Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 7

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
7-ci hissə
 

Pərakəndəlik və cəmiyyətlərin müharibə meydanına çevrilməsi

وَ انْتِشَارٍ مِنَ الْأُمُورِ

Başqa bir əlamət bu idi ki, “işlər bir-birinə dəymiş və qarışmışdı.” Xalqlar (gündəlik) zəruri işləri ilə məşğul ola bilmirdilər. Sivil və mədəni bir işə başlamaq istədikdə, uğursuzluqla üzləşirdilər. İqtisadi baxımdan bir iş görmək istədikdə, nakam qalırdılar. Bir işə başlamaq istədikdə, qarmaqarışıqlıq yaranır, maneə ilə üzləşirdilər; bir sözlə, bütün işlər nəticəsiz qalırdı.

وَ تَلَظٍّ مِنَ الْحُرُوبِ

“Dünya dağıdıcı müharibə alovu ilə şölələnmişdi.”

Şərqlə Qərb arasında, bu iki blokun hər bir guşəsi və məntəqəsində döyüşlər gedirdi. Hər yerdə müharibə odu alovlanır, bu od içərisində günahsız insanlar yandırılırdı. Bəşəriyyətin gördüyü yalnız qılınc və qan idi. Hara baxırdınsa, özgələrin deyil, hətta qardaşların belə, bir-birinin canına düşdüyünü görürdün.

وَ تَلَظٍّ مِنَ الْحُرُوبِ

Bəşəriyyət susuzluqdan özünə qısılıb taqətsiz qalan şəxs kimi hər tərəfi bürüyən müharibə odu və alovundan çarəsiz qalmış və özünə qapanmışdı.

Hidayət nurunun sönməsi, fırıldaqlıq və riyakarlığın aşkar olması

وَ الدُّنْيَا كَاسِفَةُ النُّورِ

“Dünyanın nuru, işığı sönmüş, qürub etmişdi.”

Dünyada nur və nurun təzahürü qalmamışdı. Bilirsinizmi, dünyada nurun təzahürünün olmaması nə deməkdir? O deməkdir ki, mən, sən və digər bir neçə sadəlövh insanın uzaqdan yer üzünün cənnəti olaraq xəyal etdiyi bugünkü Amerika kimi böyük maddi və texnoloji sivilizasiya məntəqəsində – o utopik cənnətin mərkəzində, göylərə ucalmış göydələnlərin altında, bəşəriyyəti zəncirləyən böyük karxanaların ətrafında cəmiyyətin ən xalis gülləri solmaqda, sarsılmaqdadır.

Amerikanın gənc nəslindən xəbəriniz varmı? Bu haqda mətbuatdan dəqiq statistik məlumat əldə edib sizə məlumat vermək niyyətində deyiləm və Amerikada heroin, LSD və tiryək kimi narkotik maddə istifadəçilərinin dəqiq sayı ilə bağlı statistik rəqəmləri toplayıb sizə deməyə heç hövsələm də çatmaz. Amma bu qədər deyə bilərəm ki, sənaye sivilzasiyasının qucağında doğulan, böyüyüb boya-başa çatan bir gənc gördüyü bu xəyali xoşbəxtlik təcəllisindən ibarət həyatdan qaçır, yaşamaq istəmir. İntihar onun üçün xoşbəxtliyə açılan bir pəncərə kimi asan bir işə çevrilir. Cəsarətli olan kəs intihara əl atır. Cəsarəti olmayanlar da sanki heç nədən xəbəri yoxmuş və xəbərsizmiş kimi özünü ölümcül vəziyyətə salırlar. Elə bu səbəbdən də onlar Yoqa məktəblərinə üz tuturlar. Hind murtazlarının xüsusi rəyazəti və məşqləri kimi çillə keçirirlər; (məsələn,) qırx gün əl-ayağı asılı vəziyyətdə qalırlar. Yoqa həmin hind murtazlarının gördüyü bədən məşqindən ibarətdir. Camaatı rahatcasına aldatmağı bacaran bir qrup hiyləgər və fırıldaqçı insan bu məşqləri məktəbə çevirmiş, Amerika bəyənən bir hala salmışdır. Bir qrup gənci bir yerə yığıb diqqətlərini mənalara, ruhi və cismani məşqlərə yönəltməklə beyinlərini yuyurlar. Bu isə bir millətin bədbəxtlik əlamətidir. Bu onu göstərir ki, bu millətin həyat üfüqündə o qədər günəşlər batıb və o qədər çıraqlar sönüb ki, közərən bir şam da onların ürəyini ələ alır. Bir səs ucalan kimi, bir dəstə onun ətrafına toplaşır. Çünki nur yoxdur, günəş və aydınlığa doğru bir yol yoxdur. Əyri və batil bir yol tapdıqda, onu düz yol hesab edirdilər. Gecə qaranlıqda pərvanələrin işıq ətrafına toplaşdığını görübsünüzmü? Bu pərvanələr işıq gördükdə, onu gündüzə açılan bir pəncərə güman edirlər. Elə təsəvvür edirlər ki, bu pəncərə sonsuz fəzaya gedib çıxacaq. Odur ki, pəncərəyə doğru hərəkət edirlər. Onlar buranı pəncərə, keçid hesab edirlər. Başa düşmürlər ki, oddur. Dünyanın ümid bəslədiyi bir nəsil uzaqdan bir közərti görcək, ona doğru zillənir, onu nəsə hesab edir. Buna görə də pərvanə tək ona tərəf yollanaraq özünü yandırır, tələf edir və həyat sərmayəsini əldən çıxarır.

