Aeroport yolundakı qəzada 21 yaralı,  5 nəfər həyatını itirib - YENİLƏNİB

 
Saat 09:00-a olan məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanların sayı 21-ə çatıb.  
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəzada yaralananlardan 11 nəfəri kişi, 10 nəfəri qadındlr. Onlardan 8 nəfəri Klinik Tibbi Mərkəzə (KTM), 13 nəfəri 3 saylı Klinik Şəhər Xəstəxanasına çatdırılıb.  
 
İlkin məlumata görə, qəzada ölənlər 5 nəfərdir. Əlavə məlumat veriləcək.
 
****
 
  Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
 
Maide.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır:
 
“Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.
 
3 saylı Kliniki Şəhər Xəstəxanasından “Report”a verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirlib. Onlardan 2 nəfər hazırda əməliyyat olunur, 4 yaralı reanimasiyaya yerləşdirilib. 10 nəfər vəziyyəti yüngüldür və sarğı edilib.