Quranda İslami təfəkkür tezisi - 6-cı məclis

MÜJDƏLƏR

Çərşənbə axşamı – 1974/09/24

Ramazan ayının 7-i.

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا. فَأَمَّا الَّذِينَ آمَنُواْ بِاللّهِ وَاعْتَصَمُواْ بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُّسْتَقِيمًا

Ey insanlar! Həqiqətən, sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur nazil etdik. Allah, Ona iman gətirən və Ondan möhkəm yapışanları Öz mərhəməti və lütfünə şamil edər və onları özünə tərəf gedən düz yola hidayə edər.

“Nisa” surəsi, ayə 174-175.

İmanla bağlı bəhsimiz, həqiqətdə, müqəddimə xarakteri daşıyırdı. Dini və dinin əqidə prinsiplərini anlayıb onlara meyil göstərmək və dinlə ciddi şəkildə tanış olub ona əməl etməyimiz üçün imanın həqiqəti və qiyməti haqqında məlumatlı olmalıyıq. İmanla bağlı bəhsimiz bu məqsədi izləyir.

Bu mövzuda iki-üç önəmli məsələyə toxunduq. Onlardan biri kor-koranə iman deyil, agahlıq əsasında iman məsələsi, biri imanın əməl və öhdəliklərlə təsdiqlənməsi, qəlbdə və zehində boş və quru qalmaması, əməl və məsuliyyətlə nəticələnməsi, biri də məsuliyyətli möminin imanının ötəri, fürsəttələb və mənfəəttələbliklə deyil, daimi və hərtərəfli olmasıdır. İmanla bağlı bu məsələlərə işarə olundu və onların öyrənilməsi də zəruri idi.

Nəzərimizdəki əsas mövzuya – İslamda əqidə təlimlərinə başlamazdan öncə, qısa bir bəhsə də ehtiyac var ki, onu bu gün başlamaq məcburiyyətindəyik və sabahdan bu bəhsi davam etdirəcəyik. İlk baxışda bu bəhsi bir günə tamamlayacağımı təsəvvür edirdim, araşdırma apardıqdan sonra (gördüm ki,) ancaq dörd-beş günə tamamlaya bilərik. Bu günlə sabah, sözsüz, bu haqda danışacağıq. Əgər ömür vəfa etsə, ehtimal ki, üçüncü günə çəkməz. Həmin bəhs budur: Biz imanın dəyəri və nəticəsi ilə tanış olmaq üçün Allahın möminlərə vəd etdiyi müjdələr haqqında məlumat əldə etməliyik ki, görək, Allah-Taala möminə imanı, saleh əməlləri və öhdəliklərinin icrası müqabilində nələr verəcək. Alış-verişə vərdiş edən, həyatını ticarətlə keçirən insan Allahla ticarətin necəliyi haqda da öyrənmək istəyir. O, imanının və onun sayəsində yerinə yetirdiyi əməllərin müqabilində Allahın Öz öhdəsinə aldığı, ona nə bəxş edəcəyi və hansı qarşılıqla müjdələyəcəyini də bilməyə maraq göstərir. Bu, möminin və iman vadisində möhkəm və sabitqədəm olmaq istəyən şəxsin nəzərində maraqlı, şirin, ləzzətbəxş, sevimli və ümidverici bir məsələdir.

İman, mömin və onun xüsusiyyətləri ilə bağlı bütün Quran ayələrini topladıq və bu mövzuya təqribən, yeddi yüzə yaxın ayə həsr olunmuşdur. Bu ayələri incələməkdə məqsədimiz Allahın iman müqabilində bəxş edəcəyi, möminlərə vəd etdiyi müjdələr, onların xeyirli və könüloxşayan axır-aqibəti haqda məlumat əldə etməkdir. Bu mövzunun olduqca əhatəli olduğunu gördüm. Nəzərimcə, bəlkə də, Allah-Taala Quranda imanı, təqribən, otuz-qırx müjdə ilə qarşılayır. Mömin otuz-qırx böyük və önəmli imtiyaza sahib olur. Bütün bunlar bir insanın səadət və xoşbəxtliyi üçün zəruri məsələlərdir. Bu imtiyazlardan biri də axirətdəki Cənnətdir:

جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ

(Ağacları) altından çaylar axan Ədn cənnətləri...[1]

(Gördüm ki, əgər bütün bunları – möminlərə veriləcək müjdələri bir-bir araşdırsaq, qeyd etdiyim kimi, bəhsimiz ən azı 4-5 gün çəkəcək. Odur ki, bu gün (əlinizdəki vərəqdə qeyd olunduğu kimi,) onun ikisi haqqında söz açacaq, sabah da bir-iki məsələyə toxunub qalanlarını Qurana müraciət etməyiniz üçün sizin öz öhdənizə qoyacağam. Bu neçə məsələni qeyd etməmişdən öncə, xatırladıram ki, Quranda möminlərə vəd edilən bəzi müjdələrlə bağlı bəzi məsələlər (təqribən, 10-11 məsələ) bu vərəqdə qeyd edilmişdir və onu sizin üçün bir-bir oxuyub qısa şəkildə izah edəcək, sonra isə Quran ayələrinə başlayacağıq.)

