Aclıq və susmağın faydaları

Rəvayətlərdə aclıq çox bəyənilib. Amma tamamilə aclıq çətinliyinə səbir etməyin gözəl bir iş olduğu mənasında deyil. Hədislərdə “ac olun” deyilirsə, bunda məqsəd heç bir şey yeməmək deyil. Məqsəd az yeyilməsidir. Bu cür hədislərin məqsədi insanlarda ruhun yüksəlməsinin qarşısını alan səbəbləri göstərməkdir. İslam Peyğəmbəri (s) buyurur ki, “az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.”
 
Mərhum Əllamə Təbatəbai (r) hədislərdəki aclıqda məqsədin çox yeməmək olduğunu bildirib. Heç bir şey yeməmək isə əsla qəbul olunmur. İnsanın xoşuna gələn faydalı qidalardan yeməsi, zülal və vitamin cəhətdən bədənin ehtiyaclarını qarşılaması lazımdır, lakin qətiyyən həddi aşmamalıdır.
 
Allah, aclıq və susmağın əhəmiyyətini buyurduqdan sonra Həzrəti Məhmməd (s) dərhal bunların hansı faydaları olduğunu soruşur. Peyğəmbərin, Allahdan sual soruşması onun bilmədiyi və ya əməl etməməsi mənasında deyil. Peyğəmbərin Allahdan sual soruşmasında məqsəd başqalarına nümunə olmaq, yaxud bizim kimi maddiyyat aləminə bağlanıb qalmış insanlara tövsiyyədir.
 
Peyğəmbər (s) aclıq və susqunluğun faydalarını uca Allahdan soruşduqdan sonra, Allah bunları buyurur: "Hikmət, qəlbin nəzarəti, mənə yaxınlaşma, hər zaman hüznlü olmaq, insanların arasında qənaətli olmaq, həmişə haqqı və doğrunu söyləmək, gələcəyinin çətinlikdə yoxsa rahatçılıqda olacağı barədə narahatçılığının olmamasıdır."
 