ظَاهِرَةُ الْغُرُورِ

“Dünyanın tovlama və aldatmaları aşkar olmuşdur.”

Ərəbcədəki “ğurur” sözünün mənası nədir? “Ğurur” sözü “aldatmaq”, “fırıldaq gəlmək” mənasını verir. Dünyada aldatmalar, riyakarlıqlar, ikiüzlülüklər artmışdır. Bu sözü öz dilimizdə tərcümə olunan “qürur” sözü ilə səhv salmayın. Aldatmaq və fırıldaq gəlmək bugünkü dünyanın aşkar əlamətidir. Aldatmaq, riyakarlıq və ikiüzlülükdən söz düşdükdə, insanın zehni müəyyən bir təbəqə və zümrəyə yönəlir. Halbuki cahiliyyət dünyasında – din və hidayət nuru, ilahi məktəb, İslam və Quran nurunun söndüyü bir dünyada bütün fenomenlər aldatmaq, riyakarlıq və ikiüzlülüklərdən xəbər verir. Dünyada dilində bəşəriyyətə məhəbbət, qəlbində isə insan hüquqlarından danışıb kin bəsləyən nə qədər hegemon qüdrət var? Əlindəki bıçağı insanlığın qəlbinə sancmaq istəyən, lakin dodağında insanlığın üzünə təbəssüm edən nə qədər insan var? Sizcə, dünyada baş vermiş böyük müharibələrdə bəhanə nə idi? Bir supergüc ordusu ilə öz torpağından minlərlə kilometr uzağa gedib öz əsgərləri ilə birgə döyüşə başlayır. Sizcə o, tribuna arxasından mikrofonla “Mən oraya öz gücümü göstərmək, zor tətbiq etmək üçün getmişdim!” – deyərmi? Yəni, deyərmi ki, mən boynuyoğunluq və zorakılıq etmək üçün getmişdim? Xeyr, deyəcək ki, oranı fəth etmək üçün getmişdim. Deyəcək ki, gedib oranı haqsızlıqlardan, ictimai fəsad və bədbəxtliklərdən qurtarmaq istəyirəm. Sözləri budur.

ظَاهِرَةُ الْغُرُورِ

Aldatmaq və riyakarlıqlar ürəyindədir, dilindədir, əməlindədir, güclünün əlindədir, dodağında və gözəl gülüşündədir! Fərq bu qədərdir! Aldatmaq və riyakarlıq cahiliyyət dünyasının açıq-aşkar fenomenidir.

İnsanlıq fidanının solması və onun səmərə verməyəcəyindən məyusluq

عَلَى حِينِ اصْفِرَارٍ مِنْ وَرَقِهَا

“İnsanlıq fidanının yarpağı solmuş, saralmışdı.“

Haçan yaşıl br fidanın yarpağı solub-saralır? Yarpaqları yamyaşıl olmuş bir ağac quruyarkən, ona baxdıqdan sonra çıxaracağınız nəticə nədir? Nəticə budur ki, bu ağacın meyvə verməsinə ümid etmək olmaz. Bəşəriyyət o zaman belə idi. Yarpaqları tökülməkdə olan, sarı və solğun bir ağacdan meyvə gözləmək mənasızdır, yəni insanlıq və həyat fidanından əsla ümid gözlənilmirdi. Əgər o zaman bir kəs dünyanın böyük ümmətlərinə ümid gözünü dikmək, böyük xilaskar qüdrətlərin zənginə, səsinə qulaq vermək istəsəydi, onda, intizar yuxusunda ikən əbədi ölümə məhkum olmalı idi. O zaman insanlıq səmərəli ola bilməzdi. İnsanlığı xilas etmək qeyri-mümkün idi. Çünki insanlıq fidanının yarpaqları saralıb solmuşdu, tökülməyə az qalmışdı.