Burada qeyd etmişəm: İnsanın xöşbəxtlikdən hərtərəfli, kamil bəhrələnməsi və xoşbəxt olması üçün nələrə ehtiyacı var? İnsanın hərtərəfli və kamil xoşbəxtliyə çatması üçün ehtiyac duyduğu məsələləri burada qeyd etmişəm və onlar təqribən, 10-12 məsələdən ibarətdir. Sual budur: Görəsən, bu məsələlərdən biri olmazsa, insan özünü xoşbəxt sanarmı? Görəcəksiniz ki, cavab mənfidir. Əlbəttə, insanın xoşbəxt olmasında rol oynayan digər məsələlər də vardır. Burada qeyd edilən və edilməyən məsələlər, həmçinin, Quranda möminə vəd edilən müjdələrdən nə nəticə alırıq? Nəticə alırıq ki, iman əməllə birgə olmalıdır;Quran təlimlərinə əsasən, bu, bir insan üçün təsəvvür olunan ehtiyaclar baxımından səadət və xoşbəxtliyin bütün şərtlərinə bərabərdir.

Burada dindarlıq təəssübkeşliyindən söz getmir, bizim xoşbəxtliyin şərtləri ilə bağlı qeyd etdiklərimiz bir materialistin də xoşbəxt olması üçün kifayətdir. Onları bir-bir oxuyuram, görək, bir materialist bu şərtlərə sahib olduqda, xoşbəxtlik hiss edəcək, ya yox? Bunların xoşbəxtlik şərtləri olduğunu bildikdən sonra, Qurana üz tutub onun könüloxşayan sözlərini dinləyəcək və onların möminlərə vəd edildiyinin şahidi olacağıq. Allah da sözündə sadiqdir, yalan vəd etmir. Əlbəttə, söhbətin bu hissəsi bizim məzhəbimiz və Allaha inancımızla bağlı xas təfəkkür tərzimizdir.

İnsanın nələrə ehtiyacı var?

Birinci,: Onun hədəfi və xoşbəxtlik bağını tanımağa ehtiyacı var. O, hara gedəcəyini, hansı məqsəd üçün çalışacağını bilməli, yolun son nöqtəsi haqda əvvəlcədən məlumatlı olmalıdır. Məqsədi anlayıb-öyrənməklə bərabər hansı yolla ona daha tez çatacağını da bilməlidir. Görəsən, məqsəd və ona çatdıran yolun sonu ilə tanış olmaq insan xoşbəxtliyinin əsas və ilk şərti deyilmi? Burada ilahi və materialist dünyagörüş arasında fərq yoxdur. Materialist də bunu qəbul edir. (Mötərizədə qeyd etmişik ki, ilk şərt hidayətdir. Amma ikinci şərt; burada göstərdiyimiz ikinci nömrə məntiqi tərtibə işarə deyil, çünki ikinci ilə birincinin yerini dəyişmək də olar. Biz ardıcıl yazsaq belə, onlara əlavələr də etmək olar.)

İkincisi: Nadanlıq, məğrurluq və güman kimi şüur və düşüncə gövhərini örtən, görmə və anlama qabiliyyətini aradan qaldıran bütün zülmət pərdələr kənara çəkilməlidir. Bir çox səbəblər insanı düşünməkdən saxlayır; məğrurluq, nadanlıq, xəyal, xurafat, zülmkar rejimlər fərdə və cəmiyyətə həqiqəti dərk etməyə imkan vermir, onu zülmət içində saxlayır, qaranlıqda həbs edir, onu işıqdan, düşüncə çırağından məhrum edir. İnsanın səadət və xoşbəxtlik sütunlarından biri də budur ki, insan bu qaranlıqlar və onu yaradan amillərdən qurtulsun, həqiqət qəndilini axtarıb tapsın, qəlbində həqiqət nuru işıqlansın. (Burada mötərizədə “nur” yazmışam.) Demək, birinci (qeyd edilən mənada) hidayətə, ikinci isə nura (verilən mənada) ehtiyac vardır. (Bu iki şərt!)

