Axirət əhlinin Allaha tərəf getməsi

12. Allahdan qafil olmazlar: Onların bir an Allahdan qafil olmaqlarını və heç bir şeyin onları Allahın zikrindən ayırmadığı buyurulub. Axirət əhlinin bu xüsusiyyəti, bir çox Quran ayəsində və məsumların hədislərində gəlib. Məsələn, Qurani-Kərimdə buyurulur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.” (“Nur” surəsi, ayə 37)
 
Yaxşı, bəs necə olur insan həm dünyada yaşayır və həm də Allahdan qafil olmur? Bunu bacarmaq həqiqətən çox çətindir, əvvəlcə hər vəziyyətdə Allahı xatırlayıb, ondan qafil olmamalıyıq. Dərsə hazırlaşarkən, iş yerindəykən, əkinçiliklə məşğul olarkən və hətta insanın heyvani istəkləri ilə əlaqəli olan işlər necə olur ki, insanı Allahdan ayırmır?
 
İnsan, iki duyğu orqanları ilə bir anda iki işi edə bilmək qabiliyyətinə malikdir. Yəni gözümüzlə görərkən digər tərəfdən də qulağımızla eşidirik. İki şeyə yönəldiyimiz təqdirdə təbii olaraq diqqətimiz daha az olacaq. İnsan bəzən bir anda iki işi etmək məcburiyyətində qala bilər, məsələn, yemək yeyərkən kitab oxumaq və ya biri ilə danışarkən başqa bir şeylə maraqlanmaq kimi. Psixoloqların apardıqları araşdırmalara görə, insan öz üzərində çalışarsa, yeddi və ya səkkiz şeyi qəbul edib, dərk edə bilmək gücünə sahibdir.
 
Demək, insan eyni anda bir neçə şeyə diqqət edə bilər. İndi, əgər insan tapşırıqlarla və həmişə hər işini Allah üçün və onu düşünərək etsə, zamanla bu vəziyyət bacarıq halını alacaq, bundan sonrada etdiyi hər bir işdə Allahı xatırlayacaq.
 
Mərhum Əllamə Təbatəbayi (r) belə deyir: İnsan hüznlü bir hadisə ilə qarşılaşdığı zaman, məsələn, çox sevdiyi birini itirdikdə, aylarla onu unuda bilməz, həmişə onu düşünər. Amma ürəyində olan bu kədər və sevdiyini xatırlama, onu digər gündəlik işlərindən etməkdən saxlamaz. Gündəlik işlərini əvvəlki kimi yerinə yetirər. Lakin bununla birlikdə itirmiş olduğu sevdiyini də düşünür.
 
Şübhəsiz hamımız ağlımıza gəlməyən hüznlü hadisələrlə qarşılaşmışıq, amma yenə də gündəlik işlərimizə davam etmişik. Eyni şəkildə insan birinə aşiq olduğu zaman hər an sevgilisini düşünər, lakin bununla birlikdə başqa işlərini də edər, həm işləyər və həm də sevdiyini düşünər. Elə isə dünya işləri ilə məşğul olarkən Allahı düşünmək qeyri-mümkündür deyə bilmərik, həm gündəlik işləri etmək və həm də Allahdan qafil olmamaq mümkündür. Təbii ki, bu başlanğıcda asan olmaya bilər, lakin davamlı təkrar və tapşırıqlarla insan bu məqama çata bilər. Bunun üçün ilk mərhələdə ibadət edərkən fikirlərimizi cəmləyib, tamamilə Allaha yönəlməyimiz lazımdır, bunu digər işlərdə də etdiyimiz təqdirdə, zamanla həmişə Allahı xatırlayarıq. İmam Musa Kazim (ə) buyurur: “Allahı görürmüşsən kimi ibadət et, sən Onu görməsənsə də, O səni görür.” 
Əllamə Təbatəbayi (r) belə deyirdi: Bu rəvayət zikr və daxili tövbənin iki mərhələsinə toxunur. Birinci mərhələ budur ki, insan Allahın onu və etdiyi hər işi gördüyünü bilməlidir. Bu ona bənzəyir ki, heç kimin olmadığı bir otaqdadır, heç kim onu görmür, amma qapının dəliyindən biri etdiyin hər işi görür. İkinci mərhələdə isə sanki Allahı görürmüş kimi hiss etməkdir. Əgər insan, "Mən görməsəm belə, Allah məni görür, etdiyim hər işdən xəbərdardır və bütün aləm onun hüzurundadır" düşüncəsində olsa və həyatının hər anında belə düşünməyə çalışsa, zamanla Allah da ona kömək edərək, hər yerdə olduğunu bəndəsinə daha yaxşı anladacaq. Şübhəsiz Allahın necə və nə şəkildə kömək etdiyini bizlər qavraya bilmərik və ağılımız bunu anlamaqda acizdir. Lakin üstü bağlı belə deyə bilərik, Allah bəzən insanın qəflətini aradan qaldırmaq və onu özünə doğru yönətmək üçün bəzi işlər görür.
 
İnsan bəzən Allahdan qafil olub, onu düşünməməyə başladığı zaman Allah dərhal onu qəflətdən xilas edir. Həmişə Allahı düşün şəxs istəmədən qəflətə düşərsə, Allah öz lütfü ilə ona kömək edib,  özünü xatırladar. Bu xatırlatma bəzən ilahi sevgi ilə bərabərdir, bu zaman insanın daxilini təsəvvür edilməz bir rahatlıq və xoşbəxtlik bürüyər. Ümumiyyətlə, mücərrəd olan şeyləri daha yaxşı anladığımız üçün buna mücərrəd bir misal çəkək. Məsələn, insan birini çox sevir, amma başqaları bilməsin deyə, bildirmir. Bir yerdə olarkən həmişə sevdiyini xatırlayır, amma bəzən ona olan diqqətini itirib, başqa şeylərlə maraqlanmağa başlayır, sevdiyi bir işarə ilə yenə onun özünə baxmasını istəsə, bu sevən üçün nə qədər xoşbəxtlik gətirər.
 
Bu ləzzəti dadanlar, Allahın onları qəflətdən qurtarmaq üçün etdiyi şeylərin nə qədərdə gözəl olduğunun anlayırlar. Bax, Allah öz dostlarına belə kömək edərək, həmişə özünə yönəldər.