Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 8

Müsəlman xalqının Ələvi hökumətinə ehtiyacı

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 

 
 
8-ci hissə
 

4

ƏHLİ-BEYT (Ə) HÖKUMƏTİNİN TƏYİNATI[1]

 

Bağişlayan və mehriban Allahın adı ilə!

أَمَا وَ الَّذِي فَلَقَ الْحَبَّةَ وَ بَرَأَ النَّسَمَةَ لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَأَلْقَيْتُ حَبْلَهَا عَلَى غَارِبِهَا وَ لَسَقَيْتُ آخِرَهَا بِكَأْسِ أَوَّلِهَا وَ لَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَفْطَةِ عَنْزٍ

Əmirəlmöminin Əlinin (ə) bu mühüm xütbəsinin ən parlaq cümlələrindən biri də bu cümlədir və “Şiqşiqiyyə” adlı xütbənin son bölümünün davamıdır. Nəzərimcə, o Həzrət Əhli-beyt (ə) hökumətinin, başqa sözlə, Ələvi və islami hakimiyyətinin əsas istiqamətlərini tam şəkildə anlatmaq üçün bu cümlələri zehinlərə həkk etdirmişdir. Həmçinin tarix boyu həqiqi İslam hakimiyyəti uğrunda fədakarlıq göstərən və mübarizə aparan insanların necə də böyük və dəyərli hədəf yolunda fədakarlıq edərək mübarizə apardıqlarını göstərmişdir. Görəsən, hökumətə rəhbərliyi öhdəsinə götürmüş Əmirəlmöminin Əli (ə) kimilər hansı məqsədləri izləyirdilər? Görəsən, şiə tarixi boyunca Ələvi hakimiyyətini şüar olaraq tanıtdıranlar bu şüar altında hansı böyük hədəfi diqqət mərkəzində saxlayırdılar? Bu cümlələr bizə başa salır ki, İslam tarixində Əmirəlmöminin Əlinin (ə) adı ilə yaranan bu cərəyan – şiə cərəyanı əgər o Həzrətin rəqiblərindən üz döndəribsə, həqiqətdə, nədən üz döndərib. Həzrət Əlinin (ə) rəhbərliyini isbat edib son nəfəsinə kimi bu sözün üstündə dayananlar, həqiqətdə, nəyi isbat etmiş və hansı hədəfi göz önündə çanlandırmışlar?

Əmirəlmöminin Əlinin (ə) hədəflər uğrunda düşmənlərlə mübarizəsi

Adətən, belə yanlış bir təsəvvür yaranmışdır ki, guya şiə tarixi və şiə dünyasında bir-birinə əks – biri haqq, digəri isə batil olan iki zümrə və iki cərəyan bir-biri ilə mübarizə aparmışdır. Yəni, bu iki zümrə arasındakı müharibə də şəxslər və fərdlər arasında gedən müharibədən ibarətdir və şiə təsəvvürünə əsasən, şiələr Əmirəlmöminin Əli (ə) ilə xilafət məqamı üstündə döyüşən müəyyən şəxslər və fərdlərlə mübarizə aparırlar. Halbuki bu cümlələr o Həzrətin hökumətinin istiqamət prizmasını bizə aşılayır. Həqiqətdə, bizə başa salır ki, tarixdəki mübarizələr yalnız şəxslər arasında deyil, müəyyən hədəflər və məqsədlər uğrunda gedir.

İmam Sadiqin (ə) şiəsi – o Həzrətin dövründə yaşayan şəxs şiədirsə, onun şiəliyinin mənası odur ki, o, öz həyatını Əmirəlmöminin Əli (ə) ilə başlanılan cərəyan və yola həsr etmiş və Əmirəlmöminin Əlinin (ə) rəqiblərinin vasitəsilə təsis edilən cərəyan və yoldan özünü ayırmış və fərqləndirmişdir.