Üçünücü: Xoşbəxtliyə və son məqsədə doğru addımladığı uzun yolda xarici amillərdən daha da təhlükəli olan daxili vəsvəsələr və narahatlıqlar kimi azdırıcı amillərdən nicat tapmalıdır. Bir nəfər sizin qarşınızı kəsib deyir: “Buradan keçməyə icazəniz yoxdur.” Təcrübə də göstərmiş, tarixdə də açıq-açkar sübuta yetmişdir ki, qarşısı alınan və yolu bağlı olan insan bu yolu ötüb-keçmək üçün daha da hərisləşir, marağı daha da artır, ona doğru dayanmadan can atmağa başlayır. Əgər ona: “Yolu keçməyə imkan verməyəcəyik!” – deyilsə, onu keçmək üçün daha da can atacaq. Buna “xarici maneə” deyilir və bu maneə insanın vücudundan xaricdədir. Bəzən də maneə və amillər insanı daxilən çürüdür, onda şəkk-şübhə yaradır, yolunun qarşısını kəsir. Yol açıq olsa da onu ötüb-keçmək üçün gücü, iradəsi və hərəkəti olmur. Bu daha da təhlükəlidir: “Axı nə üçün gedirsən? Nə faydası var? Bəlkə, heç məqsədə çatmayacaqsan? Bəlkə, yolda oğru və yırtıcı heyvan var? İcazən varmı? Lazım deyil, getmə!” – kimi soyuqqanlı, qayğıkeş, müdrikcəsinə və ustadyana şübhələr açıq yolu ötüb-keçməyə əngəl törədir. Bu maneə, bu vəsvəsə və bu narahatlığa dözmək yolun ortasındakı xarici maneəni aşmaqdan daha çox güc tələb edir.

Bu narahatlıqlar tarix boyu əksər xoşbəxtlik yolçuları üçün olmuşdur. Həzrət Musaya (ə) nə qədər yalvardılar ki, sənə deyilənlərin yanlış, edilən vədlərin yalan olduğundan qorxuruq. Quranda buyurulur ki, yoxsulluq və fəlakət o qədər artmışdı ki, hətta xas bəndələr belə sarsılmışdılar: Allahın köməyi nə vaxt gələcək?”[2] Bəs hanı? Nə oldu?”

Bəli, hətta xas bəndələr sarsılır, daxili şübhə və gərginliklər içində çapalayırlar. Əgər insan xoşbəxt olmaq, məqsədə və xoşbəxtlik yolunun sonuna çatmaq istəyirsə, bir şətri də budur ki, həyəcanlar, sarsıntılar, ruhi gərginliklər, narahatlıqlar və daxili vəsvəsələrə qalib gəlməlidir. İnsanı xoşbəxtliyə yetirən yollardan biri də budur. (Mötərizədə “əmniyyət və xatircəmlik” qeyd etmişik, əmniyyətin yerinə təhlükəsizlik də qeyd edə bilərsiniz, fərq etməz. Quran ifadəsi olduğu üçün mən də “əmniyyət” sözünü seçdim.)

Bu sözü burada xatırlamağım yerinə düşər, bəlkə də dəfələrlə təkrarlamışam. “Kumeyl” duasında belə oxuyuruq:

يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ قَوِّ عَلَى خِدْمَتِكَ جَوَارِحِي وَ اشْدُدْ عَلَى الْعَزِيمَةِ جَوَانِحِي

Ey Rəbbim, ey Rəbbim, ey Rəbbim! Sənə xidmət üçün cismimə qüvvət ver və qəlbimdə əzmkarlığı artırki, süstlüklərə, şəkk-şübhələrə, vəsvəsələrə və gərginliklərə qalib gələ bilim. Bu hallar insanı yol boyu yorur, hərəkətdən saxlayır.

Dördüncü: Öz fəaliyyətini səmərəli hesab etməli, ümidvar olmalıdır ki, bu fəaliyyəti onu məqsədə çatdıracaq. İş və fəaliyyətinin nəticə verəcəyinə ümidsiz olanlar, şübhəsiz, səadət və xoşbəxtlik mənzilinə çata bilmirlər. Odur ki, insan fəaliyətinin səmərəli olacağına arxayın olmalı, yerinə yetirəcəyi hər bir işin mütləq müsbət bir iz buraxacağına inanmalı, atdığı hər bir addımın onu məqsədə daha da yaxınlaşdırdığına əmin olmalıdır. Əgər siz mənzilin hansı tərəfdə olduğunu və hansı istiqamətə doğru hərəkət etdiyinizi bilirsinizsə, gec olsa da, tək-tənha olsanız da, karvandan geri qalsanız da, möhkəm və qətiyyətlə, şövq və həvəslə addımlayar, irəliləyərsiniz. Yox, əgər yolu itirsəniz, hansı istiqamətə doğru hərəkət edəcəyinizi bilməsəniz, hansı istiqamətə tərəf getsəniz də yorğun olacağınızı görəcəksiniz. Nə üçün? Çünki hərəkətinizin səmərəli olacağından əmin deyilsiniz. Ehtimal edirsiniz ki, bu addımlar sizi məqsəddən yayındırır. Odur ki, həmin istiqamətə getməkdən üz döndərəcək və digər istiqamətə doğru yönələcəksiniz. Deməli, yolçu və zəhmətkeş insanın səadət və xoşbəxtliyə çatması üçün şərtlərdən biri də öz təlaş və hərəkətinin səmərəli olacağına əmin olmasıdır.

