Ayətullah Cavadi Amulinin Rəcəb əhlinə tövsiyələri

Rəcəb ayı olduqca bərəkətli bir aydır. Bacardığınız qədər bu ayda oruc tutun, məxsusən, gənclər güclü və enerjili olduqlarından bu ayın, eləcə də, Məbəs bayramı gününün orucundan qəflət etməsinlər.
 
Dərs və bəhs işin bir hissəsidir. Həqiqət və əsas iş (mənəviyyat, Allahla rabitə) başqa yerdədir. Əgər bu əsas işə riayət edə bilsəniz, elm, paklıq və saflığın ləzzətini duyacaqsınız. Paklıq və saflığın ləzzətini heç bir şey əvəz edə bilməz. Belə bir insana dünyanı versən də, onun üçün acı və zəhərli olacaqdır. Düzdür, bizdən baş verən bəzi xoşa gəlməyən işlər qabiliyyət və ləyaqətimizi aradan qaldırıb. Amma həmin qabiliyyət və ləyaqəti verən Allah həmişə bəxş edəndir. Elə isə, Ondan qabiliyyət istəyin, istedad istəyin, ləyaqət istəyin. Ondan istəyin ki, bu qabiliyyətə müsbət cavab versin, qabiliyyət, ləyaqət və istedad bəxş etsin.
 
Rəcəb ayı qəlblərin paklığı və saflığı üçün bir fürsətdir.Yaradılışın sirri də ibadətdir və ibadətin həqiqəti odur ki, insan həyatın hər bir sahəsində Allaha həqiqi bəndə olsun.
 
Əgər insan öz varlıq gövhərini tanısa, özünü ucuz satmaz; haqqa qovuşdurmayan, əbədi olmayan, insanı yalqız qoyan, əfsuslar gətirən şeylər insan şəninə, məqamına layiq deyil. Əgər insan bu əbədi gövhəri tanısa, əbədi köç və həyat üçün əbədi azuqə fikrində olar.
 
Bir də bu ayda Qurani-Kərimlə ünsiyyətinizi çoxaldın. Çünki Qurani-Kərim şəfabəxşdir. Necə ki, Allah-Taala buyurur:
 
وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاء وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ...
 
“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik...” (“İsra” surəsi, ayə 82; tasnim)
 
Maide.Az - Maarif bölümü