Quranda İslami təfəkkür tezisi - 9-cu məclis (AUDİO)

İSLAM DÜNYAGÖRÜŞÜNDƏ TÖVHİD

 

Cümə günü – 1974-09-27

Ramazan ayının 10-u.

بسم الله الرحمن الرحيم

وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ

İnsanların arasında Allahdan qeyrilərini (Allaha) şərik qoşub onları Allahı sevdikləri kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha şiddətlidir. Əgər zülm edənlər onlara veriləcək əzabı görsəydilər, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

“Bəqərə” surəsi, ayə 165.

 

İlahi və islami dünyagörüşündə deyilir ki, bizim gördüklərimizin fövqündə daha üstün, daha böyük bir həqiqət var ki, onsuz varlıqlar heç vaxt formalaşmazdı. Amma materialistlər deyirlər ki, biz gördüklərimizdən başqa, heç bir şeyə inana və etiqad bəsləyə bilmərik, laboratoriya cihazlarında belə axtardıq, amma sizin dediyiniz varlıqdan əsər-əlamət görmədik. (İlahi və materialist dünyagörüşləri arasında gedən mübahisələr bu sahəyə məxsus kitablar və tədqiqatlarda qeyd edilmişdir.)

Demokrit və Zimoqratis kimi 10, 20 və 30 əsr öncə yaşamı və sümükləri torpaq altda çürümüş meterialistlərlə işimiz yoxdur. Bizim əqidəmizə görə, “Allah yoxdur, bu aləmin fövqündə başqa bir həqiqət mövcud deyildir.” – deyən müasir materialistlər, həqiqətdə, ideoloji və psixoloji baxımdan ilahi məktəbdən uzaq düşdükləri və ayrıldıqları üçün belə düşünürlər. Onların nəzərincə, bugünkü dünya quruluşu, insanların idarəsi, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması yalnız materialist təfəkkür sayəsində mümkündür. Buna görə də, onlar ilahi məktəbdən üz döndərmişlər. Bizim zamanımızda, əlli il öncədən indiyə qədər bəzi məktəblərə qoşulan şəxslərin ideologiyası və təfəkkürünü araşdırdıqda, elə qeyd etdiyimiz mətləblərlə rastlaşacağıq. Onların Allahı inkar etmələrinin səbəbi Allaha qarşı inadkarlıqları və yaxud Allahın varlığı haqqında qənaətbəxş dəlil-sübutlarının olmaması deyil. Heç onların Allahın inkarına dair heç vaxt (nə indi, nə də keçmişdə) dəlil-sübutları da olmayıb. Siz “Filan səbəbə görə Allah yoxdur.” – deyən bir nəfər belə tapa bilməzsiniz. Əzəldən indiyə qədər bütün dünya materialistləri arasından hələ bir nəfər belə deməyib ki, bu səbəbə görə Allahın yoxluğunu sübut edirəm. Deyənlərin də sözü budur: “Allahın varlığı mənə sabit deyil, onunla bağlı dəlil-sübutları anlamır və qəbul etmirəm.” Qurani-Kərimdə də bu həqiqətə işarə edilir:

إِنْ هُمْ إِلَّا يَظُنُّونَ

Onlar ancaq zənnə qapılırlar![1]

Demək, materialistlərin Allahı inkar etmələri əqli fəlsəfənin olmaması baxımından deyil, sadəcə onlar zənnə və gümana qapılırlar. Bizim maddi məktəblərin əqidələrində müşahidə etdiklərimiz yalnız bu nöqtədir. Onlar maddi məsələlərə bağlandıqları üçün elə təsəvvür edirlər ki, bu gün yalnız maddi məktəb dünyanı yaxşı idarə edə, zülmü, ayrı-seçkiliyi, bərabərsizliyi, haqsızlığı və özbaşınalığı aradan qaldıra bilər. Onlara görə, din bu işləri görməyə qadir deyil. Nə üçün onlar belə düşünürlər? Çünki din və dini maarif haqqında heç nə bilmirlər və bildikləri də yalnız kor-koranə təqlidə əsaslanan küçə-bazar insanlarından öyrəndikləridir. Bir sözlə, onlar dindən xəbərsiz, məlumatsızdırlar. Ondan: “Din nədir?” – deyə soruşsan, bir sıra zahiri nişanələrin adını çəkib “Bunlar dindir, zülm və zalımla bərabər və qardaş olduğu üçün zərərlidir, heç kimin problemini həll etməyə qadir olmadığı üçün ondan uzaqlaş!” – deyəcək.

Aydındır ki, insan belə bir məntiqlə üzləşdikdə, ən doğru və ən yaxşı cavab budur: “Bəli, zalımla həmkarlıq edən, məzlumu bir an belə düşünməyən və insanların problemlərinə göz yuman bir din tapsan, onda belə bir din cəmiyyətin bu günü və sabahı üçün zərərlidir, azacıq belə faydası yoxdur.” Sən də bizim tərəfimizdən vəkil ol, əgər belə bir dini hər yerdə sorağlaşıb tapsan, onu inkar et, əsla qəbul etmə! Çünki Allah tərəfindən göndərilən din belə deyil; Allahın göndərdiyi din oyun-oyuncaq deyil, onun nişanəsi, xüsusiyyəti və standart möhrü vardır. Əgər bu standart möhür bir dinlə uyğun gəlirsə, biz onu qəbul, əks-təqdirdə, inkar edirik.[2]

Quranda buyurulur:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ

Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik.[3]

وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ

Biz onlarla birlikdə kitab nazil etdik.

Biz onlarla birlikdə cəmiyyətdə ixtilafları aradan qaldırmaq və onların arasında mühakimə yürütmək üçün əqidələr və əməli göstərişlərdən ibarət bir məcmuə göndərdik. رُسُلَنَاPeyğəmbərlərimiz – ifadəsindən aydındır ki, söhbət bir nəfərdən getmir və məqsəd bir peyğəmbər deyil, onlar yalnız Həzrət Musa (ə), İsa (ə) və Peyğəmbəri-Əkrəmdən (s) ibarət deyillər, أَرْسَلْنَا رُسُلَنَا– müəyyən məqsəd və hədəflərlə peyğəmbərlər göndərdik. Həmin hədəflər nədir?

لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

İnsanlar (bir-biri ilə) ədalətlə rəftar edib yaşasınlar.

Din budur! Dinlərin fəlsəfəsinin əksinə olan bir din görsəniz, bilin ki, ya ilahi din deyil, ya da onu təhrif etmişlər. İlahi peyğəmbər və elçilərin fəlsəfəsi və tutduğu yolun əleyhinə qalxan bir dinlə rastlaşsanız, bilin ki, Allahın vəhyi və peyğəmbərlərdən qaynaqlanmamışdır. Bu, aydın bir məsələdir.

Elə isə, ey materialist, ey dinin bəşər cəmiyyətlərinin idarəsində aciz qaldığını deyən! Səndən soruşuram: “Hansı dini nəzərdə tutursan? İslam dininimi? Həqiqi İslamımı? Muhəmmədə (s) nazil olan vəhyimi? Ələvilərin həkimanə həyat tərzinimi? Onların ictimai işlərin idarəsində aciz qaldığını gördünmü? Gəl, sübut et, hansı sahədə aciz qaldılar? Ayrı-seçkiliyi aradan qaldıran, dünyanı çaynağına keçirən sosial təbəqələşmə ilə mübarizə aparan, sərvətləri ədalətlə bölən, bəşəriyyətə fürsət və imkanlar yaradan, hökuməti zalımlardan alıb Allahın ədalətli qanunlarına tapşıran İslammı? Alçaq, özbaşına, quldur, quldar, quldarlığa boyun əyən, hansısa bir “söz”ə, “təşəkkür”ə və “pul”a görə ən çirkin cinayətlərə əl atanlarla mübarizə aparan, alçalan, xar və zəlil olan insanı əzizləyib dəyərləndirən, onu əxlaqi fəzlilətlər və insani keyfiyyətlərlə bəzəyən və bütün gözəllikləri ədalətli sistem sayəsində təmin edən İslammı?

Peyğəmbərin (s) tərbiyə metodu fərdi xarakter daşımırdı; onun vəzifəsi insanların əlindən bir-bir yapışıb bir guşəyə apararaq qulağına dua oxumaq və hidayət etmək, yalnız oturub öyüd-nəsihət vermək, nəyin pis, nəyinsə yaxşı olduğunu deməklə kifayətlənmək deyil, əksinə ictimai quruluşu formalaşdırmaqdır; o günün cahillik mühitində İslamın ictimai təməlini möhkəm polad tək müəyyən etdiyi qəlibdə yerləşdirdi, sonra insanları həmin təmələ tərəf yönləndirdi, həmin qəlib əsasında tərbiyələndirdi və beləcə, insan dəyər qazandı. Həqiqi İslam dininin insanın tərəqqisinə, ədalət və əmniyyətin bərqərarına və bəşərin ehtiyaclarının təmininə zidd olduğunu deyirsənsə, bu, qəbuledilməzdir, həqiqətən də, insafsızlıqdır. Batil məsihi mühitində boya-başa çatan, dində yalançı Məsih şəfaəti, günahların bağışlanması və Cənnət sənədinin pulla satılmasından başqa, heç bir şey bilməyən bir alim özünə haqq verib dinlə bağlı belə danışırsa, sən ondan əlli, səksən və yüz il sonra həyata qədəm qoyduğun, İslamın az-çox dünya üfüqündə ən şirin və ən sevimli insanlıq nümunələri ilə özünü göstərdiyi bir dönəmdə yaşadığın halda, belə danışmağa haqqın yoxdur. Əgər məqsədin budursa, bu, doğru deyil. Yox, əgər batil, yalançı, zahiri gözəl, batini isə çirkin görünən, insanları süstlüyə, tənbəlliyə, zülmkarlığa, zülmə boyun əyməyə, bədbəxtliklərə, təfriqələrə və qardaş qətlinə dəvət edən dindən danışırsansa, biz də sənin səsinə səs veririk; yoxsula: “Ehtiyacın varsa və pulun yoxdursa, pul qazanmaq üçün işləmək lazım deyil!”, varlıya da: “Qazandığın pulların bir hissəsini kilsəyə və filan dini müəssisəyə versən, zülm və haqsızlıqla qazandığın həmin pulların kəffarəsi hesablanacaq!” – deyən dindən söz açırsansa, elə hər ikimiz Quranın sözünü deyirik:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّ كَثِيرًا مِّنَ الأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللّهِ

Ey iman gətirənlər! (Yəhudi və xaçpərəst) alim və rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər...[4]

Onlar insanların mallarını yeməklə kifayətlənmir, insanların təkamül yolunu da kəsirdilər. Kaş, təkcə pullarını alıb yeyər, tərəqqi yollarını isə bağlamazdılar! Həm pullarını yeyir, həm də yollarını kəsirdilər. Bunu Quran buyurur. Biz də sənin səsinə qoşuluruq, bu, din deyildir, dinsizlər belə dindarlardan yaxşıdır. Çünki dinsizlər, ola bilsin ki, zülmlərə, haqsızlıqlara yardımçı olmasın, lakin belə din onların əlində də vasitə, dəstək və silaha çevrilə bilər.

Bu qeyd etdiklərimiz tövhidə etiqadla, “Allah var, ya yox? Bu maddi aləmin fövqündə başqa bir qüdrət varmı?” – sualına cavabla bağlı külliyyatın xülasəsindən ibarət idi. Cavab məqamında həm allahpərəstlərin, həm də materialistlərin sözlərinə toxunduq. Allahpərəstlərlə materialistlərin ixtilafları haqda əlavə məlumat əldə etməyi kitablara həvalə edirik, bizim bəhsimizlə əlaqəli olan hissəni xülasə şəkildə qeyd etdik.