Beşinci: Səhv və büdrəmələri bağışlanılan və təlafi edilən olmalıdır. Bu da çox önəmli məsələdir. İnsan həyatı və fəaliyyəti boyunca səhvlərə, xətalara yol verir. Hər bir xəta sağalmayan yara tək qalarsa, insan növbəti xətaya qurşanacağı ilə bağlı narahatlıq hissi keçirəcək və beləcə, gündən-günə onu məqsəddən uzaqlaşdıracaq, yoldan çıxaracaq, həmişə keçmişin həsrətini çəkəcək, gələcəyə bədbin olacaq. Amma xətalarına görə peşman olub onların bağışlanacağı və aradan qalxacağına əmin olarsa, onun şövqü, ümidi və marağı neçə qat artacaqdır. (Mötərizədə bunun adını “rəhmət” və “məğfirət” kimi qeyd etmişəm.)

Altıncı: Hər zaman mökəm dəstəkdən yapışmalı, hər bir vəziyyətdə bir yardımçının yardımından bəhrələnəciyinə əmin olmalıdır. Bu halda eynilə yolun xəritəsini cibində gəzdirən bir şəxs kimi, ötüb-keçdiyi yolda səhvə yol vermədiyini, narahat olmadığını bildiyi halda, birdən yol əsnasında səhvən yolu itirsə də cibindəki xəritəyə baxıb yolu tapacaq. Hər zaman onun möhkəm sığınacaq yeri olmalıdır ki, ondan yapışsın və bəhrələnsin.

Yeddinci: Düşmənlər və düşmənçiliklər müqabilində Allahın himayə və yardımına güvənməlidir. Bu da səadət və xoşbəxtliyin digər bir şərtidir. Əlbəttə, materialist Allaha inanmadığından ona “Allah” adını işlətmirik, ona deyirik ki, maddi əməyiniz, ictimai fəaliyyətiniz və mübarizənizdə maddi qüvvənin arxasında metafizik bir qüvvə də sizinlə birgədir. Bu, necə ola bilər? Özünüz üçün bir yardımçı təsəvvür edin. Bu necədir? Məsələn, bir nəfərin gözünü işıqdan qaçırdığını gördüyünüz halda, onun çox yaxşı olduğunu deyirsiniz. İnsanın dayağının maddi gücdən üstün metafizik bir qüvvədən ibarət olması, düşmənlər, düşmənçiliklər, qəddarlıqlar, hiylələr və məkrlərlə üzləşdikdə, həmin gücün onun hami və yardımçısı olması nə qədər də maraqlıdır! Düzdür, materialist Allahın adı ilə tanış olmasa da, Ona iananmasa da, Allahın yoxluğuna da əmin deyil. Lakin varlığına yəqin etdiyi, qalib və yenilməz qüdrətə sahib olduğu, bütün fenomenlərin fövqündə dayandığı bir ilaha güvənən insanın səadət və xoşbəxtlik yolunda necə də sürət və maraqla hərəkət etdiyinin şahidi olacaqsınız.

Səkkizinci: Müxalif cəbhə və cərgələrdən üstün olmağa çalışmalı, öz üstünlüyü və qalibiyyətinə inanmalıdır. İnsanın bu yolu daha da asan şəkildə ötüb-keçməsi üçün bu şərtin də öz növbəsində qəribə təsiri vardır.

Doqquzuncu: Yolu və məqsədinə maneçilik törətməyə çalışan düşmənlərə qələbə çalmalıdır. İnsan bütün təlaşlardan sonra məğlubiyyətə uğrayarsa, təbii ki, xoşbəxtlik yolundan qalacaq. Odur ki, bir insanın ən mühüm xoşbəxtlik amili sonda qələbəyə nail olmasıdır. Məgər belə deyilmi? Məgər dünyəvi məktəblər qələbə üçün çalışmırlarmı? Demək, fərdin və cəmiyyətin xoşbəxtlik amillərindən biri də düşmənlərlə mübarizədə qələbə qazanmasıdır.

Onuncu: Sonda bütün çətinliklər, sıxıntılar, hasarlar və maneələri aşaraq, öz məqsədinə və mənzil başına çatmalıdır. (Mötərizədə “uğur” və “müvəffəqiyət” qeyd etmişik, bu da Quranın ifadəsidir.)

On birinci: Hər zaman, istər yol əsnasında, istərsə də məqsəd və mənzilə çatdıqda, bu dünyada insan üçün hazırlanmış ehtiyatlardan, yerin və göyün onun üzərinə yağan bərəkətlərindən, yerin buğdası və göyün yağışından, dəniz və meşə nemətlərindən, dağların mədənlərindən, insana lazım olan bütün həyati və qeyri-həyati ehtiyaclardan, ən vacib isə onun üzünə açılmış əql, dərk, şüur və istedad mənbəyi və mədənindən layiqincə istifadə etməli, bəhrələnməlidir. İnsanın xoşbəxtliyində rolu olan amillərdən biri də budur. Bu kimi digər amilləri də öz xoşbəxtliyi yolunda önəmli bilməlidir.