وَ إِيَاسٍ مِنْ ثَمَرِهَا

“Meyvəsindən bəhrəsiz qalmışdılar.“

İnsanlıq fidanının meyvə verəcəyindən ümidlərini üzmüşdülər.

وَ اغْوِرَارٍ مِنْ مَائِهَا

“Suları qurumuşdu.”

Bəşəriyyət və insanlığın həyat mənbəyi olan su bulanıq olmuşdu. İnsanın həyatı sudan asılıdır. Əldə su olmazsa, yaxud əldəki su çirklidirsə, insan susuz şəkildə yaşamağa tab gətirməz. Cahiliyyət dövrünə hakim vəziyyət belə idi. Əlbəttə, təkrar-təkrar xatırlatmışam, yenə də deyirəm, cahiliyyət Peyğəmbərin (s) zühur etdiyi müəyyən bir məntəqəyə xas deyil. Elə cahiliyyət deyən kimi, zehninizə Kəbə evi, orada yerləşdirilən bütlər, Məscidül-Həram, Məkkə və Taif şəhərləri gəlməsin. Orada da cahiliyyət var idi, lakin oranın cahiliyyətindən daha böyük, daha çirkini bütün dünyaya hakim cahiliyyət idi. Mədəniyyət sahəsində irəlilədikcə, cahiliyyətləri ona nisbətdə daha da artır, daha da təhlükəli olurdu.

İnsanlar arasında hidayət nişanələrinin aradan qalxması və zəlalət əlamətlərinin aşkar olması

قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى

“Hidayət vasitələri, yol göstərən bayraqlar unudulmuş, tərk olunmuşdu.”

Bəşəriyyət müəllimsiz qalmışdı. Onun əlindən tutub həyatın dolanbac yollarından asanlıqla keçirən mehriban müəllim yox idi. Dəniz səfərində olanların azmaması və yolu tapması üçün böyük qüllələrin təpəsində quraşdırılan çırağa “mayak” (mənar) deyilir. Günümüzdəki mayaklar həmin məqsədi izləyir. Görəsən, insanlığın mayakı, yolgöstərən vasitə və çırağı nə idi? Alov tək şölələnən bəzi kəslərin özləri yansa da, bəşəriyyətə bələdçi və yolaçan olurlar. O zaman insanlar arasında daha belələrindən xəbər yox idi. Fədakar, agah və bəşərin hidayəti ilə məşğul olan bir insan ictimai arenada görünmürdü.

قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى

Camaatın uzaqdan baxıb tapdığı yolun izləri aradan getmişdi. Bəzən bir məktəbin qayda-qanunları və bir ideologiyaya əməl olunmasa da, külliyyatı, hökmləri, metod və prinsipləri əlçatandır, bəziləri onların vasitəsilə yolu tapırlar. Bəzən də həmin qayda-qanunlar tamamilə əldən çıxır, təhrifə məruz qalır, aradan gedir. Sözügedən ifadə buna işarədir:

قَدْ دَرَسَتْ مَنَارُ الْهُدَى

“Hidayət vasitələri, yolgöstərən bayraqlar tərk olunmuşdu.”

وَ ظَهَرَتْ أَعْلَامُ الرَّدَى

“(Onun müqabilində isə,) azğınlıq, alçaqlıq və həlakət əlamətləri və bayraqları aşkara çıxmışdı.”

Dünyanın hər yerində insanlara bir zalım padşah hökmranlıq edir, onları azğınlığa sürükləyirdi. Dünyanın hər bir məntəqəsində azdıran şeytan şeytanlıq əli və zəhərli pəncəsi ilə bəşəriyyətin boğazını sıxır, bəşəriyyəti azdırırdı. Dünyanın harasına baxsaydınız, onların nümunəsini görərdiniz. Rumda, Sasanilər dövründəki İranda, Nəcd ölkələrində və Ərəbistanda – dünyanın hər bir məntəqəsində belə azğınlıq, alçaqlıq və bədbəxtlik nişanələri gözə çarpırdı.

Dünyanın insanlardan üz çevirməsi

فَهِيَ مُتَجَهِّمَةٌ لِأَهْلِهَا عَابِسَةٌ فِي وَجْهِ طَالِبِهَا

“Dünya, dünya əhlinə üzünü turşutmuşdu.”