Önəmli bir mətləb[5]: İslami təfəkkürlə bağlı hamı bir sıra məsələləri bilməli, dərk etməlidir. Onlardan biri budur: Tövhid bəhsi ilə əlaqədar elmi və məntiqi suala sadə və quru şəkildə cavab verilməməlidir, əksinə onun öyrənilib-öyrənilməməsindəki həyati və həlledici roluna diqqət yetirilməlidir. İndi isə izah edirəm:

Bəzən, dostunuz və yoldaşınızla birlikdə hansısa bir yolla getdiyiniz və addımladığınız halda, aranızda mübahisə düşür. Siz: “Qardaş, mənim nəzərimcə, bu yolun hər iki tərəfi şoranlıqdır, burada heç vaxt məhsul olmaz.”, dostunuz isə: “Xeyr, qardaş, yolun hər iki tərəfi filan toxumun əkilib məhsul verməsi üçün tamamilə hazırdır.” – deyərək bir-birinizlə bəhs edir və hər ikiniz dəlil-sübut gətirirsiniz. Görəsən, bu bəhsin nə qədər əhəmiyyəti var? Onsuz da bu yolu gedirsiniz, insanlar da bu yolda saatda yüz iyirmi km sürətlə avtomobil sürürlər. Nə oranın torpağını analiz etmək, nə (məsələn,) çuğundur əkmək üçün həmin torpağı almaq, nə də ki, onunla bağlı araşdırma aparıb məlumat toplamaq fikriniz var. Odur ki, bu mübahisənin, bu sual-cavabın bir faydası yoxdur, yalnız bir sualı cavablandırmaq qədər faydalıdır və başqa təsirə malik deyildir. Hər ikinizin bu torpağın məhsuldar olmaması, yaxud da orada çuğundurun yaxşı məhsul verməsi ilə əlaqədar müzakirələrinizin, dəlil-sübutlarınızın, sonda isə oranın məhsuldar olması sübuta yetdikdən sonra, ona görə iki rükət namaz qılmağınız, sizin ona qalib gəlməyiniz, onun da sizə məğlub olmasının sizin o yolu ötüb-keçməyinizə, səfəriniz və dostluğunuza heç bir faydası yoxdur. Bu, sadəcə bəhs və sual-cavabdır.

Bəzən də, hər ikiniz avtomobildə əyləşmisiniz, avtomobil sürətlə hərəkət edir. Birdən, dostunuz deyir ki, mənim nəzərimcə, bu yol şimala tərəf gedir, sizin hədəfiniz isə cənub tərəfə getməkdir. Siz isə ona deyirsiniz ki, xeyr, bu yol elə cənuba gedir. O da yox deyir, siz də yox deyirsiniz. Aranızda mübahisə yaranır. Əgər o, öz sözünü sübut etsə, avtomobil mütləq geri dönməli və yolu dəyişməlidir, yox, əgər siz sübut etsəniz, elə həmin yolu davam edəcək, irəliləyəcək və sürətinizi bir az da artıracaqsınız. Burada sizin aranızda baş verən mübahisə və yaranan tərəddüd elə ilk anlardan öz təsirini qoyur; belə ki, sürücü ayağını maşının əyləcinə qoyub sürətini azaldır, hara gedəcəyi, məqsədə çatıb-çatmayacağı haqda düşünməyə başlayır. Bu mübahisənin, bu sual-cavabların nəticəsi, faydası var, həlledicidir. Tövhid bəhsi də bu qəbildəndir.

Adi, bekar və məsuliyyətsiz bir insanın tövhid haqqında bəhsi ilə məsuliyyətli bir insanın bəhsi arasında fərq vardır. Məsuliyyətsiz insan tövhid haqqında danışarkən belə deyir: “Allah var, ya yox? Varsa, nə edək, yoxsa nə edək? Yaşayışda təsiri nədir, ictimai sistemdə nə dəyişiklik yaradacaq? Əgər Allah olsaydı, filan kapitalistin, filan super gücün vəziyyəti necə olardı? Əgər filan ölkədə hakimiyyətə gələn Prezident Allaha inanan biri olsaydı, necə rəftar edərdi? Əgər Allaha inanmasaydı, necə rəftar edərdi? Heç fərq edərdimi?” Kartellər[6], trestlər[7] və kapitallarda bir tərəfin allahşünaslıq və allahpərəstliyinin təsir və faydası yoxdursa, onun allahpərəstliyi və tövhidə inamı eynilə yanından keçdiyimiz və bizə heç bir faydası olmayan məhsuldar torpağa bənzəyir. Filan ölkənin Allaha inanan siyasi rəhbərinin allahpərəstliyi yalnız quru fəlsəfi sualı cavablandırmaq həddindədirsə, onun faydası nədir? Siyasi bir rəhbərin, sıravi bir insanın, bir dəstənin, bir cəmiyyət və bir millətin allahpərəst olması o zaman faydalı, təsirli, həlledici və həyati əhəmiyətlidir ki, tövhidin faydalarını, onun həyat tərzinə təsirlərini, tövhid ideologiyasının təqdim etdiyi sistemi anlasın və dərk etsin. Bizim nəzərimizcə, bu, olduqca mühüm bir məsələdir.

Biz tövhidi yalnız düşüncəmizdə aydınlaşan bir məsələ kimi güman edirik. Elə buna görə də onun həyatda heç bir təsirə malik olmadığnı görürük. Əgər təsirini görsək belə, ictimai həyatda deyil, şəxsi və fərdi həyatda müşahidə edirik. Onsuz da mən allahpərəst olsam da, olmasam da, həmin qazanc, avtomobil, şirkət, fabrik, fəhlə və torpaqla da əlaqələrimiz olacaq. Baxın, dünyanın kapitalist ölkələrində, şöhrəti və avazı Şərqi və Qərbi bürüyən super güclər arasında iki sahibkarı, iki böyük taciri, iki holdinq şirkətini, öz dilləri ilə desək, iki sənaye öndərini nəzərdən keçirin; onlardan biri Allaha inandığı üçün bazar günü kilsəyə gedib qaragünlü, bədbəxt rahibə pul verərək günahlarından bir hissəsini bağışlatdırır, Cənnətin yolunu bir neçə kilometr hamarlayır. Amma görəsən, bunun onun həyatına, şirkətinə, fəhlələr və insanlarla əlaqəsinə, sərvət yığması və xərcləməsinə bir təsir və faydası varmı? Belə tövhidin, allahpərəstliyin şirklə fərqi nədir?