Həqiqətdə, İmam Sadiqin (ə) dövründəki şiənin döyüşdüyü şəxs Müaviyə deyil, Mənsur Abbasi və Mərvan Himardır. Onlar da mübarizə aparılası başqa qəliblərdir, əgər həmin qəlibi təhlil edib araşdırsaq, onda, “Müaviyə” adlı qəlibin içində eyni ruh görünəcək. Bu sıranın əvvəl və sonuna baxsanız, fərdlər bir-birindən fərqlənsə də, hətta bir-birinə əks (sırada) olsalar da, onların ruhiyyəsi birdir; Bəni-Üməyyə ilə Bəni-Abbasın fərd və şəxsləri bir-birilə döyüşsələr də, hər ikisinin təfəkkür və qayəsi batildir. Bəni-Üməyyə, ya da Bəni-Abbas zamanında olub-olmamasının İmam Sadiq (ə) üçün heç bir fərqi yoxdur, çünki onun yolu birdir, haqqı müdafiə, Quranı himayə etmək və bu yolun qarşısında səf çəkənlərlə mübarizə yoludur. İstər Bəni-Üməyyə, istər Bəni-Abbas, istər Mərvan Himar, istərsə də Mərvan Himarın qatili Əbülabbas Səffah olsun. İmam Sadiqin (ə) getdiyi yol digər yolların, xüsusən də, onun yoluna əks olanların inkarını tələb edir. Şiəlik budur. Məhz bu səbəbdən də Bəni-Üməyyənin zamanında şiəlik və şiə imamlarına endirilən zərbələr Bəni-Abbasın zamanında davam etdi. Bəni-Üməyyənin dövründə yaşayan imamların taleyi ilə Bəni-Abbasın zamanında yaşayan imamların taleyi arasında iynənin ucu qədər də fərq yoxdur. Yəni, Kərbəla hadisəsindən sonra, ikinci növbədə İmam Səccadı (ə) da zəncirləyərək Mədinədən Şama çəkib aparır və orada həbs edirlər, İmam Baqiri (ə) də Şamda həbs edirlər. İmam Səccad (ə) və İmam Baqirin (ə) dövründəki hakimiyyət nümayəndələrindən tamamilə fərqlənən başqa hökumət rəhbərlərinin zamanında İmam Musa ibn Cəfəri (ə) də Mədinədən Bağdada aparıb orada və digər şəhərlərdə həbs edirlər. Tale bir, yol bir, iş bir, düşmən bir, hədəf bir və şiəlik birdir.

Şiəliyin tarixi düşməni yoxdur. Onun tarixi düşmənləri şiəlik yolunu kəsdikləri üçün “şiəliyin tarixi düşmənləri” kimi tanıtdırılmışlar. Buna görə də, şiəlik hədəflərinə müxalif olaraq yaşadıqlarından şiə dünyası tərəfindən lənətlənmiş və tərk olunmuşlar. Şiənin böyük rəhbəri Əmirəlmöminin Əli (ə) və onun yolunu gedən bütün ardıcılları fərdlə mübarizə aparmamışlar. Onların bir yolu, bir hədəfi olmuş və həmin yol və hədəf uğrunda addım atmışlar. Bu yolda olanlar onlardan, əksinə hərəkət edən və fəaliyyət göstərənlər isə düşmənlərdən sayılıblar. Onların adı və məqamının, hansı təbəqə və mövqedə olmasının, Bəni-Üməyyə, yaxud Bəni-Abbasdan, Osmani xəlifələrdən, onlardan qabaq və ya sonrakılardan olmasının heç bir önəmi yoxdur. Hər halda, Allah yoluna müxalif olan hər kəs şeytandır.

Müsəlman xalqının Ələvi hökumətinə ehtiyacı

Əmirəlmöminin Əli (ə) bu cümlələrdə xas ifadə, lakonik bəyan və kinayələrlə Ələvi hökumətinin istiqamətlərini aydınlaşdırır. Dövrün hakiminin haqsızlıq və zülmkarlıqları müqabilində müsəlman cəmiyyət qəzəblənərək yumruq tək birləşdikdən sonra, İslam tarixində ilk dəfə dövlət rəhbərinin qətli baş verdi. Quran oxuyan və Qurana ehtiram edən müsəlmanlar xəlifəni Quran oxuduğu halda öldürdülər və bunu “qürbət qəsdi” ilə (Allaha xatir) yerinə yetirdilər. Birdən-birə bütün İslam dünyası – istər mərkəzə yaxın olanlar, istərsə də uzaq şəhər və məntəqələrdə yaşayanlar – xilafət dəvəsini mütləq Əmirəlmöminin Əli ibn Əbutalibin (ə) evində yatıracağını qərara aldı.

Bu susuz, zəif və halsız bədən – islami cəmiyyət – gözlənilmədən hansı fenomenə, hansı rəhbərə, hansı böyük insana möhtac olduğunu hiss etdi. Xalqın ayıqlığı, İslam ümmətinin ictimai və islami düşüncə və şüuru münasib vəziyyətə yetişdi, öz (həqiqi) rəhbərini tanıya bildi. Əgər bunu əvvəldə şəxslə tanıya bilmirdisə, indi şəxsiyyət sayəsində tanıya bildi.

