məni qəbul et! Pak qəbul et! Elə qəbul et ki, görüşünə layiq olum. Görüşündən başqa heç nə istəmirəm. Behiştim də Sənin yanında olmaqdır mənə, ya Allah!
 
3-cü hissə
 
...İlahi! Dostların karvanından geri qalmışam.
 
İlahi! Ey Əziz! İllərdir bir karvandan geri qalmşam və davamlı olaraq bəzilərinin o karvana tərəf getmələrinə kömək edirəm. Amma, özüm geri qalmışam. Sən Özün bilirsən, onları heç vaxt unuda bilməmişəm. Həmişə onların xatirəsi və adları təkcə zehnimdə deyil, qəlbimdə və gözlərimdə, göz yaşı və ahla yad olublar.
 
Əzizim! Cismim artıq naqisləşir. Necə ola bilər ki, 40 il qapında duranı qəbul etməyəsən?! Xaliqim! Sevdiyim! Eşqim! Mən həmişə Səndən istəmişəm ki, canımı eşqinlə doldurasan və məni Özündən ayrı olduğumda, yandırıb öldürəsən.
 
Əzizim! Mən bu qərarsızlığımdan və karvandan geri qalmaq rüsvayçılığından cana gəlmişəm. Mən bu ümüdlə, qışda və yayda bir şəhərdən başqa şəhərə, bu səhradan o səhraya gedirəm. Ey Kərim! Ey Həbib! Kərəminə ürək bağlamışam. Özün bilirsən ki, Səni sevirəm. Yaxşı bilirsən ki, Səndən başqa heç nə istəmirəm. Məni özünə vəsl et (birləşdir).
 
İlahi! Bütün vücudumu vəhşət bürüyüb. Mən öz nəfsimi ram etməyə qadir deyiləm. Məni rüsvay etmə. Hörmətini özünə vacib bildiyin kəslərin hörmətinə, hörmətlərinə xələl gətirəcəyim bir iş görməmiş, məni onların karvanına qoş.
 
Ey mənim Məbudum! Ey mənim eşqim və məşuqum, Səni sevirəm. Dəfələrlə Səni görmüşəm (qəlblə) və Səni hiss etmişəm. Səndən ayrı qala bilmərəm. Daha bəsdir, bəs məni qəbul et. Elə qəbul et ki, Sənə layiqli olum.
 
 
Mücahid qardaş və bacılarıma xitabən:
 
Ey, bu aləmdə yaşayan mücahid bacı və qardaşlarım!
 
Ey, başlarını Allah yanında sərmayə qoyanlar!
 
Ey, canlarını götürüb eşq bazarına, eşq müqabilində dəyişməyə gələnlər!
 
Diqqət edin, İslam Cümhuriyyəti – İslamın və şiə məktəbinin mərkəzidir. Bu gün Hüseyn ibn Əlinin (ə) qərargahıdır. Bilin ki, İslam Cümhuriyyəti hərəmdir və bu hərəm salamat qalarsa, digər hərəmlər də toxunulmaz qalar. Əgər düşmən bu hərəmi məhv edərsə, heç bir hərəm qalmayacaqdır. Nə İbrahimi, nə Muhəmmədi hərəmlər qalmayacaq.
 
Ey qardaş və bacılarım! İslam dünyasının həmişə bir rəhbərə ehtiyacı var. Məsuma (ə) bağlı olan, şəri və fiqhi yolla seçilmiş bir rəhbərə ehtiyacı var. Yaxşı bilirsiniz dünyanı titrədən və İslamı dirildən, dünyanın ən münəzzəh din alimi olan pak və uca Xomeynimiz, Vilayəti-fəqihi ümmətin yeganə nicat yolu qərar verdi. İstər bunu dini etiqad olaraq qəbul edən şiələr, istərsə də bunu əqli dəlillə qəbul edən sünnülər, ixtilaflardan uzaq olmalı və İslamın nicatı üçün vilayət xeyməsini (çadırını) tərk etməməlidirlər.
 