1- Hikmət: Aclıqla susmağın çox qiymətli və ilk faydası, insana qazandırdığı hikmətdir. Yəni insan bu ikisi sayəsində heç bir zaman öz təlaşları ilə çata bilməyəcəyi həqiqətlərə çatacaq. İman sahibləri bu halı Ramazan ayının sonlarında hiss edirlər. Sanki oruc tutduqlarına görə ruhları uçacaq. Qəlblərində təsəvvüredilməz xoşbəxtlik və sevinc var. Ruhun qanadlanması üçün bədənə lazım olan miqdardan çox yeməməliyik. Bundan əlavə ağıl ruha bağlıdır, ağlın daha çox, daha məhsuldar və daha yaxşı işləməsi üçün insanın tox olmamalıdır.
2- Vəsvəsələrdən qorunmaq:  Aclıq və susamaq insanın qəlbini şeytanın vəsvəsələrindən qoruyar. Çox yeyib-içməyən möminlər, qəlblərini və bədənlərindəki bütün duyğu orqanlarını rahatlıqla idarə edə bilirlər. Eyni şəkildə, çox yeyib-içənlər də qəlblərinin, duyğu orqanlarının və xəyallarının qarşısına keçə bilmirlər.
3- Allaha yaxınlıq: Kim həyatının hər mərhələsində aclıq və susmağı, az danışmağı tətbiq etsə, hər an Allaha yaxınlaşacaq. Allaha yaxınlaşmaq həqiqi kamillik və hər təqvalı möminin ən böyük hədəfidir. Bu hədəfə çatmaq üçün qəlb nəfsi istəklərdən, dünyəvi və maddi olmaqdan xilas olmalıdır. Bu qurtuluş yalnız və yalnız iradənin güclənməsiylə ola bilər. İlahi şəxsiyyətə sahib olmaq və mənəviyyatda kamala yetişmək üçün möhkəm bir iradə şərtdir, iradəni isə inkişaf etdirib gücləndirən orucdur.
4- Hüzn:  Aclıq və susmaq hüzn gətirər. Bir çox hədisdə hüznlü olmaq və qəmli insanlar, bəyənilib, tərifləniblər. Amma bu hüzn daha çox daxildə olmalıdır, zahirdə yox. Bəyənilən hüznlü olmaq, sərxoşca boş və yersiz sevincin qarşısında olan bir ruh halətidir. Ac və lazım olmadıqca danışmayan biri əsla yalan sevinclər, boş əyləncələr və məstedici gülüşlərin arxasıyca olmaz. Bəziləri isə varlı olmadıqları, maddi olan bir məqsədə çata bilmədikləri üçün kədərlənirlər, bunun Allah yanında heç bir dəyəri yoxdur. Allah yanında dəyərli hüznü, Allah rizası üçün olan, Onu yad etməkdən saxlamayan və məstedici qəhqəhələrdən insanı saxlayan hüzndür.
5- Qənaətli olmaq: Aclıq və susmağın insan həyatında ortaya çıxardığı başqa bir fayda isə qənaətli olmaqdır. İnsan nə qədər başqalarına möhtac qalsa, o qədər azad olacaq, başqa insanlara möhtac olan biri zamanla onların əsirinə çevriləcək. Tək dərdi ləzzətli yeməklər, gözəl içkilər olan şəxs bu ehtiyaclarını qarşılamaq üçün bir çox insani dəyərlərini tapdalayacaq və azadlığını itirəcək. Dörd ayaqlılar kimi dərdi axuru və otu olan biri bu məqsədlərinə çatmaq üçün çox çətinliklərə düşəcək. Bol süfrə üçün daha çox işləyib, daha çox haram yola düşəcək və başqalarına boyun əyəcək.
6- Haqqı müdafiə etmək: Aclıq və susamaq və çox danışmamaq sayəsində insanın qazanmış olduğu başqa bir dəyər isə haqqı və həqiqəti müdafiə etməkdir. Sadə və qənaətli həyatı olan biri hər yerdə, hamıya qarşı haqq olan sözü deyəcək. Halbuki, məqsədi hər zaman mənfəətlərini qorumaq və dolanışığı təmin etmək olan şəxs, əsla hamıya qarşı həqiqətləri deyə bilməz. Çünki haqsız insanlarla yaxşı yola getməsə bu vəziyyət onun mənfəətləri ilə uyğun olmayacaq.
Qənaətlə yaşayan və aza qane olan şəxs haqqı söyləməkdən çəkinməz. Çünki azla dolana biləndir, başqalarından heç bir gözləntisi yoxdur, insanlar nə deyirlər desinlər yenə də zülm və haqsızlığa qarşıdır. Xərcləri az olan adam hər zaman şərəfli həyata, yeganə dərdi qarını olan isə həmişə rahat həyat dalıycadır.
7- Razı olmaq: Yuxarıda açıqladığımız altı fayda nəticəsində yeddinci fayda da özü ortaya çıxır. O da Allah tərəfindən təqdir edilən hər şeyə razı olmaqdır. Mömin insan gələcək rahatlığının arxasıyca deyil, gələcəkdə onu yaxşı, yoxsa pis günlər gözləyir deyə, əsla narahat olmaz. Çünki dünyada hər zaman azla idarəetməni öyrənmişdir. İnsanda yaranan bu ruh haləti isə arxasıyca qəza və qədərə razı olmağı gətirər.
 
Hədisin davamında uca Allah belə buyurur: “Ey Əhməd! Qulumun mənə ən yaxın olduğu anı bilirsənmi?”
Ərz etdi: “Xeyr, Rəbbim.”
Buyurdu: “Qulum ac olduğu və bir də səcdədə olduğu zaman mənə ən yaxın olduğu vaxtdır."
 
Heç şübhəsiz bu ikisi birlikdə olarsa, insanın Allaha yaxınlığı da çox olacaq. Yəni bir şəxs acdırsa və o halı ilə səcdədədirsə, ruhu Allaha doğru uçmaq üçün çox daha yüngül və sürətlidir. Çünki aclıq nəticəsində bədən gücsüz olur, insan özünün nə qədər aciz və kiçik olduğunu anlayır. Allah qarşısında tamamilə təvazökar olur. Səcdə isə insanın zehnini bir nöqtəyə istiqamətləndirir. Beləliklə qəlbdə yalnız bir nöqtəyə yönələ bilir.