Bu ifadə çox maraqlı bir ifadədir. Dünya dünya əhlinin müqabilində bir sədd çəkmiş və onu istəyənlərə qaş-qabaq sallamışdı. Bu nə deməkdir? O deməkdir ki, ümmət və millətlər siyasi hədəflərini, qayələrini və ehtiyaclarını unutmuş, qulaqardına vurmuş, ən yaxın dünyəvi hədəflərə bel bağlamışdılar. Onlar heç bu yaxın hədəflərə də çata bilmirdilər. Onlara “Öz cəmiyyətinin ümumi islahı haqqında düşün!” – deyildikdə, bu yolda azacıq belə zəhmət çəkmək istəmir, yalnız düşüncəsi yeyib-içib yatmaq, ölməmək, hər şeydən çox öz ehtirasını və nəfsi istəklərini təmin etmək, onlara çatmaq idi. Maraqlı burasındadır ki, bunlara da rahatlıqla nail ola bilmir və bu yolda da çətinliklər və əziyyətlərlə üzləşirdi. Dünya öz əhli müqabilində üzünü turşutmuş, qaş-qabaq sallamışdı, əlləri öz dünyalarına belə çatmırdı. Doğrudan da qəribədir! İnsan Əmirəlmöminin Əlinin (ə) bu cümləsini obyektiv araşdırmalarla uzlaşdırsa, tarixə və dünyaya obyektiv nəzər salsa, xalqların həyatını görə və anlayıb dərk edə bilsə, o zaman dünyanın öz əhlinə üzünü turşutmasının nə demək olduğunu başa düşəcəkdir.

ثَمَرُهَا الْفِتْنَةُ

“Bu dünyanın o zamanda yeganə meyvəsi fitnə idi.”

Hər gün bu dünyanın acı və zəhərli bağında yeni “fitnə” adlı bir meyvə yetişirdi. Şeytandan soruşdular ki, camaatı necə ovlayırsan? Bir ovuc ip göstərib dedi: “Bunlarla.” Soruşdular: “Bunlar nədir?” Dedi: “Bu ip fılan təbəqənin, bu, fılan zümrənin, bu da fılankəsin boynuna atmaq üçündür.” Soruşdu: “Bəs mənim ipim hanı?” Dedi: “Sən ipsizsən, sən özün ardımca gəlirsən, sənin ipə ehtiyacın yoxdur.” Müxtəlif iplər və kəndirlər ipə və kəndirlərə ehtiyacı olanlar üçündür və bir işarə ilə gələnlər ip istəməzlər. Kiçik bir bəhanə ilə azanlar və yoldan çıxanlar barəsində zəhmət çəkməyə, boyuna kəndir atmağa ehtiyac olmur, onlar üçün xərc çəkmək əbəs, qəm-qüssə yersizdir. Onlar bir göz vurmaqla belə gəlirlər, ipsiz də gəlirlər. İp və kəndirlər sümükləri möhkəm, boyunları yoğun, qəlbləri böyük və iradələri güclü olnlara məxsusdur; qarşısına pul atılır, (dünya malı ilə) ələ alınır, təhdid edilir, növbənöv aldadıcı vasitələr səhifə tək daim gözlərinin önündə vərəqləndirilir, daim müxtəlif səhnələr göstərilir, gözlərinin qarşısında saxlanılır ki, görsün və qəlbi ona əsir olsun. İnsanı özünə məftun və sərxoş edən, gicəlləndirən, yoldan azdıran və özündən qafil edən hər bir şey “fitnə”dir.

ثَمَرُهَا الْفِتْنَةُ

“Cahiliyyət dünyasında əldə edilən meyvə yalnız fitnə idi.”

Baxdıqca, iti nəzərlərlə irəlilədikcə fitnə – fitnə sahəsi, fitnə fidanı, fitnə meyvəsi və fitnə məhsulu görürsən, hamısı da azğınlığa sürükləmək, hamını qafil etmək, hamının başını qatmaq, hamını böyük hədəflərdən saxlamaq və yayındırmaq üçündür.