Nəhayət, insan həyatı, fəaliyyəti və ayıqlığı zamanı yerinə yetirdiyi bütün bu məsələlərdən sonra onun həyat çırağı sönərək əbədiyyətə qovuşsa da (axirətdə) onlardan bəhrələnmə prosesi sona yetməyəcək, istirahətinin, mükafat alacağının, rahat həyatının başlanğıc nöqtəsinə çevriləcək. Bir materialist isə öldükdən sonra bütün əmək və fəaliyyətlərinin nəticəsi elə dünyada qalır, dünyadan sonra ümid yeri yoxdur. Ona demək lazımdır ki, əgər öldükdən sonra (fərz edin və fərz etmək də qeyri-mümkün deyil), onun ölümünün əvvəli rahat həyatının başlanğıcı olarsa, necə? Gördünüz ki, bu, xoşbəxtliyin ən böyük şərtidir və nəhayət, həyat dövranı və bütün fəaliyyətlərə son qoyulduqdan sonra, mükafatlarla, nemət dolu “Rizvan cənnəti”nə layiq görülməsi ilə üzləşəcək.

Bunlar xoşbəxtliyin şərtləridir. Bir fərdin və cəmiyyətin səadət və xoşbəxt olması üçün bu şərtlər zəruridir. İndi isə Quranın sözünə – öhdəliklərə əməl edən iman sahibinə verilən müjdələrə – qulaq asaq. Quran xoşbəxtliyin on bir amili, eləcə də, digər şərt və prinsiplərinə əməl edən iman əhlini hidayət, nur, əmin-amanlıq, rahatlıq, ruhi aramlıq və zəhmətlərin puça çıxmayacağı ilə müjdələyir. Biz tarixə, keçmişə, tarixi və bəşəri həqiqətlərə aydın gözlə baxsaq, ilahi qanunauyğunluğun həmişə eyni olduğunu görəcəyik.

Üzündən oxunulan və azacıq izah edilən bu müqəddimədən sonra bugünkü ayələri diqqətlə izləyək. Birinci ayə “Yunis” surəsinə aiddir. Bu gün oxuyacağımız ayələr Quranın ayrı-ayrı yerlərindəndir:

إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ

İman gətirən və saleh əməllər yerinə yetirənləri Rəbbi iman gətirdiklərinə görə hidayət edər.[3]

Mötərizədə saleh əməli bir ifadədə, qısa şəkildə belə izah etmişik: İmanla mütənasib olan öhdəlik. İman insanın çiyninə öhdəliklər qoyur; saleh əməl həmin öhdəlikləri yerinə yetirməkdir. Demək, iman gətirən, sonra isə öhdəliklərinə uyğun əməl edənləri Rəbbi iman gətirdiklərinə görə hidayət edəcəkdir. İman həm yolu, həm hədəfi, həm də vəsilələri tapmağa səbəb olur. Bəziləri deyirlər ki, axi biz hədəfə, mənzil başına necə çata bilərik? Bu sözü araşdırdıqda, onun qəlbində hələ imanın ilkin mərhələsinin belə olmadığını, əgər iman olsa belə, əməllə birgə olmadığını görəcəyik. Əgər əməl etsə, hidayətə qovuşacaq, aydınlığa çıxacaq və sonrakı mərhələyə də qədəm qoyacaq.

خود راه بگویدت که چون باید رفت

“Yol özü sənə deyəcək ki, getməli, onu mütləq ötüb-keçməlisən.”[4]

İnsan hədəfə iman gətirib onun ardınca hərəkət etdikdə, yol özünü göstərəcək. يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ – Allah iman vasitəsilə onlara doğru yolu göstərəcək, yolu onların üzünə açacaq.

İlk addımda heç bir rəhbər, heç bir şəxsiyyət, heç bri yolçu onuncu addımın nə olacağını bilmir. Mən bəzən belə bir misal çəkirəm: Fərz edin, eni-uzunu onlarla kilometr olan bir düzənlikdə ikən aysız-ulduzsuz, qaranlıq bir gecədə əlinizdə bir çıraq, ya fənər, ya da bir şam tutduğunuz hada yol gedirsiniz. Sizə: “Bu çıraq və şamla düzənliyin sonuna qədər getməlisiniz!” – deyildikdə, siz ona baxıb deyəcəksiniz: “Axı, bu şam bir metri belə işıqlandırmırsa, onunla on kilometrlik yolumu qət etməliyəm?” Bu məlumatsız, təcrübəsiz və səriştəsiz bir insanın məntiqidir. Ona nə cavab vermək lazımdır? Sizcə, bu kor məntiqin cavabı nə ola bilər? Onun cavabı odur ki, həmin çıraq bir metrlik məsafəni işıqlandırırsa, metr-metr irəli addımlamalı, mümkün olmadığı təqdirdə getməməlidir. Sən hələ işıqlanan bu bir metri və addımı qət et, əgər önündəki növbəti addım işıqlanmazsa, dayan, irəliləmə, yenə işıqlandıqda, yoluna addım-addım davam et. O zaman, tədricən, düzənliyin sonuna çatdığını və qaranlıq yolu addım-addım ötüb mənzil başına çatdığını görəcəksən. Bəlkə, belə deyil? يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ – Allah onları imanlarına görə hidayət edəcək. Bəli, iman insana yolun tapılmasında yardımçıdır.