Bu xeymə – Rəsulullahın (ə) xeyməsidir. Dünyanın İslam Cümhuriyyətiylə düşmənlik etməsinin əsas səbəbi – bu xeyməni yandırmaq istəmələridir. Onun başına dolanın. And olsun Allaha, əgər bu xeymə xəsarət alarsa, Beytullah (Kəbə), Mədinədə Rəsulullahın (ə) hərəmi, Nəcəf, Kərbəla, Kazimeyn, Samira və Məşhəd artıq olmayacaq. Quran təhrif olacaq.
 
 
İranlı bacı və qardaşlarıma xitabən.
 
Ey mənim iranlı əziz bacı və qardaşlarım. Ey iftixarlı və başı uca xalqım. Mənim və mənim kimilərin canı min dəfələrlə sizə fəda olsun. Necə ki, siz İslama və İrana, yüzminlərlə can fəda etmisiniz. Usula riayət edin. Usul yəni Vilayəti-Fəqih. Xüsusi ilə bu müdrük, məzlum, dini, fiqhi, irfanı və mərifəti dərindən bilən, əziz Xameneini, canınızın əzizi bilin. Onun hörmətini müqəddəslərin hörməti bilin.
 
Mənim əziz qardaş-bacılarım, ata-analarım.
 
İslam cümhuriyyəti bu gün özünün ən başıuca mərhələsindədir. Bilin ki, düşmənin sizə necə baxması önəmli deyil. Düşmənlər sizin Peyğəmbərinizə (s) və Allahın övliyalarına necə baxırdılar?! Peyğəmbər (s) və Allah övliyaları ilə necə rəftar edirdilər?! Ona nə töhmətlər vurub, məzlum övladları ilə necə davrandılar?! Düşmənin məzəmməti, istehzası və basqısı sizi təfriqəyə və ayrılığa salmasın.
 
Bilin və bilirəm ki, bilirsiniz. Əziz Xomeyni əvvəl İslamı İranın dayağı etdi. Sonra İranı, İslamın xidmətinə verdi. Əgər İslam və islami ruhiyyə olmasaydı, Səddam yırtıcı canavar kimi bu ölkəni parçalayardı. Həmçinin Amerika da quduz it kimi bu işi görərdi. Rəhmətlik İmamın məharəti – İslamı dayaq olaraq gətirməsi idi. Aşura və Məhərrəmi, Səfər və Fatimiyyəni bu millətin dayağı etdi. İnqilab içində inqilablar icad etdi. Buna görə də hər mərhələdə minlərlə fədakar, canlarını İran millətinə, torpağına və İslama sipər etdi. Ən böyük maddi gücləri öz qarşılarında zəlil etdilər.
 
Əzizlər, üsulda ixtilaf etməyin…
 
Şəhidlər – hamımıza izzət və kəramət meyarıdır. Təkcə bu gün deyil, onlar həmişəlik olaraq Sübhan olan Allahın geniş dəryasına qovuşublar. Onları olduqları kimi, gözünüz, ürəyiniz və dilinizdə böyük tutun. Övladlarınızı onların adı və şəkilləri ilə tanış edin. Sizin hamınız, yetim sayılan şəhid övladlarına ehtiram və ədəblə nəzər edin. Onların yoldaşlarına, ata-analarına ehtiram edin. Necə ki, öz övladlarınızın təqsirindən tez keçirsiniz, onların da atasız, anasız, yoldaşsız, övladsız olmalarına görə, onlara xüsusi diqqət edin.
 
 
Vəliyyi-fəqihin başçılıq etdiyi və canınızı, məzhəbinizi, İslamınızı və ölkənizi qoruyan silahlı qüvvələrə hörmət edin. Onlar da həmçinin evlərini qoruduqları kimi, milləti, millətin namusunu və torpağını qorusun. Millətə ehtiram və hörmətlə yanaşsın. Necə ki, Əmirəl-möminin (ə) buyurur: Silahlı qüvvələr millətin izzət mənbəyi olmalıdır. Zəiflərin və millətin sığınacağı, qalası və zinəti olmalıdır.
 