وَ طَعَامُهَا الْجِيفَةُ

Cahiliyyət dövründə bu dünyadan əldə olunan şeylər nə idi? Əldə olunanlar murdar şeylər idi. İnsanın əldə etdiyi çirkinlik idi, qazandığı pul da, sahib olduğu vəzifə də çirkin idi, hər bir şey murdar idi. İnsanın qazandığl pul və o pulla alıb yediyi çörək sələm idi, başqasının haqqı idi, zorakılıq idi, məzlumların və Allahın haqqı idi. Zəifləri əzmək və öldürməklə vəzifə, titul və şəxsiyyət qazanılırdı. Ehtirama layiq olmayanlara ehtiram göstərilirdi, möhtərəm insanlara hörmətsizlik olunurdu. Yalan var idi, riyakarlıq var idi, aldatmaq var idi, hiylə və fırıldaqlıq var idi. Bunlar azdırmı? Belə pul, belə vəzifə murdar, çirkin, alçaqlıq deyilmi? Cahiliyyət dövründə – İslamın həbs olunduğu dünyada Allahın nuru işıq saçmaz...

وَ شِعَارُهَا الْخَوْفُ وَ دِثَارُهَا السَّيْفُ

“Şüarı qorxu, yolları qılınc yolu idi.”

Belə bir dünyanın alt paltarı qorxu, üst paltar isə qılınc idi (yəni, batin qorxu, zahir isə qılıncdan ibarət idi). Ərəblər alt paltara və bədənə yapışan hər bir libasa “şiar”, üst paltara – sizin pencəyiniz, mənim isə qəbama “disar” deyirlər. Cahiliyyət dövründə insanların alt paltarı qorxu idi. Kimə yaxınlaşırdınsa, qorxduğunu görürdün. Hər kəs bir şeydən qorxurdu; biri qırmancdan, biri qılıncdan, biri malını-vəzifəsini itirməkdən, digəri yoxsul olmaqdan, başqası qərib-kimsəsiz qalmaqdan qorxurdu. Biri qüdrətdən, digəri isə qüdrətə çatmaqdan qorxurdu. Qüdrəti olmayan qüdrətlidən qorxurdusa, qüdrətli də özü-özündən xoflanır, qorxurdu. Hamı qorxurdu. Zəiflər elə düşünməsin ki, cahiliyyət dövründə yalnız zəiflər qorxurdu, bilin ki, (o zaman) güclülər də qorxurdular. Hicran yaşayan insanın qorxusu olmaz, çünki vüsala ümidi var. Vüsala çatmış insan isə, daim hicran nigarançılığını yaşayır. Qüdrəti olmayan qüdrətlidən qorxsa da, ən azından qüdrəti əldən vermək qorxusu yoxdur, qüdrətin mərkəzində olan isə qüdrətini itirməkdən qorxur, sanki Əzrail onun boğazından yapışıb sıxır.

وَ شِعَارُهَا الْخَوْفُ

Belə bir cəmiyyətin təməli, onun gizli dalğası qorxudur. Belə bir cəmiyyətdə hamının yaxasından asılan qorxudur. Amma bu qorxu zahirdə görünürdümü? Xeyr! Alt paltar görünmədiyi kimi, o da görünmür, daxilən qorxsa da, öz qorxusunu üzə çıxarmır. Qüdrətdən qorxan şəxs “Mən qorxuram!” – sözünü dilinə gətirmir, əksinə qorxusuna hakim kəsilmək üçün özünə bəhanə və dəlil-sübut uydurmağa çalışır. Məsələn, fılan yerə getməlidirsə, qorxusundan getmir. Demir ki, qorxuram, amma deyir ki, getmirəm, işim var. Qorxusunu gizlədir. Qüdrət sahibi də qorxur, amma qorxusunu gizlədir, necə ki, alt paltarı gizlidir. Əlinə qılınc alıb qışqırsa da, “Öldürərəm, kəsərəm, doğrayaram!” – deyə fəryad etsə də, qorxusunu bu qışqırtılar altında gizli saxlayır. Şüarı qorxu olsa da, yolu qılınc yoludur. Belə (qorxaq) cəmiyyət və belə həyatın başı üstündə qılınc var idi. Görünən və gözə dəyən qılınc, baxıb gördüyün isə qəzəb və əsəb qüvvəsi idi. Əbu Süfyan, Vəlid ibn Müğeyrə Məxzumi və yaxud Qüreyşin digər rəhbər və böyükləri müqabilində dik durmaq olardımı? Dünyanın böyük ölkələri, Ərəbistanın iki hegemon və qüdrət sahibi olan qonşusu[1] müqabilində kimsə özünü və öz varlığını göstərə bilərdimi? Bu, mümkün idimi?

وَ دِثَارُهَا السَّيْفُ

“Yolları qılınc yolu idi” – hər yerdə hegemonluq, hər yerdə qoluzorluluq, hər yerdə güclü fəryadlar, hər yerdə boş və puç təbil səsləri, hər yerdə mənasız silahlar...

Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1].İran və Rum imperatorluğu.