ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir

ABŞ prezidenti Donald Trump Yaxın Şərqə əlavə qoşun göndərilməsi ilə bağlı sənədi imzalayıb. Cümə günü Pentaqondan verilən məlumata görə, həmin hərbi qüvvələr Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində hava hücumundan və raketdən müdafiə hissələrini gücləndirəcəklər.
 
Müdafiə naziri Mark Esper bildirib ki, bu tədbirlər Səudiyyə və BƏƏ-nin müraciətlərinə əsasən həyata keçirilir və məqsəd müdafiədir. Bu həm də Amerikanın bölgədəki mövcudluğunu gücləndirmək üçün ilk addım kimi də qiymətləndirilir.
 
ABŞ Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Dunford regiona nə qədər qoşun yerləşdiriləcəyini açıqlamayıb. O, bu barədə ətraflı məlumatın gələn həftə müdafiə naziriyi tərəfindən yayılacağını deyib.
 
Yaxın Şərq regionunda hərbi birliklərin gücləndirilməsi ilə bağlı ABŞ müdafiə nazirliyinin qərarı Səudiyyə Ərəbistanının Aramco neft şirkətinə məxsus obyektlərin dron və raketlərlə vurulmasından sonra gündəmə gəlib.