İslamın dəvət etdiyi tövhid sadəcə bir sualı cavablandırmaqdan qat-qat üstündür. O nədir? İslam tövhidi idarəçilik, ictimai əlaqələr, ictimai tərəqqi, ictimai hədəflər və mükəlləfiyyətlərdən, insanların Allah, eyni zamanda, cəmiyyət və bir-birlərinin, həmçinin, digər varlıqların müqabilində məsuliyyətlərindən ibarət bir ilhamdır. Tövhid budur. İslam tövhidi əlifdir, ondan sonra b, sonra p, sonra ç, sonra isə y gəlir. “Allah birdir, iki deyildir.” – ifadəsi ilə bitən bir proses deyil. “Allah birdir, iki deyildir.” – ifadəsinin mənası odur ki, bütün varlıq məntəqəsində, istər fərdi, istərsə də ictimai sahədə, yalnız Allahın hökmranlıq haqqı vardır.

“Allah birdir, iki deyildir” ifadəsinin mənası odur ki, sahib olduğun hər bir şey – özün,sərvətin və bütün insanlar Allahındır, siz isə əmanətdarsınız. İndi bu qeyd edilənlərə rəğmən, kim allahpərəst olmaq istəyir? Siz yalnız pulu qoruyub saxlayansınız, əmanətdarsınız, vəssəlam! Dostunuz tərəfindən sizə əmanət olaraq tapşırılan pulla necə rəftar edirsiniz? Haçan o pulun sahibi sizə onun müəyyən hissəsini filankəsə, filan uşağa, yaşlıya və ya qərib insana, filan xeyriyyə fonduna xərcləməyinizi tapşırsa, sizin də onun istədiyi kimi rəftar etməkdən, pul sahibinin dəst-xəttini gözləməkdən başqa yolunuz yoxdur. Məsələ bundan fərqlidirmi? Əmanət olan pul üzərində sizin haqqınız və sahibliyiniz varmı?

اَلْمَالَ مَالُ اللَّهِ يَضَعُهُ عِنْدَ الرَّجُلِ وَدَائِعَ

“Mal-dövlət Allahındır və onu insanın yanında əmanət qoymuşdur.”[8]

Tövhidin tələbi budur.

Əgər tövhidi qəbul edirsənsə, artıq, cəmiyyətdə sosial təbəqələşmə və ayrı-seçkilik mənasızdır. Baş-ayağı, yuxar-aşağısı (ayrı-seçkilik) olan cəmiyyət allahpərəst cəmiyyət ola bilməz. Tövhid ideologiyası belə deyir:

کُلُّکُم مِن آدَم وَ آدَم مِنْ تُرَابٍ

“Hamınız Adəmin övladlarısınız, Adəm isə torpaqdandır.”[9]

Sizi Allaha yaxınlaşdıran və sizi üstün edən təqvadır. Hər kim Allahın əmrinə daha çox tabedirsə, ən üstün də odur, yoxsa, minlərlə ayrı-seçkiliyin və sosial təbəqələşmənin hakim olduğu (“Nə üçün filankəs elədir?” – sualına “Çünki o, elitar təbəqədəndir.” – deyə cavab verildiyi), insanların bir-birilə rəftarı kəskin şəkildə fərqləndiyi və həmin rəftarında özünə bəraət qazandırdığı, Allah bəndələrinin bərabər olmadığı və bəzilərinin digərlərinə kölə olduğu bir cəmiyyətin allahpərəst (tövhidə əsaslanan) cəmiyyət olmasından söz gedə bilməz. Tövhid ideologiyasının hakim olduğu cəmiyyətdə bütün bəndələr bərabər yaşayır. Bu nə deməkdir? Yəni, hamı Allaha bəndə olur. (Dünən bu haqda danışmışdım və dünənki məclisə aid olan bu vərəqdə bu cümləni izah etmişdim.) Dünya varlıqları – insan və digərləri Onun bəndələridir və hamı Ona bənədəçilikdə ortaq və eyni səviyyədədir. Dünən bu haqda geniş danışdım; belə ki, heç kəs və heç bir şey “övlad”, “yoldaş” və “ortaq” adı altında Allaha bəndəçilik dairəsindən kənar deyil. Bəndəçilik sahəsində yalnız bir qrupun bəndə olması və boynuna boyunduruq vurulması (əsarətdə yaşaması), ümumiyyətlə, mənasızdır. Allaha bəndəçiliyin mənası Allahdan qeyrisinə bəndəçilikdən qurtuluşdur və hər ikisinin bir-birilə uzlaşması qeyri-mümkündür. Bir insanın həm Allaha, həm də Allahdan qeyrisinə bəndə olması mənasızdır. Allaha bəndəçilik, yəni Allahdan qeyrisinə kölə və qul olmaqdan qurtulmaq.