 
4-cü hissə (sonuncu)
 
Əziz Kirman əhalisinə...
Əziz Kirman əhalisinə bir məqamı xatırladacağam. Onlar sevimli insanlardır, səkkizillik müqəddəs müdafiə zamanı ən böyük fədakarlıqları göstərmiş, İslama çox dəyərli komandir və mücahidlər təqdim etmişlər. Mən həmişə onlardan xəcalətli qaldım. Onlar İslama görə səkkiz il mənə inanıb övladlarını “Kərbəla-5”, “Vəlfəcr-8”, “Qüds yolu”, “Fəthül-mübin”, “Beytül-müqəddəs” və digər ağır döyüşlərə yollamışlar, məzlum İmam Hüseyn ibn Əlinin eşqi ilə “Sarəllah” adlı böyük və dəyərli bir diviziya yaratmışlar. Bu diviziya kəsərli qılınc kimi dəfələrlə xalqımızın və müsəlmanların qəlbini sevindirmiş, kədərini aradan qaldırmışdır.
 
Əzizlərim! Mən artıq İlahi təqdirlə sizin aranızdan getmişəm. Mən sizi öz ata-anamdan, övladlarımdan, bacı və qardaşlarımdan çox sevirəm. Çünki onlardan çox sizinlə bir yerdə olmuşam. Üstəlik, mən onların, onlar da mənim ürək parçam olsalar da, varlığımı sizə və İran xalqına nəzir etdiyimi qəbul etmişlər.
 
Kirmanın həmişə, sonadək vilayətə sadiq qalmasını istəyirəm. Bu vilayət Əli ibn Əbu Talibin (ə) vilayəti, bu çadır – Fatimə (s.ə) Hüseyninin (ə) çadırıdır. Onun başına dolanın. Sizin hamınızlayam. Bilirsiniz ki, həyatda siyasi rənglərdən çox insanlığa, duyğu və fitrətlərə fikir vermişəm. Məni özünüzdən bildiyinizə, qardaşınız və övladınız saydığınıza görə, hamınıza müraciət edirəm.
 
Vəsiyyət edirəm ki, bu dönəmdə İslam inqilabı və İslam respublikasında tərənnüm olunmuş İslamı tənha qoymayın. İslamı müdafiə etmək üçün xüsusi diqqət və sayıqlığa ehtiyac var. Siyasi məsələlərdə mövzu İslam, İslam Respublikası, müqəddəslər və vilayəti-fəqih olduqda bilin ki, bunlar – İlahi rənglərdir və İlahi rəngi hər bir rəngdən üstün tutun.
 
Şəhid ailələrinə müraciət
 
Övladlarım! Qız və oğullarım! Şəhid övladları! Şəhidlərin ata və anaları! Ey ölkəmizin nurlu çıraqları! Şəhidlərin vəfalı və dindar bacı-qardaşları və həyat yoldaşları! Bu dünyada Quran səsi kimi rahatlıq tapdığım, özümə ən böyük mənəvi dayaq bildiyim səs – bəzən hər gün ünsiyyətdə olduğum şəhid övladlarının, vücudlarında ata-anamı hiss etdiyim şəhid valideynlərinin səsi idi.
 
Əzizlərim! Nə qədər ki, bu xalqın öncüllərisiniz, öz qədrinizi bilin, şəhidinizi özünüz də yaşadın. Qoy sizi görən hər kəs şəhidin özünü – mənəviyyatını, möhkəmliyini və digər xüsusiyyətlərini hiss etsin!
 
Xahiş edirəm haqqınızı halal edin və məni bağışlayın. Mən çoxunuzun, hətta şəhid övladlarınızın da haqqını tam ödəyə bilmədim. Tövbə edir və əfv diləyirəm.
 
