AXCP-nin 12 fəalı azadlığa buraxıldı

Bu ilin iyulunda Tovuz rayonundakı döyüşlərdən sonra Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si azadlığa buraxılıb. Onların arasında partiyanın Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Qarabağ əlili Asif Yusifli də var.
 
Sözügedən şəxslər Səbail rayon Məhkəməsinin qərarıyla həbsdən çıxıb. Prokurorluq onların ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən iki prokuror vəsatəti təqsirləndirilən şəxslərdən bir çoxunun himayəsində azyaşlı uşaqlarının olması, onları az ağır cinayətdə ittiham edilməsi, daimi yaşayış̧ yerlərinin olması və s. hallarla əsaslandırıblar.
 
Vəsatətə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxaraq onun təmin olunmasına qərar verilib.
 
Təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib, onlar onlayn qaydada prosesə qoşulub.
 
 Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir, onlardan 36-sı barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həbsdə olanlardan 15-i AXCP üzvləri idi.
 
Prokurorluq ümumilikdə 22 nəfərin ev dustaqlığına buraxılmasını məqsədəuyğun sayıb.  
 
14 nəfər həbsdə qalıb
Bu cinayət işi üzrə 14 nəfər həbsdə qalıb ki, onların sırasında AXCP fəalları Ramid Nağıyev, Gündüz Mirzəyev və Elnur Cabbarov, Naxçıvan MR daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var. /azadliq.org/