Ankarada kritik Suriya sammitindən əvvəl Əsəddən amnistiya və cəza endirimi qərarı

Suriya Prezidenti Bəşər Əsəd Ankarada bu gün (16 sentyabr) keçiriləcək mühüm üçtərəfli samit ərəfəsində amnistiya elan edib.   

Əsədin imzaladığı əfv və cəza endirimi fərmanı 14 sentyabrdan əvvəl edilən cinayətlər üçün etibarlı olacaq və bütün cinayətləri əhatə etməyəcək.

Ölüm cəzasını ömürlük həbsə, ömürlüyü 20 il həbs cəzasına azaldan amnistiya, dövlətə qarşı silahlanan, Suriya əleyhinə xarici dövlət və ya təşkilatlarla əməkdaşlıq edən məhkumları və ya fərariləri əhatə etmir. Amnistiyaya aid edilməyən digər cinayətlər arasında narkotik və silah qaçaqmalçılığı yer alır.   

Qanundan yararlanacaq olan ölkə daxilindəki əsgər fərarilərinin 3 ay, ölkə xaricində olmaları halında isə 6 ay ərzində təslim olmaları lazımdır. 

 Əsədin qərarı Suriyanın ərazi bütövlüyü, İdlibdə atəşkəsin davamı və pozuntuların dayandırılması kimi məsələlərin Ankarada müzakirə olunacağı sammitdən əvvələ təsadüf edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani bu gün paytaxt Ankarada Suriya böhranını müzakirə edəcək.   Suriyada 2011-ci ilin mart ayında başlayan daxili müharibə yüz minlərlə insanın həyatını itirməsinə və tarixin ən böyük miqrasiya dalğasına səbəb olub.  /eastnews.org/