Almaniyada minlərlə insan irqçi terroru lənətlədi

Almaniyanın Hanau şəhərində irqçi terror hücumuna etiraz olaraq minlərlə insanın iştirakı ilə yürüş keçirilib. 
 
“Report”un Avropa bürosunun xəbərinə görə, "Terrorizm və İslamofobiyaya qarşı" şüarı ilə təşkil edilən etiraz yürüşünüdə şəhər sakinləri bir araya gəlib. İkinci hücumun baş verdiyi və 6 nəfərin öldüyü Kurt-Şumaxer meydanından başlayan yürüş ilk hücumun 2,5 kilometr məsafədə olduğu Hoymarkt bölgəsinə qədər davam edib. Nümayişçilər daha sonra Marktplats meydanına gələrək burada çıxışlar ediblər.
 
Yürüş-mitinqə Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın, Frankfurt baş konsulu Burak Karartı, Ədalət və İnkişaf Partiyasından olan deputat Zəfər Sarıkaya, Cümhuriyyət Xalq Patiyasının millət vəkilləri Abdurrahman Tutdere və Ünal Demirtaş da qatılıb.
 
Xatırladaq ki, fevralın 19-na keçən gecə Almaniyanın Hanau şəhərində Hoymarkt və Kurt-Şumaxer küçələrindəki iki qəlyan kafesinə silahlı hücum edilib. 21 yaşdan 44 yaşa qədər 9 nəfəri öldürən 43 yaşlı alman Tobias Ratxen hücumdan sonra evinə gələrək 72 yaşlı anası Qabrielle Ratxeni və daha sonra özünü öldürüb.
 
Terror hücumunda Fərhad Ünvar, Gökhan Gültəkin, Fatih Saraçoğlu, Sedat Gürbüz və Hamza Kurtovi (Bosniya), Mersedes Kirpaç (Polşa), Kaloyan Velkov (Bolqarıstan), Vili Viorel Pun (Rumıniya) və Said Nasser El Haşimi (Əfqanıstan) həyatını itirib.