Amerikada 34 milyona yaxın adam müalicə ala bilmədiyinə görə dünyasını dəyişib

Amerikada yetkin yaşlıların 13 faizindən çoxu, yaxud 34 milyona yaxın adam son beş ildə tibbi müalicə ala bilmədiyinə görə dünyasını dəyişən kimisə tanıyır. Bu kimsə ya dost olub, ya da ailə üzvü. Ona görə müalicə almayıb ki, buna pulu çatmayıb. Bunu Gallup və West Health təşkilatlarının keçirdiyi yeni sorğu üzə çıxarıb.
 
Bu səbəbdən ölənləri tanıyanlar daha çox qeyri-ağdərililər, azgəlirli ailələr, yaşı 45-dən az olanlar, siyasi baxımdan müstəqillər və demokratlardır.
 
Sorğu ABŞ-ın 50 ştatının hamısında və Kolumbiya Dairəsində 1099 nəfər arasında keçirilib. Sorğuda məqsəd tibbi müalicəyə görə ödəniş edə bilmədiyinə görə ölənlərin sayını müəyyənləşdirmək deyil, belə şəraitdə ölənlərlə bağlı məlumatı olanların sayını bilməkdir.
 
 ABŞ-ın Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzi 2017-ci ildə ABŞ-da bütün xəstəliklərdən 2,8 milyon nəfərin öldüyünü bildirir.
 
Son 12 ayda “lazımlı dərmanı, yaxud həkimin yazdığı dərmanı” almağa yetərincə pulu olmadığını deyənlərin sayı da artıb. Bu ilin yanvarında bu fikri 18,9 faiz respondent səsləndirmişdisə, sentyabrda onların sayı 22,9 faizə çatıb. “Dərman baxımından özünü təhlükəsizlik hiss etməyən” 22,9 faiz 58 milyon nəfər deməkdir.
 
Respondentlərin çoxu ABŞ istehlakçısının dərmana çox pul verməsi fikrilə razılaşır. Hər 10 respondentdən 9-u deyib ki, dərmanların qiyməti “adətən çox bahadır” (69%), yaxud istehlakçının ödəməli olduğundan “daha yuxarı qiymətə meyllidir” (20%).
 
Cəmi 1% qiymətlərin çox, yaxud qismən aşağı olduğunu düşünür. /azadliq.org