İstəyirəm ki, cənazəmi şəhid övladları çiyinlərinə götürsünlər. Bəlkə onların pak əlləri sayəsində Allah Öz lütfünü mənə şamil edər.
 
 
Ölkə siyasilərinə müraciət
 
Ölkə siyasilərinə qısa bir sözüm var; həm özlərini islahatçı adlandıranlara, həm də mühafizəkar adlandıranlara. Həmişə əziyyət çəkmişəm ki, biz ümumilikdə bəzən Allahı, Quranı, dəyərləri unudur, hətta qurban veririk.
 
Əzizlərim! Bir-birinizlə rəqabət apararkən, mübahisə edərkən əməliniz, sözünüz, diskussiyanız hər hansı şəkildə dini və inqilabı zəiflətsə, bilin ki, əziz İslam Peyğəmbərinin (s) və bu yolun şəhidlərinin qəzəbinə gəlmisiniz. Sərhədləri ayırın. Bir olmaq istəyirsinizsə, birliyin şərti prinsiplər üzərində açıq konsensusa gəlməkdir. Prinsiplər çox deyil, bir neçə əsas məsələdən ibarətdir:
 
1. Onların biri – vilayəti-fəqihə əməli etiqaddır; yəni onun nəsihətlərini eşidin, əsil dini və elmi həkim (müdrik) kimi tövsiyə və tapşırıqlarına ürəkdən əməl edin. İslam Respublikasında vəzifə qəbul etmənin əsas şərti – vilayəti-fəqiqə etiqad və əməldir. Mən nə təndir vilayəti deyirəm, nə də qanuni vilayət. Bunların heç biri vəhdəti həll etmir. Qanuni vilayət, müsəlman və qeyri-müsəlman olan bütün xalqa aiddir. Əməli vilayət isə ölkənin, özü də şəhid vermiş bir İslam ölkəsinin mühüm bir yükünün altına girmək istəyən məsul şəxslərə aiddir.
 
2. İslam Respublikasına, onun əxlaq və dəyərlərdən tutmuş, xalq və İslam qarşısında məsuliyyətlərə qədər bütün əsaslarına həqiqi etiqad.
 
 
3. Bir kəndə başçı təyin olunan kimi keçmiş mülkədarların xatirəsini canlandıranları yox, əlitəmiz, inanclı və xalqa xidmətçi şəxsləri işə götürmək;
 
 
4. Fəsadla mübarizəni, korrupsiya və dəbdəbədən uzaq durmağı həyat tərzinə çevirmək;
 
5. Vəzifəsindən asılı olmayaraq, xalqa hörmət və xidməti ibadət bilmək, özünü əsil xidmətçi, dəyərlərin təbliğatçısı saymaq, əsassız bəhanələrlə dəyərləri boykot etməmək.
 
Məsul şəxslər cəmiyyəti ata kimi tərbiyə və mühafizə vəzifələrinə diqqət yetirsinlər, laqeydliklə, hisslərə görə və səs qazanmaqdan ötrü cəmiyyətdə təlaq və fəsadı yaymasınlar, ailələri dağıdan xarakterləri dəstəkləməsinlər. Hökumətlər ailələrin möhkənməsində və dağılmasında mühüm amildirlər. Əgər prinsiplərə əməl olunsa – hamı rəhbər, inqilab və İslam respublikası yolunda olar, daha layiqlini seçmək üçün həmin prinsiplər ətrafında sağlam rəqabət baş tutar.
 
 
Korpusdakı qardaşlara müraciət
 
Korpusdakı əziz və fədakar qardaşlara və ordudakı pasdarlara qısa xatırlatmam var: Komandir seçərkən böhranı idarəetmə cəsarətini və qüvvəsini meyar seçin. Təbii ki, vilayət məsələsinə toxunmuram. Çünki silahlı qüvvələrdə vilayət məsələsi – xırda məsələ deyil, onun varlığının əsası və toxunulmaz şərtdir.
 