İslam ordusunun əsgərləri qüdrət sahibi olan Sasanilərin sarayına daxil oldu. Başdan-ayağa geyimi bizim bir tümənimizə dəyməyən nimdaş geyimli bir ərəb bir gün canını qurtarmaq üçün qaçan, müsəlman ordusu tərəfindən təqib edilən və hələ səfərdə ikən ətrafını minlərlə xanəndə və rəqqas aldığı halda, vətəndə gör nələrə sahib olan bir şahın sarayına daxil oldu. (Ey bədbəxt! Özünlə xanəndə və rəqqasə niyə aparırsan? Döyüşə gedən özü ilə qılınc aparar. O, canının qorxusundan qaçmağa üz tutur. Özü də yəhudilərin müstəmləkəsi altında idi.[10] İnsanların başlarını əylənmək, müğənnilik etmək, musiqi dinləmək və müxtəlif oyunlarla qatmaq sionistlərin çirkin siyasətidir.) O kişi nimdaş geyimlə dövrün böyük siyasi qüdrətinin sarayına qədəm qoydu. Sizcə qorxdumu, vəhşət etdimi? Mübahisə etmək fikrinə düşdümü? Əsla! Adətən, reallıq bundan ibarətdir ki, kiçik bir insan böyük qüdrət sahibinin qarşısında durduqda, şirindilliklə, yaltaqlıqla, qorxu hissi ilə, köləliklə özünü bir az da o böyük qüdrətə yaxşınlaşdırmaq, onunla münasibət yaratmaq istəyəcək. Düşünürsünüz ki, beləmi oldu? Əsla! O, irəli addımlayıb taxtın önünə çatdıqda, sanki, ayağını Yəzdgirdin taxtının üstünə qoydu. Yəzdgirdin onun gətirdiyi məktubu almaq istəmədiyini, başqa nümayəndələrin irəli çıxıb almaq istədiyini gördükdə dilləndi: “Məktubu sizə yox, onun özünə verməliyəm.” Şah isə məktubu ərəbdən almaq üçün əsla yerindən tərpənmədi. Odur ki, özü irəli getdi, taxtın üstünə çıxmağa qədər irəlilədi, məktubu təhvil verdi. Şah soruşdu: “Nə üçün gəlibsiniz?” Üç cümlə dedi; bu üç cümləni bir lövhəyə gözəl xətlə yazmaq və böyük insanlıq sarayının qapısından asmaq lazımdır ki, hamı İslam şüarı və İslam ideyasının nə olduğunu anlasın. Şah “Nə üçün gəlibsiniz?” – deyə soruşduqda, belə cavab verdi:

لِنُخرِجَ الناسَ مِن عِبادَة العِباد إلَى عِبادَةِ الله

“Biz gəlmişik ki, insanları bəndələrin köləliyindən çıxarıb Allahın bəndəçiliyinə doğru yönəldək.”

Bəndələrə köləlik nə deməkdir? Bəndələrə köləlik odur ki, İranla Rum arasındakı döyüşlərin birində Sasanilərdən öncə İranın keçmiş Əhəməni şahlarından biri hamını döyüşə səfərbər etdikdə, bir qoca kişi gəlib deyir ki, mənim üç oğlum sizinlə birgə döyüş meydanına yola düşür, bir oğlumun isə mənimlə birgə qalmasına icazə verin. Mən qocalıb əldən düşmüşəm, xahiş edirəm ki, oğlanlarımdan biri mənimlə qalsın və döyüşə getməsin. Məclisdə ona bir söz demirlər, amma məclisdən çıxarırlar. Ertəsi gün isə ordu yola düşüb darvazaya çatdıqda, həmin üç qardaş, gözlənilmədən, dördüncü qardaşlarının iki yerə bölündüyünün – bir hissəsi darvazanın bu tərəfindən, digər hissəsi isə o tərəfindən asıldığının – şahidi olurlar ki, bir də qoca kişilər gənclərin döyüşə getməməsini dilə gətirməsinlər, özlərini zəhmətə salmasınlar. Budur insan köləliyi! Hansı bir cəmiyyətdə ki, insanların istədiklərini dilə gətirməyə, nəinki dilə gətirməyə, hətta ədalətin tərəfində olmağa, ayrı-seçkiliklə mübarizə aparmağa, azadlıq tələb etməyə və azad yaşamağa haqları yoxdursa, zülm və qəddarlığı adi həyat tərzi kimi qəbul edib ona boyun əyirlərsə – belə cəmiyyətdə yaşamaq köləliyin ən çirkin və ən faciəvi növüdür. Bu, quldarlığın ən çirkin növüdür. Nə üçün? Çünki riyakar və yaltaqcasınadır.

Odur ki, şahın cavabında belə dedi: “Gəlmişik ki, insanları bəndələrin köləliyindən çıxarıb Allahın bəndəçiliyinə doğru yönəldək.” Yəni, ey Yəzdgird, insanları sənin, valilərinin, kətxudalarının, sərkərdələrinin köləliyindən çıxarmaq istəyirik. Çıxardıqdan sonra nə edəcəyik? Sənə kölə olmadıqda, necə olmalıdırlar? Özbaşınamı? Xeyr! Yalnız Allaha bəndə olacaqlar. Allaha bəndə olmaq, yəni azad olmaq, ağa kimi yaşamaq, təkamülə doğru addımlamaq, insanı zirvəyə doğru apran vasitələrdən istədiyi kimi bəhrələnmək. Necə ki, İslam cəmiyyətinə belə bir vəziyyət hakim idi. İslam quruluşunda cəmiyyət qüdrətlərə deyil, Allaha bəndə idi. Hətta İslam cəmiyyəti yolunu azdığı və yüz faiz İslam xəttində olmadığı bir vaxtda, İran fəth olunduğu illərdə də belə idi; insanlarda Peyğəmbərin (s) və Quranın tərbiyəvi təsiri hələ də qalmışdı. O zaman siyasi bir rəhbər minbərdə “Əgər yolumu azsam, məni islah edin.” – deyə səsləndikdə, bir bədəvi ərəb ayağa qalxıb dedi: “Əgər islah olmasan, səni bu qılıncla islah edəcəyik.” O, bu sözü dedikdə, görəsən, əsgər və polislər onun üstünə hücum çəkdimi? Onu xaos yaratmaqda ittiham edib həbs etdilərmi? Aradan götürdülərmi? Öldürdülərmi? Əsla! Çünki düz və məntiqli danışmışdı. Bu, mütləq azadlıq deməkdirmi? Xeyr! Bu azadlıq insan ruhuna, cəmiyyətə hakim olan doğru insani qanunlara tabeçilik mənasındadır. Bu azadlıqda insan heç kimin, hətta hakimin yükünü çiyninə almır. Allah tərəfindən, Onun ilhamı ilə danışan hakim “ilahi hakim” adlanır; onun sözü qəbul olunur, əgər onun sözü ilahi ilhamlara əsaslanmırsa, o da qəbul edilmir.

لِنُخرِجَ الناسَ مِن عِبادَة العِباد إلَى عِبادَةِ الله ومن ضيق الدنياإلىسعة الدنيا والآخرة

“Biz gəlmişik ki, insanları bəndələrin köləliyindən çıxarıb Allahın bəndəçiliyinə, dünyanın məhdud və dar hasarından (əhatə dairəsindən) nicat verib geniş dünyaya və axirətə doğru yönəldək.”

