Ayətullah Həmədani: `Quranda üç növ tağut bəhs edilir`

Maide.az xəbər verir ki, Ayətullah Nuri Həmədani alimlər peyğəmbərlərin varisləri olduğunu bildirən rəvayətin şərhində belə deyib: "Bu rəvayətdə sözügedən mirasıb mənası ümumidir. Yəni elmi, əxlaqi, mənəvi və hətta maliyyə mirasını əhatə edir. Peyğəmbərlərin xüsusiyyətlərini oxuyanda onların şeytanlara qarşı vuruşduqlarını görürük. "Nəhl" surəsinin 36-cı ayəsində belə buyurulur: "Hər ümmətə, "Allaha ibadət edin və tağutdan çəkinin" deyə peyğəmbər göndərdik". Bu ayə də göstərir ki, peyğəmbərlər tağuta qarşı vuruşmuşlar. Quranı-Kərimdə yeddi yerdə tağut sözü keçmişdir. Əllamə Təbatəbai "əl- Mizan" təfsirinin 2-ci cildində (s.362) tağut haqqında belə yazır: "Tüğyan və həddin aşılmasına səbəb olan hər bir şey tağutdur." Yəni Allahdan başqa hər bir səcdəgah tağutdur; İstər şeytan olsun, istər büt olsun və ya Uca Allahın itaət edilməsinə icazə vermədiyi başqa bir şey olsun, fərq etməz, hamısı tağutdur.
 
Ayətullah Həmədani sözlərini belə davam etdirib: "Quranda üç növ tağutdan bəhs edilmişdir: siyasi tağut, iqtisadi tağut və mədəni tağut. Firon siyasi tağur nümunəsidir. Cəmiyyətdə rəhbər mövqeyində olan, xalqına zülm edən, özünü Allahın yerində yerləşdirən və insanları təzyiqlə özünə itaətə məcbur edən hər bir idarəedici Quran baxımdan tağutdur. İqtisadi tağuta nümunə olaraq Quranda Qarun bəhs edilmişdir. Əlindəki sərvət və maliyyəni insanların səadəti üçün istifadə etmək əvəzinə, onu bir zülm vasitəsinə çevirən hər kəs bu mənada bir tağutdur. Mədəni tağut isə Quranda "irəli gələnlər" mənasını verən "mələ" anlayışı ilə bəyan edilmiş insanlardır. Bu cür insanlar daim rəhbərlərin ətrafında olaraq onlara məsləhət verən şəxslərdir. Quranda bu ifadə 22 dəfə zikr edilmişdir. "Mələ" siyasi tağutun başına pərvanə olub, ideya mənasında onu irəliyə aparan "intellektual" insanlardır. Bu şəxslər hər dövrdə tağutların insanlar üzərindəki basqısını daha da güclü etmək üçün xalqla tağur arasında körpü vəzifəsini yerinə yetiriblər."