Şəban ayının qalan günlərini əldən verməyin..

Hazırda yaşadığımız günlər mübarək Şəban ayının son günləri olması baxımından olduqca dəyərlidir. Həmişə yadda saxlamalıyıq ki, Allah-Taalanın bizim üçün yaratdığı fürsətlərdən maksimum istifadə etməliyik. Həmin fürsətlərdən biri də dua, minacat, təvəssül və intizar ayı olan mübarək Şəban ayıdır. Daha bir böyük nemət isə yaxınlaşmaqda olan mübarək Ramazan ayıdır. Yaxşı olar ki, biz artıq Şəban ayında özümüzü Ramazan ayına hazırlamağa başlayaq. Ramazan ayı ilahi ziyafət ayıdır, ilahi ziyafət adlı bir sferaya daxil olmaq üçün isə müəyyən hazırlığa ehtiyac var. Yaxşı olar ki, biz Şəban ayından başlayaraq özümüzdə bu hazırlığı təmin edək.

Siz gənclərin işi bizdən daha asandır. Qəlbi saf, təmiz olan, insanın zamanla bulaşdığı çirkinliklərə hələ bulaşmamış gənclər daha hazırlıqlı olur. Qoy onlar bu hazırlığın, mübarək Şəban ayının bu dualarının, xüsusilə də imamlardan (ə) nəql olunmuş məşhur “Şəbaniyyə” minacatının qədrini bilsinlər. Bir vaxtlar mən İmam Xomeynidən soruşdum ki, Əhli-Beytdən (ə) nəql olunmuş təsirli dualar içərisində sizə daha çox hansı dua yaxındır, hansını daha çox oxuyursunuz, cavab verdi ki, “Şəbaniyyə” minacatı və “Kumeyl” duası. İmam Xomeyni – o püxtələşmiş arif, Allah yolunda çalışıb-vuruşan o böyük insan bu iki duaya daha çox diqqət ayırırdı. (Ali Rəhbərin xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşü zamanı etdiyi çıxış – 20/May/2017.)

Bu iki duanın ləhni, ahəngi bir-birinə yaxındır, hər ikisi aşiqanədir. “Şəbaniyyə” minacatında deyilir:

وَ اِنْ اَدْخَلْتَنىِ النَّارَ اَعْلَمْتُ اَهْلَها اَنّى اُحِبُّكَ

İlahi, əgər məni Cəhənnəmə atsan, mən də Cəhənnəm əhlinə Səni sevdiyimi deyəcəyəm!

“Kumeyl” duasında deyilir:

لَئِنْ تَرَكْتَني ناطِقاً لَاَضِجَّنَّ اِلَيْكَ بَيْنَ اَهْلِها ضَجيجَ الاْمِلينَ وَ لاَصْرُخَنَّ اِلَيْكَ صُراخَ الْمَسْتَصْرِخينَ وَ لاَبْكِيَنَّ عَلَيْكَ بُكاءَ الْفاقِدينَ

Əgər orada mənə dillənməyə icazə versən, Cəhənnəm əhlinin arasından üzümü Sənin dərgahına tutub, ümidi üzülməyənlər tək ah-nalə qoparacağam, fəryad edənlər tək and-aman edəcəyəm, öz əzizlərini itirənlər kimi zar-zar ağlayacağam...

Mütləq bu dualarla ünsiyyətdə olmalı, qəlbimizi yumşaltmalıyıq. Bu qəlb çox qəribədir; bəzən, insanı səmalar zirvəsinə və mənəviyyat meracına yüksəldir, bəzən də, əksi baş verərək bərkiyir, insanın ayağına bağlanmış ağır daş tək dərənin dibinə yuvarladıb qərq edir, insana od vurur. Əgər qəlbi pula, cinsi istəklərə, məqam və vəzifəyə satdınızsa, o, artıq qəlb deyil, elə ağır daşdır.

İnşallah ki, hamımız Şəban ayının qalan günlərindən istifadə edib, bu ilahi rəhmət vadisində mənəvi bir atmosferə daxil olmağa, bu günlərdən ən gözəl şəkildə bəhrələnməyə müvəffəq olarıq; əsas budur. (Ali Rəhbərin təhlükəsizlik işçiləri ilə görüşü zamanı etdiyi çıxış – 13/07/1383 hicri-şəmsi.)

Maide.az – Maarif bölümü