Müsəlman xalqı 12 yaşında ikən sosial təbəqələşmədən, Osmanın qohumbazlığı və ayrı-seçkiliyindən gördüyü zərərləri, İslam cəmiyyətinin başında dayananların İslamın müqəddəs məsələlərini müdafiə etməkdə aciz olduqlarını, müsəlman xalqının zaman ötdükcə məhrumiyyət, nakamlıq, pərakəndəlik və fəsadla üzləşdiyini, onları səadət və qurtuluşa yetirə biləcək bir rəhbərə ehtiyac duyduğunu hiss etdikdə, ümmətdə azacıq irəliləyiş, şüur və ayıqlıq yarandı.

O zaman Quranın özü, dinin aydın və həqiqi mətni ona rəhbərin kim olmalı olacağını deyir.

Belə bir şəraitdə, qəfildən, bütün İslam ümməti Həzrət Əlini (ə) istədiyini, o möhkəm iradəyə möhtac oldunuğunu hiss etdi. Cəmiyyətə rəhbərlik baxımından o, güclü və böyük qəlbə, geniş ruha malik, heç kəsdən çəkinməyən, öz tayfası, qohumları və yaxın dostlarına tərəfbazlıq etməyən, nə dostluq, nə də qorxu səbəbi ilə əsla məsuliyyətdən boyun qaçırmayan biri idi. Cəmiyyət də İslamın belə böyük şəxsiyyətinə ehtiyacın zəruriliyini duydu.

Belə böyük və əzəmətli şəxsiyyətin cəmiyyət arasında yaşadığını, həqiqi rəhbərin kim olduğunu anladıqda, Həzrətin özünün buyurduğu kimi, bu zaman camaat onun evinin ətrafına axışdı:

حَتَّى لَقَدْ وُطِئَ الْحَسَنَانِ

“Hətta Həsənlə Hüseyn ayaq altında qaldılar.”[2]

Bunu ötən həftələrdə oxuyub tərcümə etmişdim. İndi isə davamını oxuyuram. Əmirəlmöminin Əli (ə) müsəlman xalqının ümumi xahiş və tələbi ilə qarşılaşdıqda, xilafəti qəbul etdi.

İmamın (ə) öz ifadəsi ilə desək, xilafət vadisindən – bu ilahi məqam və vəzifədən, hakimiyyətdən 25 il uzaq yaşadıqdan sonra, birdən xilafət ona təqdim olundu. Halbuki İslam cəmiyyətinin birinci şəxsi olaraq həmin cəmiyyətdə, Quran hökmünü qüdrətlə tətbiq edə bilmədiyi keçmiş günlərdə 25 il rəhbər yox, rəiyyətin bir üzvü kimi həyat sürmüşdü. Yalnız zərurət zamanı hakim təbəqəyə yardım əlini uzatmış, onları azğınlıq və büdrəmələrdən uzaqlaşdırıb haqq yolu onlara göstərmişdi. Onları himayə etdiyi, hətta öz evində bir saat belə rahat oturmadığı, ictimai fəaliyyətdən kənar qalmadığı, İslam cəmiyyətinin sravi bir üzvü olduğu, işini ciddiyyət və məsuliyyətlə gördüyü bu müddətdən (25 ildən) sonra, indi xilafət ona təqdim olundu və o da xilafəti qəbul etdi.

Ey Əmirəlmöminin (ə), xilafəti niyə qəbul etdiniz? Siz 25 il zülmə məruz qaldıqdan, bu səhifəni səlis xətlə yaza bilməyənlər onu pis xətləri ilə qaraladıqdan, rəhbər və vəzifə sahiblərinin acizliyi nəticəsində cəmiyyəti tənəzzülə uğratdıqdan və yaxud onu uçurumun kənarına sürüklədikdən sonra, nə səbəb oldu ki, ömrünüzün bu son illərində İslama rəhbərlik vəzifəsini qəbul etdiniz?

Nə üçün, yenə rəiyyətin bir üzvü kimi yaşamaq istəmədiniz? Olmazdı ki, Təlhə, Zübeyr, Abdullah Ömər və başqa-başqa adamlar hökumət və rəhbərliyi ələ alsın, siz də onlara kömək edəsiniz? Mövlamız Əmirəlmöminin (ə) bu sualı cavablandırır və bu cavabda öz hökumətinin məqsədlərini və çəkdiyi ağır zəhmətinin əsas fəlsəfəsini bəyan edir.