Quranın digər bir neçə ayəsində də bu məsləyə işarə olunur. Bu vərəqdə qeyd etmədiyim bir ayədə buyurulur ki, bir surə, yaxud bir ayə nazil olduqda, kafirlər, müxaliflər, münafiqlər və qəlbləri xəstə olanlar deyirdilər:

أَيُّكُمْ زَادَتْهُ هَـذِهِ إِيمَانًا

“Bu (surə) sizin hansınızın imanını artırdı?”[5]

Peyğəmbərə (s) buyurulur ki, onlara belə cavab versin: Möminlər və haqqa üz tutanların bu surə və ayə ilə imanları artır. Onlar qəlbən iman gətirdiklərindən bu hidayət mayasından hidayət əldə edirlər.[6]

Növbəti ayə:

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ

Ey insanlar! Sizə Rəbbiniz tərəfindən (qəti, aşkar və sabit) bir dəlil gəlmişdir.

وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا

Biz sizə aydın bir nur nazil etdik.[7]

“Dəlil” və “nur” ifadələrində məqsəd “Quran” və “Quran həqiqətləri”dir. Növbəti ayə buna dəlil-sübutdur:

فَأَمَّا الَّذِينَ آمَنُواْ بِاللّهِ وَاعْتَصَمُواْ بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُّسْتَقِيمًا

Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfünə şamil edər və onları Özünə tərəf gedən düz yola hidayət edər.[8]

İman təklikdə kifayət deyil, onunla bərabər Allahdan, dinindən və yolundan da möhkəm yapışmaq lazımdır. Belə olduqda, Allah-Taala Öz lütfü və mərhəməti sayəsində iman gətirib Ondan möhkəm yapışanları Özünə doğru hidayət edəcək, onlara düzgün və yaxın yolu göstərəcəkdir. Bu hidayət möminlərə məxsusdur. İman gətirib Ondan və Onun yolundan yapışmayanlar və Allahın qarşısında öz öhdəliklərini icra etməyənlər Allaha doğru gedən yolu tapa bilməzlər, hidayət çırağı onların qəlbini işıqlandırmaz.

Başqa bir ayə:

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا

Bizim yolumuzda cihad edənləri, şübhəsiz, Öz yollarımıza hidayət edəcəyik.

Bu ayə məşhurdur və dillərdə çox dolanır. Bizim yolumuz”, yəni Allahın yolu, ilahi hədəflər. Allahın yolu və ilahi hədəflər nədir? Ədalət, əmniyyət, bəndələrin Onun müqabilində bəndəçilik etməsi, Allah bəndələrinin təkamülə yetməsi, yer üzünün, eləcə də, insanların qəlblərinin, dünya və axirətinin abadlaşması, bütün varlıqların təkamül yolunda hərəkət etməsi, həmçinin gümana, şirkə, küfrə, hərc-mərcliyə, vəhşilik və qəddarlığa, haqsızlıq və zorakılığa son qoymaq – bütün bunlar Allahın istəkləridir. Bəli, Bizim hədəf və istəklərimiz uğrunda mübarizə aparanlara, sözsüz, Öz yollarımızı göstərəcək, onları çaşğınlıqda buraxmayacaq və azğınlıqda qoymayacağıq. Öncə oxuduğum şeir bu hissəyə aiddir:

تو پای به راه در نه و هیچ مپرس

خود راه بگویدت که چون باید رفت

“Sən yola ayaq bas, heç nədən qorxma,yol özü sənə deyəcək ki, getmək lazımdır.”

Bütün sahələr belədir, hər bir sahədə – dini, ictimai, dünyəvi məsələlərdə mübarizə və çalışqanlıq labüddür. İlahi hədəflərə doğru addım atan şəxs də addım atdıqca, növbəti addım onun üçün aydınlaşır. Bizim yolumuz və ilahi hədəflər uğrunda cihad edənlərə səadət və təkamül yollarını göstərəcəyik.

وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ

Şübhəsiz ki, Allah yaxşı əməllər yerinə yetirənlərlədir![9]

Bu ayələr hidayətlə bağlı idi. Bu mövzuda ayələr çoxdur, lakin ayələrin hamısını qeyd edib oxusaydıq, heç olmasa, üç-dörd gün (məclis) bu haqda danışmalı olacaqdıq.

Qeyd etdik ki, nur insanın xoşbəxtliyi üçün zəruri şərtlərdən biridir və ötən səhifədə onunla bağlı qısa şəkildə söz açdıq. Quranda möminlərə nur vəd edilir:

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ

Allah iman gətirənlərlə birgədir, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər.

