Aİ Rusiya hərbi kəşfiyyatının rəhbərinə qarşı sanksiyalar tətbiq etdi

Avropa Birliyi, Almaniya parlamentinə edilən haker hücumunda iştirak etməkdə günahlandırılan Rusiya hərbi kəşfiyyatının rəisini və daha bir Rusiya rəsmisini boykot edib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  Avropa İttifaqı 2015-ci ildə Almaniya parlamentinə edilən haker hücumunda iştirak etmək ittihamı ilə ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukova və bu ölkənin daha bir rəsmisinə qarşı sanksiya tətbiq edib.
 
Rusiya daha əvvəl bu ittihamı köhnəlmiş adlandırıb rədd etməklə, Aİ-nin sözügedən iddianı sübut etmək üçün əlində heç bir faktının olmadığını qeyd edib.
 
Avropa Birliyi iddia edib ki, Rusiya bu kiber hücumda Almaniya kansleri Anqela Merkelin elektron poçtlarını ələ keçirib.
 
Aİ, həmçinin bu hücumların arxasında olan və haker olduğu bildirilən Dmitri Badinə və Rusiya hərbi kəşfiyyat qurumlarından birinə qarşı sanksiya tətbiq edib.