Allahın yer üzündə nümayəndəsi

Allah-Taala Qurani-Kərimin “Nur” surənin 55-ci ayəsində buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

Allah aranızdan iman gətirib saleh işlər görənlərəyalnız Mənə ibadət edər heç nəyi Mənə şərik qoşmazlar deyə, onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir!”

Bu ayədə açıq-aydın saleh və yaxşı iş görən möminlərə üç vədə verilir.

Bildiyimiz kimi, hər vəd üç ünsürdən ibarətdir: 1. Vəd edən – Allahdır. 2. Vəd alan – saleh möminlərdir. 3. Vədin maddələri – üç maddədən ibarətdir:

1. Allahın nümayəndəsi olaraq yer üzünə hakimlik, yəni ədalətli hakimiyyət;

2. Dinin möhkəmləndirilməsi, yəni ilahi qanunların hakimliyi;

3. Qorxunun əmin-amanlıqla əvəz edilməsi, yəni bütün qorxu amillərinin, hərc-mərcliyin aradan qaldırılması və yer üzünə asayişin hakim olması.

“Dinin möhkəmləndirilməsi” dedikdə, ilahi təlimlərin əsaslı şəkildə həyatın bütün sahələrinə nüfuzu nəzərdə tutulur. O zaman İslam dini hər tərəfə yayılacaq və Allahın bəndələri azad şəkildə ibadətlə məşğul olacaqlar. O zaman agahlıq və məsuliyyət hissi ümumbəşəri xarakter daşıyacaq, şəxsi mənafe düzgün qəzavətə mane olmayacaq. Bir sözlə, verilən üç ilahi vədin nəticəsində insan hərtərəfli təkamülə çatacaq, Allaha xalis bəndəçilik sayəsində bütlərə edilən bütün sitayişlərə son qoyulacaq və يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا “Onlar Mənə ibadət edər, heç nəyi Mənə şərik qoşmazlar” – ayəsi həqiqi mənada öz əksini tapacaqdır.

Burada sözügedən ayənin nazilolma səbəbi ilə bağlı təfsirçilərin bir sıra qeydlərinə nəzər salmağımız yerinə düşərdi:

Bəzi təfsirçilərin qeydlərinə əsasən, bu ayə nazil olduğu zaman Peyğəmbərin (s) səhabələri Mədinəyə hicrət etmişdilər. Yeni bir hərəkat başlanmış, xurafat, zülm, haqsızlıq, cəhalət və ayrı-seçkiliklə dolu keçmiş cəmiyyət rəhbərlərinin canını qorxu bürümüşdü. Hər tərəfdən müxalifət bayraqlarının qalxmasına baxmayaraq, ilahi hərəkatın fədakar nümayəndələri yeni dinin parlaq təlimlərindən bəhrələnməklə insanları həmin dinə dəvət edirdilər. Haqq carçılarının səsi isə müxalif qüvvələrin səs-küyü arasında itib-batırdı. Peyğəmbər (s) və müsəlmanlar Mədinəyə hicrət etdikdən və “ənsar” zümrəsi onları gülərüzlə qarşıladıqdan sonra bütün ərəblər onların əleyhinə qalxdılar. Hətta müsəlmanlar məcburiyyət qarşısında qalaraq özləri ilə həmişə silah gəzdirir, gecəni silahla yatır və sübhü silahla açırdılar. Odur ki, bəziləri mövcud vəziyyətdən gileylənir və “Bu vəziyyət nə vaxta qədər davam edəcək? Elə bir vaxt gələcəkmi ki, gecəni rahat yataq, Allahdan başqa, heç kəsdən qorxmayaq?!” – deyə bir-birindən soruşurdular. Bu zaman həmin ayə nazil oldu və onları belə bir xəbərlə müjdələdi.

İslam tarixində göstərilir ki, Peyğəmbərin (s) bütün Ərəbistan yarımadasına tamamilə qələbə çalması ilə həmin gün gəlib çatdı.

Ayənin nazilolma səbəbi nəzərə tamamilə təbii çarpsa da, Quran ayələrinin daşıdığı geniş məfhumu onların nazil olduğu müəyyən bir zamana aid etmək olmaz, əksinə nazilolma səbəbləri ayələrin xarici nümunələrinin bir hissəsini təşkil edir. İslam Peyğəmbərinin (s) ömrünün sonlarında bu ayənin geniş mənasının bir hissəsi gerçəkləşsə də, sonralar düşmənlərin caynaqları altına keçən İslam və müsəlmanları qorxu və dəhşət bürüdü. Bu dəhşət təkcə ərəb ölkələrini deyil, dünyanın əksər məntəqələrini əhatə etdi və düşmənlər bütün cəbhələrdə kəskin mövqe tutdular. Hələ də, bütün dünyada şirk və bütpərəstliyi tövhid, zülm və haqsızlığı təhlükəsizlik və əmin-amanlıqla əvəz edəcək cahanşümul İslam hakimiyyəti gerçəkləşməmişdir və mütləq onun intizarını çəkmək lazımdır. Bu böyük hadisə “mütəvatir” rəvayətlərə əsasən, İmam Mehdinin (ə) zühur və inqilabı ilə həyata keçəcəkdir. Lakin bu ayə nisbi olaraq İslam Peyğəmbərinin (s) zamanı və ona yaxın olan dövrlərə də şamil olur. Bu isə geniş miqyasda İmam Mehdinin (ə) zühurundan sonra baş verəcəkdir. Burada əsla ziddiyyət yoxdur və bunlar ilahi vədlərin müxtəlif zamanlardakı təzahürləridir. Odur ki, rəvayətlərdə bu ayə İmam Mehdinin (ə) qiyamı ilə bağlı izah edilir. Görkəmli təfsir alimi Təbərsinin “Məcməul-bəyan” kitabında İmam Səccaddan (ə) belə nəql olunur:

هم واللّه شيعتنا اهل البيت يفعل اللّه ذلك بهم على يدى رجل منّا و هو مهدى هذه الامّه

“Allaha and olsun! Onlar bizim şiələrimizdir. Allah-Taala bunu bizdən olan bir şəxsin vasitəsilə həyata keçirəcək. O, bu ümmətin Mehdisidir.”

Təbərsi bu rəvayətin məzmununu həm İmam Baqir (ə), həm də İmam Sadiqdən (ə) nəql etdikdən sonra belə yazır: “Ayə mütləqdir və bütün yer üzünün xəlifəliyinə aiddir. Allahın vədi hələ real həyatda gerçəkləşmədiyindən, onun intizarında olmalıyıq.”

“Burhan” kitabında İmam Baqir (ə) və İmam Sadiqdən (ə) ayənin İmam Mehdinin (ə) qiyamına aid olması ilə bağlı müxtəlif rəvayətlər də nəql edilmişdir.

Diqqətinizə çatdırırıq ki, ayədə qeyd olunan “minkum” (sizin aranızdan) ifadəsi cahanşümul inqilab üçün şərait yaradan imanlı və saleh insanların say azlığını da aşılayır. (“Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.33-37.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)