Allah möminlərin rəhbəridir, onlarla eyni cərgədədir. Mən (ayədə qeyd olunan) “vəliyy” sözünü “eyni cərgədə və birgə” məna edir və onu “rəhbər və dost” mənalarına tərcih edirəm. Çünki vilayət “birgə“– bir-birinə yapışıb bağlanan iki şey mənasını ifadə edir. “Allah möminlərin vəlisidir” dedikdə, “Allah həmişə möminlərlə birgədir” nəzərdə tutulur. “Allah möminlərlə birgədir” nə deməkdir? O deməkdir ki, Allah və möminlər bir cərgədə, Allah düşmənləri isə başqa bir cərgədə, Allahla möminlərə müxalif cəbhədədirlər. “Vəliyy” sözü Qurani-Kərimin hər bir ayəsində (Vəllahu vəliyyul-mu`minin[10]“Allah möminlərin vəlisidir” və yaxud əvliyaullah – “ilahi övliyalar”) işlənibsə, bu mənanı ifadə edir. Bunu unutmayın!

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ

Allah iman gətirənlərin rəhbəri və onlarla eyni cərgədədir.

يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ

Onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər.

“Zulumat” (zülmətlər) sözünün başa düşülməsi üçün azacıq izaha ehtiyac var. Yəni, möminləri zülmətlərdən – nadanlıq, xurafat, məğrurluq, qəddar və insanlığa zidd rejimlər, bəşər və bəşərin idrak gövhərini qaranlıq quyularda həbs edən hər bir şeydən nicat verib nura – elm, mərifət və insani dəyərlərə doğru yönəldər. Budur Allahın möminlərlə rəftarı! Qeyri-möminləri, imansızları, şəkk-şübhə yaradanları və nankor kafirləri heç vaxt nura tərəf çıxarmayacaq. Odur ki, Allaha şərik qoşanlar həmişə çaşqınlıqdadır, həmişə narahatdır, onların həyatı hər zaman iztirab və həyəcanla doludur, nuranilik və maarifdən uzaqdır. Kafirlər necə? Dini məktəbə və dini təlimlərə nankorluqla yanaşan və xor baxanlar, bu ilahi hədiyyə və nemətləri nankorluqla inkar edənlər “kafir” adlanır. İşlətdiyim ifadələrə diqqət yetirin. Bu ifadələr “kafir” sözünün kökünü və hansı məna daşıdığını aydınlaşdırır. Dini qəbul etməyənə “kafir” deyilir. “Kafir” – neməti gizlədən, nemətə nankor olan deməkdir. Nə üçün dini qəbul etməyənə kafir deyilir? Çünki din Allahın töhfəsidir, bütün insanların xoşbəxt olması üçün Allah tərəfindən göndərilən bir hədiyyədir. O isə bunu dandığı, nemətə nankorluq etdiyi üçün “kafir” adlanır.

وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ

Küfr və inkar edənlərin rəhbəri və cəbhə yoldaşı isə tağut və təcavüzkarlardır.

يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ

Onları mərifət nurundan uzaqlaşdırıb qaranlıqlar və zülmlətlər zindanına salarlar.

أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Onlar Cəhənnəmin yoldaşlarıdır və orada həmişəlik qalacaqlar![11]

Başqa bir ayə:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا

Ey iman gətirənlər! Allahı çox yad edin!

وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا

Ona səhər və axşam müqəddəslik və paklıqla təriflər deyin!

Nə üçün? Çünki:

هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ

Mələkləri ilə birlikdə sizə salam göndərən Odur!

Nə üçün salam göndərir?

لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ

Sizi zülmətlərdən çıxarıb nura və işıqlığa doğru yönəltmək üçün.[12]

Bu Quran, bu da Quranın müjdəsi! Başqa müjdələr də var ki, inşallah, sabah qeyd edəcəyik! Əgər Quranın bütün müjdələrini, bizə və iman əhlinə vəd etdiklərini bir-bir saymaq istəsəm, şübhəsiz, 10-12 gün (məclis) çəkəcək. Odur ki, bu haqda yalnız sabah bəhs edəcəyik, əgər ehtiyac olsa və məcbur olsaq, o biri gün də davam edərik, əks-halda, sabah bitirərik!

Xülasə

Çərşənbə axşamı – Ramazan ayının 7-ci günü

MÜJDƏLƏR

İnsanın kamil və əhatəli xoşbəxtlikdən bəhrələnməsi üçün nələrə ehtiyac var?

1. Hədəfi, xoşbəxtlik mənzilini və onun yolunu tanımağa ehtiyacı var (hidayət);

2. Nadanlıq, məğrurluq və gümanlar kimi şüur və düşüncə gövhərini örtən, görmə və qavrama qabiliyyətini aradan qaldıran bütün zülmət pərdələri kənara çəkilməli, qəlb həqiqət nuru ilə işıqlanmalıdır (nur);

3. Xoşbəxtliyə və son məqsədə doğru addımladığı uzun yolda xarici amillərdən daha da təhlükəli olan daxili vəsvəsələr və narahatlıqlar kimi azdırıcı amillərdən nicat tapmalıdır (əmniyyət və xatircəmlik);

4. Öz fəaliyyətini səmərəli hesab etməlidir;

5. Səhv və büdrəmələri bağışlanılan və təlafi edilən olmalıdır (rəhmət və məğfirət);

6. Hər zaman möhkəm dəstəkdən yapışmalıdır;

7. Düşmənlər və düşmənçiliklər müqabilində Allahın himayə və yardımına güvənməlidir;

8. Müxalif cəbhə və cərgələrdən üstün olmağa çalışmalıdır;

9. Yolu və məqsədinə maneçilik törətməyə çalışan düşmənlərə qələbə çalmalıdır;

10. Bütün çətinliklər, sıxıntılar, hasarlar və maneələri aşaraq, öz məqsədinə və mənzil başına çatmalıdır (uğur və müvəffəqiyət).

