Ayətullah Məkarim Şirazi İraqla bağlı bəyanat yaydı

İranın tanınmış və nüfuzlu müctehidlərindən olan Ayətullah Nasir Məkarim Şirazi İraqda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Nüfuzlu alim müraciəti zamanı İraqda terror hücumları həyata keçirənləri hədələyib. Ayətullah Məkarim Şirazi bildirib ki, Ərəb, Qərb dövlətləri və terrorçular milyonlarla döyüşçüdən ibarət ordu ilə qarşılaşacaqlar.
 
Nüfuzlu alimin bəyanatında daha sonra bunlar deyilir: "Hamı bilir ki, terrorçu və onları dəstəkləyənlər, xüsusilə ABŞ və İsrail Suriyada məğlub olublar. Buna görə də, Suriyanın qisasını, orada buraxdıqları səhvləri İraqda aradan qaldımaq istəyirlər. Onlar fikirləşir ki, İraq tayfaları,  xüsusən də sünni və şiələr arasında nifaq salaraq ölkəni parçalaya biləcəklər. Lakin onların hiylələri qarşısında İraqın müxtəlif tayfaları, sünni və şiələrinin birləşməsi, müctehidlərin fətvasına əməl edərək İraq ordusuna kömək etmələri qarşı tərəfin istəyini ürəyində qoyub. Hazırda 2 milyon könüllü Allah yolunda cihad etmək üçün adlarını İraq ordusuna yazdırıb və döyüşlərə ən qısa zamanda qatılmaq üçün hazırlıq keçirlər. İnşallah bütün tayfalar İraq ordusunun ətrafında birləşib düşmənə qarşı vuraşacaqlar. Terrorçular bilməlidir ki, hər il milyonlarla insan müxtəlif ölkələrdən "Ərbəin" (İmam Hüseyn (ə) qırx mərasimi) günü ilə bağlı Kərbəlaya gəlirlər. Həmin insanlar orduya çevrilə bilərlər. Bunun nəticəsini qarşı tərəf gələcəkdə müşahidə edəcək.
 
Ərəb, Qərb dövlətləri və həmçinin terrorçuları dəstəkləyənlər görəcəklər ki, milyonlarla insandan ibarət ordu ilə üz-üzədirlər. Əhli-Beyt aşiqləri də döyüş üçün hər an hazır olmalıdırlar. Lazım gələrsə İraq ordusuna birləşməlidirlər"./Azadxeber