Əmirəlmöminin Əlinin (ə) nəzərində hökumətin dəyərsizliyi

Həzrət buyurur ki, mən qüdrət və hökuməti dünya bəzəyi olduğu üçün sevmədim, qüdrət və hakimiyyət üçün ürəyim döyünmədi, qüdrəti əsas hədəf və məqsəd seçmədim, hökumət mənim üçün həyatın gözəl bərbəzəyinə çevrilmədi.

Ey dünyanın ən kiçik qüdrəti və ən dəyərsiz məqamı üçün öz böyük dəyər və şərafətinə göz yuman qafil insanlar! Ey həyatda vəzifə, qüdrət və şöhrəti hədəf seçənlər! Əlini (ə) öz sıranıza qatmayın! Onun nəzərində İslam cəmiyyətinə hakimiyyət, dünyanın şərq və qərbindəki milyonlarla müsəlmana rəhbərlik olduqca dəyərsizdir. Fikirləşdiyiniz və təsəvvür etdiyiniz qiymətdən də aşağı və kiçikdir. Yalnız o böyük qüdrət deyil, hətta bütün dünyanı İslam cəmiyyətinə əlavə edib Əmirəlmöminin Əliyə (ə) versəniz belə, o Həzrətin nəzəri və geniş ruhiyyəsində, bu böyük insanın dərin düşüncəsində onun qiyməti təsəvvür etdiyinizdən də qat-qat aşağıdır. Keçi və yaxud qoyun sürüsündəki soyuqlamış xəstə bir keçini nəzərdən keçirin! Dünyanın bütün qoyunlarının qiyməti nə qədər olar? Dünyanın bütün keçilərinin qiyməti nə qədər olar? Bütün bunların arasında soyuqlayıb xəstələnən və asqıraraq burnundan iyrənc və çirkli su gələn bir keçi neçəyə satılar? Keçinin öz qiyməti neçəyədirsə, onun burun suyu neçəyə olar? Görün, Əmirəlmöminin (ə) məsələni necə canlandırır? Bütün bu böyük qüdrət və hakimiyyət o Həzrətin nəzərində xəstə bir keçinin burnunun suyundan da dəyərsiz, kiçik və əhəmiyyətsizdir; yəni dünyaya və ondakı hakimiyyətə verilən qiymət sıfır, hətta sıfırdan da aşağıdır. Əmirəlmöminin (ə) bu məsələdə qeyri-səmimilik göstərmirdi:

لَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَفْطَةِ عَنْزٍ

“Bilirsiniz ki, sizin bu dünyanız mənim üçün keçinin burnunun suyu qədər dəyərsizdir.”

İnsanların öyündükləri və sizin də öyündüyünüz bütün bu dünya, bütün bu vəzifə və qüdrətlər, qardaşı qardaş canına salan, xalqları qırğına verən həyatın cəlbedici və cazibədar zinətlərinin hamısı, insani dəyərlərin məhvinə səbəb olan bütün bu (maddi) maraqlar Əmirəlmöminin Əli (ə) kimi bir insanın əməlində, hətta təsəvvür və təfəkküründə keçinin burnunun suyundan daha dəyərsizdir.

Buna rəğmən, Əli (ə) xilafəti qəbul edir. “Mariqin” dəstəsi üsyan bayrağı qaldırdıqda, onlarla döyüşür, həyatının dörd il doqquz ayını həmin qüdrət və hökumətin müdafiəsinə vəqf edir. Nə üçün? Axı bu hökuməti niyə qəbul etdiniz?

Rəhbərliyi qəbul etməsinin üç səbəbi

1. Camaatın tələbi və o Həzrətin rəhbərliyi üçün ətrafında toplanması

Əmirəlmöminin (ə) üç səbəb qeyd edir və buyurur:

لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَا سَغَبِ مَظْلُومٍ لَأَلْقَيْتُ حَبْلَهَا عَلَى غَارِبِهَا

“Əgər böyük bir cəmiyyətin ətrafımı alıb mənə beyət etmək məqsədilə qiyamı (toplanması) və bu cəhətdən mənə höccətin tamamlanması, Allahın (hər cəmiyyətdə) alimlərdən, tox zalımlar və ac məzlumlar qarşısında susmamaqla bağlı aldığı əhdi (və boyunlarına qoyduğu məsuliyyət) olmasaydı, xilafət dəvəsinin yüyənini boşlayar və ondan əl çəkərdim...”