11. Hər zaman, istər yol əsnasında, istərsə də məqsəd və mənzilə çatdıqda, bu dünyada insan üçün hazırlanmış ehtiyatlardan bəhrələnməlidir...

Nəhayət, həyat dövranı və bütün fəaliyyətlərə son qoyulduqdan sonra mükafatlarla, nemət dolu “Rizvan cənnəti”nə layiq görülməsi ilə üzləşəcək.

İndi isə Quranın sözünə və onun öhdəliklərə əməl edən iman sahibinə verdiyi müjdələrə qulaq asaq:

1. Hidayət:

إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ  – İman gətirən və saleh əməllər (imanla uyğun öhdəliklər) yerinə yetirənləri Rəbbi (əməllə yanaşı) iman gətirdiklərinə görə hidayət edər.

(“Yunus” surəsi, ayə 9.)

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُم بُرْهَانٌ مِّن رَّبِّكُمْ  – Ey insanlar! Sizə Rəbbiniz tərəfindən (qəti) bir dəlil gəlmişdir.

وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا Biz sizə aydın bir nur nazil etdik.[13]

فَأَمَّا الَّذِينَ آمَنُواْ بِاللّهِ وَاعْتَصَمُواْ بِهِ  – Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları

فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُّسْتَقِيمًا öz mərhəməti, lütfünə şamil edər və onları Özünə tərəf gedən düz yola hidayət edər.

(“Nisa” surəsi, ayə 175.)

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا  – Bizim yolumuzda (ilahi hədəflər uğrunda) cihad edənləri, şübhəsiz, Öz yollarımıza (insanın xoşbəxtlik və təkamülünü göstərən yollara) hidayət edəcəyik.

وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ Şübhəsiz ki, Allah yaxşı əməllər yerinə yetirənlərlədir!

(“Ənkəbut” surəsi, ayə 69.)

2. Nur:

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ Allah iman gətirənlərin rəhbəri və onlarla eyni cəbhədədir, onları zülmətlərdən (nadanlıq, xurafat, məğrurluq, qəddar və insana zidd rejimlərdən) çıxarıb nura (elm, mərifət və insani dəyərlərə) tərəf yönəldər.

وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ Küfr və inkar edənlərin rəhbəri və cəbhə yoldaşı isə tağut və təcavüzkarlardır. Onları mərifət nurundan uzaqlaşdırıb qaranlıqlar və zülmlətlər zindanına salarlar.

أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ Onlar Cəhənnəmin yoldaşlarıdır və orada həmişəlik qalacaqlar!

(“Bəqərə” surəsi, ayə 257.)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا Ey iman gətirənlər! Allahı çox yad edin!

وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا Ona hər səhər və axşam müqəddəslik və paklıqla təriflər deyin!

هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ Sizi zülmətlərdən çıxarıb nura və işıqlığa doğru yönəltmək üçün mələkləri ilə birlikdə sizə salam göndərən Odur!

(“Əhzab” surəsi, ayə 41-43.)



[1]. “Kəhf” surəsi, ayə 31.

[2]. “Bəqərə” surəsi, ayə 214.

[3]. “Yunus” surəsi, ayə 9.

[4]. Əttar Nişapurinin şeiri.

[5]. “Tövbə” surəsi, ayə 124.

[6]. Mötərizədə izah etdiyimiz məsələlərə diqqət yetirin.

[7]. “Nisa” surəsi, ayə 174.

[8]. “Nisa” surəsi, ayə 175.

[9]. “Ənkəbut” surəsi, ayə 69.

[10]. “Ali-İmran” surəsi, ayə 68.

[11]. “Bəqərə” surəsi, ayə 257.

Bir ayə qaldı. Onu da oxuyum, mən artıq yorulmuşam, vaxta da az qalıb. Əziz qarimiz Cənab Rizayi bu gün həmin ayələri vərəqdən tilavət edəcək, əlbəttə, öncəki qərara əsasən, vərəqdə qeyd olunan ayələri Quranla tətbiq etməli idi, mütləq tətbiq edib və indi də vərəq üzündən tilavət edəcək. Bu vərəqdə məna və tərcümələri ilə birgə qeyd edilən bu ayələri onun təsirli və könüloxşayan səsi ilə dinlədikdə, ruhunuza daha da təsirli olacağını görəcəksiniz.

[12]. “Əhzab” surəsi, ayə 41-43.

[13]. “Nisa” surəsi, ayə 174.