Ayətullah Amuli: Quran bütün dinlərin sözünü dinləməyə çağırıb

Ayətullah Cavad Amuli "Zumər" surəsinin 18-ci ayəsinin təfsirində maraqlı məqamlara toxunub: "Bu ayədə Uca Allah araşdırmaçılardan və alimlərdən bütün məktəblərin sözlərini və fikirlərini dinləmələrini, bunların içindən ən gözəl olanı seçmələrini istəmişdir."
 
Maide.az-ın məlumatına görə, Ayətullah Cavad Amuli ayələrdə keçən ixlas anlayışına işarə edərək belə deyib: "Bu ayələrdə müşriklərə isnad edilmiş ixlas, onların bütpərəstlikdə göstərdikləri səmimiyyətə işarədir. Yoxsa onların bəzi vaxtlar müsbət mənadakı ixlası göstərdiklərindən bəhs etmir. Ayə bunu deyir: "Müşriklər ixlasla Allahdan başqasına tapınırlar və Allahdan başqa tapındıqları şeyə ibadət mövzusunda xalisdirlər. Əlbəttə bu, onlarda riyakarlıq olmadığı mənasını vermir. Müşriklər də bəzən özlərini daha yaxşı bütpərəst göstərmək meylinə girərək, riyakarlıq edə bilirlər. Buna görə də bu ayələrdə dörd dəfə təkrarlanmış ixlas bu mənada deyil ki, Peyğəmbər, "mən nümayiş üçün və eşitsinlər deyə iş görmürəm" desin. Çünki belə bir şeyin Peyğəmbərə aid olması mümkün deyil. Peyğəmbər (s) durduğu mövqeyə görə nə əzab qorxusu ilə, nə də cənnət arzusu ilə Allaha qulluq etmir. O, Allah üçün Allaha qulluq edir. Buradan biz də dərs çıxarmalı və ibadəti yalnız Allah üçün etməliyik. O ibadət edilməyə layiq olduğu üçün ibadət etməliyik.
 
Peyğəmbər (s) Allaha qulluqdakı ixlasını elan etdikdən və Allaha "Allah" olduğu üçün ibadət etdiyini ifadə etdikdən sonra müşriklərə xitab olaraq belə deyir: "Sizlər sərbəstsiniz, əlbəttə şəri baxımdan deyil, yaratmaq baxımdan sərbəst və azadsınız, istədiyinizi edə bilərsiniz, bu dünyada istədiyinizə tapına bilərsiniz. Lakin yoldan çıxdığınız təqdirdə özünüz, yoldaşınız və uşaqlarınızın sərmayəsini itirəcəksiniz. Qiyamətdə sizin üçün yığılan nemətləri və cənnəti itirəcəksiniz. Bu vəziyyətdə sizlər ziyan edənlərdən olacaqsınız. Dünya ticarətində Allah ilə rəftar etmədiniz, şeytanla rəftar etdiniz və itirdiniz. İnsan əgər dünyada Allah ilə ticarət etsə, həm ödənən əvəz, həm də alınan əmtəə ikisini də əldə etmiş olar. Şeytanla ticarətdə isə bunun tərsi olar; yəni ödənən əvəz də, alınan qarşılıq da hər ikisini şeytana verilmiş olar. Çünki şeytan insanı özünə kölə edər və onu dilədiyi şəkildə istifadə edər."
 
Uca Allahın insanları bütün məktəblərin və dinlərin sözlərini eşitməyə çağırdığına diqqət çəkən Ayətullah Amuli belə danışıb: "Bütün sözləri dinləyib bunların içərisindən ən gözəl olanı seçən kimsəyə bu ayədə Uca Allahın müjdəsi var. Bu səbəbdən fanatizm İslamın mübarizə apardığı mənfi bir məfhumdur. Quran daim bizi tərəqqi etdirəcək və yüksəldəcək üsullara istiqamətləndirir və bunu söyləyir: Bütün məktəblərin sözlərini dinləyin, üzərində düşünün; alıb-verəcəyini müqayisə edin, yaxşıca ələkdən keçirin və ən gözəl olanı seçib, onunla əməl edin və irəliyə gedin."