Həzrət üç səbəbi ardıcıllıqla sadalayır; birincisi, camaatın qiyamı və iştirakıdır. Müsəlman cəmiyyətinin böyük izdihamı və şahidliyi ilk səbəbdir. İnsanlar istədikdə, Allahın hər birinə ayrı-ayrılıqda qiymət verdiyi minlərlə varlıq və xalq tələb etdikdə, istədikləri də gerçəkləşir. Bu bir prinsip və qanundur. İnsanların və müsəlman cəmiyyətinin nəzərinin əhəmiyyətsiz olduğunu deyənlər yanılırlar.

لَوْ لَا حُضُورُ الْحَاضِرِ

“Əgər camaatın (mənə beyət etmək) məqsədi ilə qiyamı (toplanması) olmasaydı...”

Camaat gəlib ətrafıma toplaşdığı, mənə beyət etmək və hakimiyyəti qəbul etməyimi istədiyi üçün mən də hakimiyyəti qəbul etdim. Çünki gəldilər, istədilər və mən də qəbul etdim. Əlbəttə, olduqca mühüm bu mətləb bir qrup məlumatsız insanın azğın istəyinə müsbət cavab verməklə səhv salınmasın. Əmirəlmöminin Əli (ə) və Peyğəmbəri-Əkrəmin (s) Əhli-beyti (ə) göstərdi ki, haqqı bilib tanıdığı vaxtdan bütün insanlar haqdan üz çevirsələr də, onları heç vaxt haqdan döndərə bilməmişlər. Bunu başqa məsələlərlə qarışdırmayın. Amma ayıq və qətiyyətli bir millətin, düzgün meyarlar əsasında bir hədəf və istəyin gerçəkləşməsini tələb edən bir qrup müsəlman xalqın rəyi, fikri, qərarı və istəyi Əmirəlmöminin Əlinin (ə) nəzərində möhtərəm və keçərlidir.

2. Silah və köməyin olması:

وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ

Mənə indiyə kimi Quran və İslamın müdafiəsi uğrunda yardım edən olmayıb. İndiyə kimi əlim qısa və səlahiyyətlərim məhdud olub. Bu gün isə əlimin silahlı və güclü olduğunu hiss etdim, gördüm. O günə qədər Əmirəlmöminin (ə) haqqı kamil bir ciddiyyət və qətiyyətlə müdafiə edə bilmirdi. Amma müdafiə edə biləcəyini hiss etdikdə, bir an belə dayanmadı. Əmirəlmöminin Əlinin (ə) zamanındakı Müaviyə elə Osmanın da zamanındakı Müaviyə idi. Əmirəlmöminin Əlinin (ə) dövründə Müaviyənin Şamda yerinə yetirdiyi günahlar elə Osmanın dövründə neçə illər boyunca etdiyi günahlar idi. O gün Əmirəlmöminin Əli (ə) bu günahın müqabilində dillənmədi, çünki onun əlində silah (imkan və qüdrət) yox idi. Əlinə silah düşdüyü zaman ona qarşı çıxdı. Əmirəlmöminin Əli (ə) qüdrət və hakimiyyəti ələ keçirmək üçün qiyam etmədi, çünki bunu edə bilməzdi. Edə bilməməsinin səbəbləri haqqında geniş təhlil və izahlar var. “Edə bilməzdi” dedikdə, bunun mənası o deyil ki, hakimiyyəti ikiəlli o Həzrətin evinə gətirməmişdilər. Bunun mənası o deyil ki, o Həzrətin zərərinə tamamlanacaqdı və yaxud burnu qanayacaqdı. Xeyr! Əgər istəsəydi, İmam Əli (ə) elə “Səqifə” günlərində belə, qələbə çalıb hakimiyyəti ələ keçirə bilərdi, amma bu zaman din aradan gedəcəkdi. Zahirən qələbə çalacaq və hakimiyyətə çatacaqdı, amma həqiqətdə məğlub olacaq, zərər görəcəkdi. İndi isə kömək edən var:

وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ

Nəzərdə tutduğumuz işin baş tutmasına dəlil-sübut var, çünki kömək edənimiz var. Məsuliyyətli və ayıq insanın höccətin onun üçün tamamlandığı, ona yardımçı olduğunu hiss etdikdə, azacıq belə səhlənkarlığa və gecikməyə icazəsi yoxdur. Hansısa işi görə biləcəyini hiss etdikdə, insan dərhal onu icra etməlidir. Xilafətin qəbul edilməsi ilə bağlı iki dəlil, iki sübut gerçəkləşmişdi!

 

Ardı var.. 
 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Şiqşiqiyyə” xütbəsinin bir qisminin şərhi – 06/09/1974.

[2].“Nəhcül-bəlağə”, xütbə 3.