Başqa bir məsələ – düşməni, onun məqsəd və siyasətlərini vaxtında tanımaq, vaxtında qərar qəbul edib, vaxtında hərəkətə keçməkdir. Bunların hər hansı biri vaxtında baş tutmasa, qələbənizə ciddi təsir edəcək.
 
 
Din alimlərinə və böyük təqlid müctəhidlərinə müraciət
Cəbhələrin qırx illik əsgərindən böyük din alimlərinə, cəmiyyətin maariflənməsinə, qaranlıqların aydına çıxmasına səbəb olan dəyərli təqlid müctəhidlərinə qısa bir mesaj var. Əsgəriniz müşahidə qülləsindən gördü ki, bu quruluşa xəsarət toxunsa, bütün din və elm hövzələrində uğrunda əzab-əziyyət çəkdiyiniz dəyərlər sıradan çıxacaq. Bu dönəmlər, bütün dönəmlərdən fərqlidir. Əgər bu dəfə hakim olsalar, daha İslamdan heç nə qalmayacaq.
 
Doğru yol – inqilabı, İslam respublikasını və fəqih rəhbəri heç nəyi nəzərə almadan dəstəkləməkdir. Hadisələr zamanı İslamın ümidi olan sizləri nəyisə nəzərə almağa heç kim vadar edə bilməməlidir.
 
Hamınız Rəhmətlik İmamı sevir, yolunun doğruluğuna inanırdınız. İmamın yolu – Amerikaya qarşı mübarizə, İslam respublikasını və imperializmin zülmü altında qalmış müsəlmanları fəqih rəhbər bayrağı altında dəstəkləməkdir.
 
Mən nöqsanlı ağlımla görürdüm ki, bəzi şeytanlar haqq donu geyinərək təqlid müctəhidlərini və nüfuzlu alimləri öz sözləri ilə sükuta və nəyisə nəzərə almağa vadar etməyə çalışırdılar və çalışırlar. Haqq aydındır: İslam respublikası, dəyərlər, İmam Xomeyninin irsi olan vilayəti-fəqih. Bunları ciddi şəkildə dəstəkləmək lazımdır. Mən həzrət Ayətullah Xameneini çox məzlum və tənha görürəm. Onun sizin köməyinizə, dəstəyinizə ehtiyacı var. Siz böyük alimlər sözlərinizlə, dəstəklərinizlə, onunla görüşlərinizlə cəmiyyətə mesaj verməlisiniz. Əgər bu inqilaba xəsarət toxunsa, hətta məlun şahın dövrü kimi də olmayacaq, hegemon qüvvələr xalqı mütləq dinsizliyə və dönüşü olmayan dərin azğınlığa sürükləyəcəklər.
 
Mübarək əllərinizdən öpür, bu sözlərə görə sizdən üzr istəyirəm. Bunu hüzurunuza gələrək söyləmək istəyirdim, amma imkan olmadı.
 
Əllərinizdən öpən əsgəriniz.
 
Hamıdan əfv diləyirəm.
 
 
Qonşularımdan, dostlarımdan və həmkarlarımdan bağışlanma və əfv diləyirəm. “Sarəllah” diviziyasının döyüşçülərindən, düşmənin gözünə tikan, yoluna sədd olan əzəmətli Qüds qüvvələrindən, xüsusən də qardaşcasına mənə kömək edənlərdən halallıq və əfv istəyirəm.
 
Mənə xeyirxahlıqla, qardaşcasına, övladı kimi kömək edən və qardaşlarım kimi sevdiyim Hüseyn Purcəfərinin adını çəkməyə bilmərəm. Onun ailəsindən, bütün döyüşçü və mücahid qardaşlarımın əziyyətə saldığım ailələrindən üzr istəyirəm.
 
Əlbəttə, Qüds qanadındakı bütün qardaşlar məni öz qardaşları kimi istəyib kömək etmişlər; o cümlədən mənə səbir və mətanətlə dözmüş əziz qardaşım Sərdar Qaani…/deyerler.org  /