Alimlər yaraların daha sürətli sağalmasına imkan verən yeni vasitə yaradıblar

Rusiya Elmlər Akademiyasının Ural bölməsinin Arktikanın kompleks öyrənilməsi üzrə Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri yaraların daha sürətli sağalmasına imkan verən yeni vasitə yaradıblar.
 
Maide.Az Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Arxangelsk vilayəti hökumətinin rəsmi portalında məlumat verilib.
 
Məlumatda qeyd edilir ki, Rusiya alimlərinin yeni ixtirası Ağ dənizin qəhvəyi yosunlarından və Barents dənizində yaşayan krab və krevetka qabığında olan xitindən alınan alginat əsaslı bir aerogeldir. Bu zaman hər iki komponent bir-birinin fəaliyyətini gücləndirir.
 
"İnnovasiya aerogelinin məsaməli strukturu materialı dərman maddələrilə doyurmağa imkan yaradır və eyni zamanda nəmin sabit şəkildə udulmasına zəmanət verir. Bu o deməkdir ki, aerogel yeni nəsil yara sarğılarının effektiv komponenti ola bilər", - deyə vilayət hökumətinin saytında bildirilir.
 
Bundan əlavə, dərman maddələri tədricən və terapevtik dozalarda tibbi sarğıdan sorulduğundan, doza həddinin aşılması ehtimalı sıfıra bərabərdir. Eyni zamanda, bu vasitədən istifadə zamanı yaranın sağalma prosesi normal sarğı ilə müqayisədə daha sürətli və daha effektivdir.
 
İxtira 2024-cü ilə qədər Rusiyada həyata keçirilməli olan "Elm" Milli layihəsi çərçivəsində yerli ixtiraların və patentlərin sayının artırılması istiqamətində reallaşdırılıb. Ümumilikdə, bu layihənin həyata keçirilməsi üçün 625 milyard rubldan çox vəsaitin ayrılması planlaşdırılır. O, həmçinin ölkədə dünya səviyyəli 15 elmi-təhsil mərkəzinin yaradılmasını, "meqasayens" sinfinin elmi qurğularının istismara verilməsini, elmi və elmi-pedaqoji kadrların hazırlanmasının bütöv sisteminin formalaşdırılmasını nəzərdə tutur.