Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 3-Allahla ünsiyyət

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə Əhli-beyt (ə) dostlarının xüsusiyyətlərini bəyan edərkən belə buyurur:
 
يَا عَبْدَ اللَّهِ لَقَدْ نَصَبَ‏ إِبْلِيسُ‏ حَبَائِلَهُ‏ فِي دَارِ الْغُرُورِ فَمَا يَقْصِدُ فِيهَا إِلَّا أَوْلِيَاءَنَا وَ لَقَدْ جَلَّتِ الْآخِرَةُ فِي أَعْيُنِهِمْ حَتَّى مَا يُرِيدُونَ بِهَا بَدَلًا آهِ آهِ عَلَى قُلُوبٍ حُشِيَتْ نُوراً
 
“Ey Abdullah! Şübhəsiz, İblis bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Lakin axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu əsla heç nəyə dəyişməzlər. Qəlbləri nurla dolu olanların xoş halına! (Əhli-beyt (ə) dostları) dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan və söz anlamayan düşmən kimi bilərlər.” 
 
Həzrət (ə) sözünün davamında Əhli-beyt (ə) dostlarının növbəti xüsusiyyətinə toxunaraq buyurur:
 
أَنِسُوا بِاللَّه
 
“Onların ünsiyyəti Allahladır.” (“Tuhəful-uqul”, c.2, səh.301.)
 
اَنِسوا باللّهِ
 
Ünsiyyəti yalnız maddi istəklərlə olan dünyapərəstlərin ziddinə olaraq, Əhli-beytin (ə) həqiqi dostları Allahla ünsiyyətdədirlər. Dünyapərəstlər üçün xəlvət bir otaqda iki rükət namaz qılmaq zindanda cəlladın işgəncəsinə məruz qalmaq qədər ağırdır. Amma Allah dostları biganələrdən uzaq bir guşədə həqiqi məhbubla ünsiyyət intizarındadırlar.
 
Onlar namaz vaxtını həsrətlə gözləyir, vaxtlarının ən gözəl hissəsini Allahla rabitəyə ayırır, vaxtaşırı Quran tilavət edir, zikr, dua və istiğfarla məşğul olur və Allahla raz-niyaz və münacatdan böyük ləzzət alırlar.
 
Qeyd etməliyik ki, bu gün duyduğumuz nəfsani ləzzətlər axirət aləmi ilə müqayisədə yuxudan artıq bir şey deyil. “Fəcr” surəsinin 24-cü ayəsində buyurulur:
 
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي
 
“İnsan deyəcək: “Ey kaş, əvvəlcədən axirət həyatım üçün bir iş görəydim.”
 
“Ənkəbut” surəsinin 64-cü ayəsində isə belə buyurulur:
 
وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ
 
”Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət aləmi isə, şübhəsiz ki, əbədi həyatdır.”
 
Gözlərini dünyaya qapayan insan əbədi həyata düşdüyünü anlayır. İnsan bilməlidir ki, nəfsin şirin vədləri yalnız ölümə qədərdir. Allahla ünsiyyət və Onun mərifətini dadmaq isə əbədi bir ləzzətdir.
 
Ardı var...
 
Maide.az – Maarif bölümü
 
Öncəki yazını BURADAN oxuya bilərsiz