ALLAHIN RƏSULU (S) – ƏN GÖZƏL NÜMUNƏ

İsanların tərbiyəsində ilahi şəxsiyyətlərin həyat tərzi, rəftar və buyruqları böyük təsirə malikdir. Qurani-Kərimdə peyğəmbərlər və saleh insanlardan danışılmasının səbəbi də budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir. Allah-Taala Qurani-Kərimdə İslam Peyğəmbərini (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.”

“Qələm” surəsinin 4-cü ayəsində o həzrətin əxlaqı belə təriflənir:

وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ

“Həqiqətən, sən böyük əxlaqa sahibsən.”

İslam Peyğəmbəri (s) haqda bunu demək kifayətdir ki, Allah-Taala Qurani-Kərimdə o həzrəti böyük ehtiramla – “Ya əyyuhər-Rəsul!” (ey Rəsul) və “Ya əyyuhən-Nəbiyy!” (ey peyğəmbər) ləqəbləri ilə yad edir.

Peyğəmbər (s) müsəlmanları İslam cəmiyyətinin quruluşu üçün başlıca dayaq kimi əxlaq və rəftarlarını gözəlləşdirməyə dəvət edər və buyurardı:

إَنَّكُمْ لَنْ تَسَعُوا النّاسَ بِأَمْوالِكُمْ، فَسَعوهُم بِأَخْلاقِكُمْ

“Siz heç vaxt insanları mal-dövlətinizlə ələ ala bilməzsiniz, onları əxlaqınızla ələ alın.” (“Əl-mali”, Şeyx Səduq”, səh.68.)

Başqa bir hədisdə buyurur:

أَفاضِلُكُم أَحْسَنُكُم أَخْلاقاً، الْمُوَطِّئونَ أَكْنافاً، الَّذينَ يَأْلَفُونَ وَ يُؤْلَفُونَ، وَ تُوَطّأُ رِحالُهُم

“Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət yaradan, onları sevərək bir yerə toplayan və hacətlərini yerinə yetirən şəxsdir.” (“Üsuli-kafi”, 2-ci cild, səh.110.)

Peyğəmbər (s) xalq arasından çıxan, xalqla birgə dayanan dini, ictimai və siyasi bir rəhbər idi. Başqalarının məsləhəti və təcrübəsinə heç bir ehtiyacı olmadığı halda, onların rəy və fikirlərini qiymətləndirir, onlarla məşvərət və məsləhətləşirdi. Allah-Taala “Ali-İmran” surəsinin 159-cu aysində buyurur:

فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

Beləliklə, Allah tərəfindən olan rəhmətin sayəsində onlarla (öz ümmətinlə) mülayim davrandın və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.

Peyğəmbər (s) xalqa o qədər yaxın idi ki, xalq o həzrəti özündən bilir, sirlərini onunla bölüşürdü. Həzrətin evi rəhbərlik mərkəzi və xalqın toplaşdığı ev idi. Bu evdə yığıncaqlar təşkil olunardı, müsəlmanlar onun süfrəsi başına toplaşıb söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata varmışdılar ki, Həzrətin rahatlığını pozmuşdular, amma o həzrət kimsədən üz döndərmirdi. Bu zaman “Əhzab” surəsinin 53-cü ayəsi nazil oldu:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَن يُؤْذَنَ لَكُمْ إِلَى طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ إِنَّ ذَلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنكُمْ

Ey iman gətirənlər, Peyğəmbərin evlərinə daxil olmayın, amma əgər yemək üçün sizə izn verilsə bu istisnadır. (Erkən gedərək) onun (yeməyin) hazırlanmasını gözləməyin. Lakin dəvət olunduğunuz zaman daxil olun və təamı yedikdən sonra söhbətə qapılmayıb dağılışın. Çünki (sizin) bu (rəftarınız) Peyğəmbəri incidir və o, sizdən xəcalət çəkir (və heç bir şey demir).

İmam Əli (ə) də Peyğəmbərin (s) əxlaqı haqda buyurur: “Peyğəmbər (s) bir yerdə əyləşən və yaxud ayaqüstə bir işə görə həmsöhbət olan şəxs özü ayrılmayınca, o həzrət səbir edərdi. Ondan hacət istəyəni əliboş geri qaytarmaz, imkanı olmadıqda isə xoş bir sözlə yola salardı. O həzrətin hüzurunda heç kimin haqqı tapdanmaz, məclisində təmkin, həya, səbir və əmanətdarlıq tam gözlənilərdi, nə bir səs ucalar, nə nalayiq söz danışılar, nə də xətaları üzə deyilərdi və hamı bərabər hüquqa malik olardı. Bəzən görüşə gələn qərib adamın quru, mənasız danışıq və istəyini təmkinlə dinləyər, nəhayət, səhabələri işə qarışdıqda buyurardı: “Ehtiyacı olanı gördükdə, ona yardımınızı əsirgəməyin...” (“Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqi)”, Baqir Şərif əl-Qurəşi, səh.15.)

Peyğəmbər (s) hansısa bir ehtiyaclının ona müraciət etməsini gözləməzdi, özü onları arayıb-axtarardı. Hüquqların təmini üçün Həzrətin çalışqanlığı insanlara öyrədir ki, cəmiyyətə rəhbərlik edən şəxsin öhdəsinə necə böyük bir məsuliyyət düşür! Həzrət insanlara tapşırardı ki, fəryad çəkməyə gücü olmayanların istəklərini ona çatdırsınlar. Çalışardı ki, ilahi quruluş çərçivəsində, ictimai münasibətlərdə kimsənin ən kiçik hüququ belə pozulmasın.

O həzrət müsəlmanların bütün işlərinə rəhbər və bütün imkanlar onun ixtiyarında olduğu zaman ən zahid bir insan idi. Onun zahidanə həyat tərzi bəşəriyyət üçün nümunəvi ölçüdür. Rəhbər ikən, öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayırdı. Bu da onun xalq arasında sevilməsinə səbəb olmuşdu.

Peyğəmbər (s) təvazökarlıq və sadəlik nümunəsi idi. Çünki o həzrət ilahi kamilliklərin ifadəsi və bütün insani dəyərlər onun şəxsiyyətində təcəssüm olunmuşdu. Yoldan keçənlərə, hətta uşaqlara salam vermək onun adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi.

O həzrət özünü başqalarından üstün tutmaz, bütün təbəqədən olan Allah bəndələri ilə təvazökarlıqla keçinərdi. O həzrət ən üstün insan olduğu halda, özünü xalqdan artıq bilmirdi. Möminlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-Taala da onun bu xasiyyətini tərifləyir ki, xalqı bu sayaq dinləmək və xalqa bu qədər etimad göstərməyin mühakiməsi yoxdur. “Tövbə” surəsinin 61-ci ayəsində buyurur:

وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيِقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيْرٍ لَّكُمْ يُؤْمِنُ بِاللّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِّلَّذِينَ آمَنُواْ مِنكُمْ

Onların (münafiqlərin) bəziləri Peyğəmbəri incidir və o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)! deyirlər. De: O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlərə bir rəhmətdir.”

Bəli, Peyğəmbər (s) üstün əxlaqına görə digər peyğəmbərlərdən fərqlənməklə Allah-Taalanın ən böyük nişanələrindən biridir. O, gözəl əxlaqı ilə tarixin məcrasını dəyişdi, cəhalət və nadanlıq girdabında çabalayan, bütlərə pərəstiş edən, qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə böyük ideoloji çevriliş yaratdı.

Rza Şükürlü (Maide.Az)