Dünyanın məhdud və dar əhatə dairəsində – bu dairə içində yaşayan cəmiyyətdə insanlar düzgün düşünə bilmir, baxdıqları hər tərəfdə dünya və dünyəvi həzlər, ləzzətlər, maddi maraqlar, dəyərsiz təlaşlar, heyvani istəklər, kiçik, alçaq və ötəri mənfəətlərdən başqa, bir şey görmürlər. Yəzdəgirdin hökmranlıq etdiyi cəmiyyətdə hamı ondan razı deyildi, narazı olanların sayı çox idi, lakin bu narazı olan insanların gözləri yalnız yaxını gördüyü, görmə üfüqü dar və kiçik olduğundan, Yəzdəgirddən narazı olduqlarını dilə gətirmələri nəticəsində o alçaq və məhdud həyatlarını – iki tikə artıq çörəyi, iki günün rahatlığını, küçədə iki gün artıq addım atmağı – itirəcəklərindən qorxub dinmirdilər. Çünki bu müxtəsər həyat onlar üçün çox dəyərli və sevimli, eləcə də, görmə üfüqləri kiçik, dar və məhdud olduğundan, insan azadlığı, şərafəti və keyfiyyətləri üçün heç bir iş görmürdülər.

Lakin müsəlman insan üçün hər şey müqəddimə və vasitə xarakteri daşıyır. Hansı müqəddimə və vasitə? Geniş dünyaya çatmaq üçün vasitə! Ölümdən sonrakı aləmi demirəm. Teoloji prizmadan əhatə dairəsi geniş olan insan təfəkkürü və dünyagörüşündə hər bir şey onun üçün vasitə rolunu oynayır və o, bu vasitə ilə Allahın razılığını qazanır. Dünya həyatı, dünya sərvəti, dünya rahatlığı və dünyəvi bağlılıqları onun üçün dəyər sayılmır, yalnız Allah yolunda olduğu və ixtiyarındakı sərvəti Allah yolunda xərcləndiyi zaman dəyər tapır. Lakin bu bağlılıq, sərvət, həyat, məqam, övlad, abır-həya və heysiyyət Allah yolunda və məsuliyyət uğrunda olmazsa, onun üçün qiymətsiz və dəyərsiz olur. İslami təfəkkür tərzində dünya ilə axirət bir-birinə bağlıdır və müsəlman üçün dünyanın sonu yoxdur. Bəndələrin və naqis varlıqların köləsi olan şəxsin nəzərində isə dünya məhdud, müsəlman üçün isə genişdir, ölüm onun nəzərində bir pəncərədir. O, bu pəncərədən baxdıqda, o tərəfdə bağlar, bostanlar, varlıqlar, dünyalar görür və sonda onlara çatacağını gördüyü üçün ölüm onun üçün elə də önəm daşımır.

Bunlar tövhidin tərkib hissələri və nümunələridir. Əlbəttə, tövhid barəsində daha dəqiq və müəyyən başlıq əsasında söhbət etmək lazımdır və inşallah, gələcək günlərdə bu haqda söhbət edəcəyik! Bu gün isə bu bölmədə küliyyata toxunmaq istədim.

(Əvvəlki səhifədə qeyd etdiklərimi bir daha təkrar etmək istəmirəm, aydın xətlə yazılmışdır, müraciət edib oxuya bilərsiniz. Burada, həqiqətdə, tövhidlə bağlı yeni və düzgün təfəkkür tərzi təqdim olunur, əlavə mətləblər də vardır ki, bu vərəqdə qeyd edilməmişdir. İnşallah, ümid edirik ki, növbəti günlərdə onları ardıcıllıqla diqqətinizə çatdıracağam. Hər halda, burada qeyd edilənlər tövhidin bir yönünə – tövhid bəhsilə bağlı dinlərin və xüsusən, Qurani-Kərimin diqqət mərkəzində saxlanılan bir mövzuya işarədir.)

Amma nəzərdə tutduğumuz ayələr:

(Bu gün cümə günü olduğu və sizin də iş gününüz olmadığı üçün mən ayələri oxuduqdan sonra, möhtərəm qarimiz – bugünkü tilavəti öhdəsinə götürən Cənab Rizayi, ya Cənab Fatimi təşrif gətirib həm bugünkü, həm də dünənki ayələri, xüsusən, “Ayətül-kürsü”nü tilavət edəcək. “Ayətül-kürsü”nün təkrarı tövhid şüarı olaraq böyük əhəmiyyət daşıyır. Onun təkrar-təkrar oxunmasına bu qədər tövsiyə edilməsinin səbəbi bu tövhid şüarının insanların zehni və yaddaşında həkk olunması və daim yaşamasıdır. Bugünkü vərəqdə qeyd edilən ayələr “Bəqərə” surəsinin 165-166-cı ayələridir – tövhid məsələsi ilə tam bağlılığı olan Qiyamət səhnəsini təsvir edir. Ayələr tilavət olunduqca, bunu açıq-aşkar görəcəyik.)

وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداً

İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşanlar vardır.” Yəni, onlar Allaha bəşər və qeyri-bəşərdən şəriklər qoşurlar.

يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ

“Onları Allahı sevdikləri kimi sevənlər də vardır.

Burada mötərizə cümləsi açılır. Allahı sevənlər mötərizədə qeyd edilir və buyurulur:

وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِ

Halbuki, iman gətirənlərin (həqiqi möminlərin) Allaha məhəbbəti daha şiddətlidir.” Həqiqi möminlərin Allaha məhəbbəti zahiri gözəlliklərə, insanın qəlbini maqnit tək özünə tərəf çəkən bərbəzəklərə, bütün yalançı tanrılara, “nəfs” və “şəhvət” adlı məbudlara, cəmiyyətin yuxarı təbəqəsində yer tutan və yer verilənlərə məhəbbətdən daha üstün, daha qüvvətlidir.

وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ

Əgər zülm edənlər onlara veriləcək əzabı görsəydilər, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

Ayənin bu hissəsində gözlənilmədən mövzu dəyişilir və kafirlər, günahkarlar, Allaha bəndəçilik edənlər və etməyənlərin – hamının bir yerə toplanacağı Qiyamət səhnəsi önə çəkilir. Onlar Qiyamətdə Allahın əzab və rəhmət vasitələri ilə üzləşəcəklər. Əlbəttə, biz bu vasitələrin keyfiyyətini olduğu kimi dərk edə bilmirik. Bu dünyada Qiyamətlə bağlı xəbərləri yaxşı anlamaq olmur. Ümumilikdə, bu qədər bilirik ki, orada bütün bədbəxtlik, əzab və işgəncə imkanları hazır olacaq, Allahın yaxşı və pis bəndələri, günahkarlar və zalımlar Qiyamətdə bütün qüdrətin Allaha aid olduğunu görəcəklər. Qəribə məsələdir. İndi bu dünyaya baxsanız, hər kəsin qüdrət və iş sahibi olduğunu görəcəksiniz; varlı təbəqənin gücü çox, məhrum təbəqənin isə azdır, lakin hər kəsin öz həddində gücü var, hər kəs öz gücünə güvənir, əlindən nəsə bir iş gəldiyini düşünür. Xüsusən, zalımların işi daha ağır, gücləri daha çoxdur. Zalıma kölə olan digər bir zalım da öz təsəvvüründə özünü qüdrət sahibi sayır, çünki quyruğu dəvə quyruğuna bağlanmış tülkü tək böyük qüdrətə bağlıdır.[11] Dünya belədir. Qiyamətə gəldikdə isə hamı bir yerə toplaşdıqda, baxdığın şeylər və müraciət etdiyin kəslərin heç bir güc və qüdrətə sahib olmadığını, güc və qüdrətin yalnız Allaha məxsus olduğunu görəcəksən:

لِّمَنِ الْمُلْكُ الْيَوْمَ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ

Bu gün hökm kimindir? Bir və qalib olan Allahındır!”[12]

İnsan Qiyamətdə bu mənzərəni, özünə və başqalarına zülm edən zalımların, həmçinin, başqa bir zalıma köləlik edən bu zalımın halını müşahidə etdikdə təəccüblənəcək, burada artıq iddialar, məğrurluqlar, saraylar və xoşgüzəranlıqlar puçdur, onun əlindən də bir iş gəlmir.

O zaman mənzərə olduqca təəccüblüdür. İki qrupu nəzərdən keçirin: Bir qrup digər qrupa köləlik, qeydsiz-şərtsiz itaət edir. Hər ikisi Qiyamət günü üz-üzə gələcək və aralarında mübahisə yaranacaq.

وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاً وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِ

Əgər zülm edənlər onlara veriləcək əzabı görsəydilər, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

Mötərizədə bəzi şiə və sünni alimlərinin qeydlərinə istinadən “zülm” sözünü belə izah etdik: Allahdan basqası müqabilində boyun əymək. Onlar Allahdan qeyrisinə köləlik edənlərin əzabını gördükdə, güc və qüdrətin tamamilə Allaha məxsus və Onun əzabının ağır və şiddətli olduğunu anlayacaqlar. Gördükdən sonra nə edəcəklər? Sualın cavabı mətnaltı mənadadır. Biz burada mötərizədə belə qeyd etmişik: Şübhəsiz, öz əməl və rəftarlarından peşman olardılar.Peşman olardılar ki, dünyada nə üçün başqalarının əsarətinə düşdük, nə üçün zalımın köləsi olduq; halbuki, həmin zalım Qiyamətdə nə qədər də yaramaz imiş, əlindən heç bir iş gəlmirmiş. Əlbəttə, əgər onlar elə dünyada da zalımlara ibrət gözü ilə baxsaydılar, onların dünyada necə də yaramaz olduqlarını görərdilər:

إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ

O zaman tabe olunmuşlar (rəhbərlər) tabe olanlardan (rəhbərlərə itaət edənlərdən) uzaqlaşacaq, (ilahi) əzabı görəcəklər.

.Məsələn, o zaman Yəzdəgird deyəcək: “İlahi, ey Rəbbimiz, mənim zamanımda mənə itaət və köləlik edənlərə nifrət edirəm, mənim onlarla heç bir əlaqəm yoxdur, onlar məni Sənə şərik qoşurdular, onlar məni Sənə şərik qoşduqları üçün səhv ediblər, mən onlardan deyiləm.” Görün, Yəzdəgirdin ətrafındakı rəiyyətin ürəyi necə də dağlanacaq və “Biz dünya və axirətimizi bu namərdə verdik, indi Qiyamətdə bizdən üz çevirir, bizə nifrət edir.” – deyə həsrət çəkəcəklər.

إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ وَرَأَوُاْ الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ

O zaman tabe olunmuşlar (rəhbərlər) tabe olanlardan (rəhbərlərə itaət edənlərdən) uzaqlaşacaq, (ilahi) əzabı görəcəklərvə aralarındakı rabitə qırılacaqdır.

وَقَالَ الَّذِينَ اتَّبَعُواْ لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّا

“O zaman (rəhbərlərə) tabe olanlar deyərlər: “Kaş, bir daha dünyaya qayıda biləydik, onlar (bu gün – Qiyamətdə) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!”

كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ

Beləcə (Qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər.

وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ

“Və onlar Cəhənnəm odundan heç vaxt çıxa bilməzlər.

Bir sözlə, bu ayədən anlaşılır ki, Qiyamətdə əzaba məruz qalanlar bu dünyada Allahdan qeyrisinə ibadət və bəndəçilik etdikləri (yəni tövhidə qarşı çıxdıqları) üçün o əzaba layiq görülüblər. Quran da onları اتَّبَعُواْ(ittəbiu) – “tabe olanlar” ifadəsi ilə qeyd edir.

