Allah-Taala ilə ticarətin bərəkəti

İbrətamiz hekayələr

Nəql olunur ki, İmam Sadiq (ə) bir karvanla hərəkət etdiyi zaman xəbər gəlir ki, qarşıda quldurlar pusqu qurub. Karvandakılar qorxuya düşüb İmama (ə) deyirlər: “Bizim bir qədər malımız var. Qorxuruq ki, quldurlar qarət edə. Bu mallara yiyə dursanız, bəlkə, sizə görə toxunmadılar.”

İmam (ə) buyurdu: “Nə bilirsiniz, bəlkə onlar məni gözləyir?”

Karvan əhli İmamdan (ə) bir tədbir görməsini istədi. İmam (ə) buyurdu: “Mallarınızı elə bir şəxsə tapşırın ki, dövr etdirib çoxaltsın və bir vaxt sizə artıqlaması ilə qaytarsın!”

Soruşdular ki, kimə tapşıraq? İmam (ə) buyurdu ki, aləmlərin Rəbbinə. Dedilər ki, Ona necə tapşıraq? İmam (ə) buyurdu: “Niyyət edin ki, Allah quldurların şərrini sovuşdursa, malınızın üçdə birini sədəqə verəcəksiniz.” Karvan əhli razılaşdı. İmam (ə) buyurdu: “Artıq Allahın amanındasınız, yolunuza davam edin.”

Karvan hərəkətə başladı. Bir qədər getmişdilər ki, quldurlar yolu kəsdilər. Amma quldurbaşı birbaşa İmama (ə) yaxınlaşdı, onun əlindən öpüb dedi: “Yuxuda Həzrət Peyğəmbəri (s) gördüm, sizin haqqınızda tapşırıq verdi. Sizi mənzil başınadək düşmənlərdən qorumaq istəyirik.”

İmam (ə) buyurdu: “Sizə ehtiyac yoxdur. Sizin şərrinizi bizdən uzaqlaşdıran başqalarının da şərrindən uzaqlaşdırar.”

Karvan sağ-salamat mənzilə çatdı. Karvan əhli malının üçdə birini sədəqə verib sonradan elə bir qazanc əldə etdi ki, heyrətə düşdü. İmam Sadiq (ə) buyurdu: “Allahla ticarətin bərəkətini gördünüz, indi bu işi davam etdirin.” (“Biharul-ənvar”, c.93, səh.120.)

Maide.az – Maarif bölümü