 

Xülasə

Cümə günü –Ramazan ayının 10-cu günü

İSLAM DÜNYAGÖRÜŞÜNDƏ TÖVHİD

Quranda tövhid laqeyd və məsuliyyətsizliklə yanaşı olan inanc deyil, əksinə məsuliyyətli, fəal və qurucu ideologiyadan ibarətdir. Cəmiyyətin formalaşması və idarəsində, onun strategiyasında, hədəfinin təyin və qoruyucu strukturunun təmin edilməsi, onun davam etməsində əsaslı və həlledici təsirə malik təfəkkür tərzidir. Həm də, tövhid İslam ideologiyasının təməl prinsiplərindəndir.

Dünya və insanın yenilməz qüdrətə – Allah-Taalaya bağlılığı dünyanın müəyyən hədəflər üçün yaradılmasını tələb edir. Həmçinin, ağıl və iradə qüvvəsinə sahib insan hədəfə və doğru istiqamətə aparan yolda addımlamaqda, hədəfi və doğru istiqaməti tanımaqda məsuliyyət daşıyır. Allahın yaratması və təkvini hakimiyyətinə əsasən, rəhbərlik və qanunvericilik də Onun ixtiyarı və iqtidarındadır və hamı (qanun və şəriətə ehtiyac duyan bütün şüurlu varlıqlar) ilahi qanuna tabe olmağa məcburdur.

Allahın sonsuz elminə əsasən, (insanların ehtiyac və məsləhətinə aid məsələlərini təmin edən) bəşəri qanunların tənzimlənmə səlahiyyəti Onun inhisarındadır.

Bütün varlıqların Allah qarşısında bəndəçiliyinə əsasən, Onun bəndələrinin heç biri digər bəndələrə hökmranlıq haqqına sahib deyil (tağutun – zalım hakimlərin inkarı). İnsan həyatının rəhbəri və idarəçisi yalnız Allahın hakimiyyətə seçdiyi şəxs (məsum imamlar, yaxud məsum imamın qeyb dövründə müəyyən əlamətlər və meyarlara sahib İslam hakimi) ola bilər.

Aşağıdakı ayələr üzərində düşündükdə, tövhid və onun təfərrüatı ilə əlaqədar məsələlərdə İslamın təfəkkür tərzinin bir qismi aydınlaşır:

وَمِنَ النَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ اللّهِ أَندَاداًİnsanların içərisində Allahdan qeyrilərini (bəşər və qeyri-bəşər cinsindən olanları) Allaha şərik qoşanlar vardır.

يُحِبُّونَهُمْ كَحُبِّ اللّهِ– Onları Allahı sevdikləri kimi sevənlər də vardır.

وَالَّذِينَ آمَنُواْ أَشَدُّ حُبًّا لِّلّهِHalbuki, həqiqi möminlərin Allaha məhəbbəti daha şiddətlidir.

وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُواْ إِذْ يَرَوْنَ الْعَذَابَ Əgər zülm edənlər (Allahdan qeyrisinə baş əyənlər) onlara veriləcək əzabı görsəydilər, bilərdilər ki,

 أَنَّ الْقُوَّةَ لِلّهِ جَمِيعاًbütün qüdrət Allaha məxsusdur.

 وَأَنَّ اللّهَ شَدِيدُ الْعَذَابِVə həqiqətən, Allahın əzabı şiddətlidir. (Şübhəsiz, onlar öz rəftarlarından peşman olardılar.)

إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُواْ مِنَ الَّذِينَ اتَّبَعُواْ  – O zaman tabe olunmuşlar (rəhbərlər) tabe olanlardan (rəhbərlərə itaət edənlərdən) uzaqlaşacaq,

وَرَأَوُاْ الْعَذَابَ (ilahi) əzabı görəcəklər

وَتَقَطَّعَتْ بِهِمُ الأَسْبَابُ– və aralarındakı rabitə qırılacaqdır.

وَقَالَ الَّذِينَ اتَّبَعُواْO zaman (rəhbərlərə) tabe olanlar deyərlər:

لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّؤُواْ مِنَّاKaş, bir daha dünyaya qayıda biləydik, onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq!”

كَذَلِكَ يُرِيهِمُ اللّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْBeləcə, Allah onların əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər.

وَمَا هُم بِخَارِجِينَ مِنَ النَّارِ

“Və onlar Cəhənnəm odundan heç vaxt çıxa bilməzlər.

“Bəqərə” surəsi, ayə 165-167



[1]. “Casiyə” surəsi, ayə 24.

[2]. Nübuvvət mövzusuna çatdıqda, inşallah, Quran ayələrinə istinadən bu mənanı geniş şəkildə bəhs edəcəyik.

[3]. “Hədid” surəsi, ayə 25.

[4]. “Tövbə” surəsi, ayə 34.

[5]. Bu gün əlinizdəki vərəqdə qeyd edilən mətləblərin hamısını izah etməyə vaxtımız çatmasa da, eybi yoxdur, çünki bu bəhsi sabah da sizinlə birgə davam edəcəyik, inşallah – əgər Allah istəyərsə! Bu gün isə uyğun mətləblərə ümumi və müqəddimə olaraq toxunmalıyam ki, hamı dərk etsin, bu gün cümə günü olduğundan, ola bilsin, məclisdə iştirak edənlərdən bəziləri sabah məclisdə iştirak edə bilməsin.

[6]. Kartel – birlikdə öz ticarət və istehsal müstəqilliyini saxlayan inhisar formalarından biri; konkret bir sahə üzrə rəqabətin məhdudlaşdırılması barədə firmalar arasındakı rəsmi və ya qeyri-rəsmi saziş.

[7]. Trest – işgüzar müstəvidə əməkdaşları, kreditorları arasında yüksək imicə və etibarlılıq səviyyəsinə malik müəssisə, təşkilat. Ayrı-ayrılıqda oxşar əmtəələr istehsal edən üzv şirkətlərin bütün imkanları trestin ixtiyarında olur.

[8]. “Biharul-ənvar”, c.10, bölmə 78, hədis 6.

[9]. “Biharul-ənvar”, “İman və küfr” bölməsi, 56-cı bölmə, hədis 10.

[10]. Burada məclis iştirakçıları gülməyə başlayır.

[11]. Ləyaqətsiz varlı təbəqəyə bağlılıqdan kinayədir.

[12]. “Mumin” surəsi, ayə 40.