Ayətullah Xameneinin ‘Ələvi hökumətinin nizamnaməsi’ adlı kitabından - 16

Ali Rəhbər  Ayətullah  Seyid Əli Xameneinin "Ələvi hökumətinin nizamnaməsi" adlı kitabından hər gün 10 səhifə paylaşılacaq. 
 
16-cı hissə
 

 

8

ƏLƏVİ (İMAM ƏLİ (Ə)) HAKİMİYYƏTİNİN HƏDƏFLƏRİ VƏ ONUN ÜZLƏŞDİYİ ÇƏTİNLİKLƏR[1]

Bağişlayan və mehriban Allahın adı ilə!

مَا رَاعَنِي إِلَّا وَ النَّاسُ كَعُرْفِ الضَّبُعِ إِلَيَّ يَنْثَالُونَ عَلَيَّ مِنْ كُلِّ جَانِبٍ حَتَّى لَقَدْ وُطِئَ الْحَسَنَانِ وَ شُقَّ عِطْفَايَ مُجْتَمِعِينَ حَوْلِي كَرَبِيضَةِ الْغَنَمِ فَلَمَّا نَهَضْتُ بِالْأَمْرِ نَكَثَتْ طَائِفَةٌ وَ مَرَقَتْ أُخْرَى وَ قَسَطَ آخَرُونَ كَأَنَّهُمْ لَمْ يَسْمَعُوا كَلَامَ اللَّهَ يَقُولُ ( تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَ لا فَساداً وَ الْعاقِبَةُ لِلْمُتَّقِينَ) بَلَى وَ اللَّهِ لَقَدْ سَمِعُوهَا وَ وَعَوْهَا وَ لَكِنَّهُمْ حَلِيَتِ الدُّنْيَا فِي أَعْيُنِهِمْ وَ رَاقَهُمْ زِبْرِجُهَا أَمَا وَ الَّذِي فَلَقَ الْحَبَّةَ وَ بَرَأَ النَّسَمَةَ لَوْ لَا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ وَ مَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُّوا عَلَى كِظَّةِ ظَالِمٍ وَ لَا سَغَبِ مَظْلُومٍ لَأَلْقَيْتُ حَبْلَهَا عَلَى غَارِبِهَا وَ لَسَقَيْتُ آخِرَهَا بِكَأْسِ أَوَّلِهَا وَ لَأَلْفَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَفْطَةِ عَنْز[2]

 

Bəhsin mündəricatı

Qeyd etdiyim kimi, “Nəhcül-bəlağə”nin üçüncü xütbəsinin bir hissəsindən ibarət olan bu söhbətin ünvanı Ələvi hakimiyyətinin hədəfləri, üzləşdiyi problemlər barəsindədir. Birincisi, Əmirəlmöminin Əli (ə) Osmandan sonra məsuliyyət yükünü nə üçün qəbul etdi? İslam və şiə tarixi boyunca qüdrət və hakimiyyət arzusunda olanların qüdrət və hakimiyyətdə məqsədləri nə olub? Əmirəlmöminin Əli (ə) nə üçün hökumət kürsüsünə sahib olmaq istəyirdi? Nə üçün sonda hakimiyyəti qəbul etdi? (Sonuncu iki ifadənin hansı daha doğru nəzərə çarpırsa, onu da qəbul edin.)

İkincisi, Əmirəlmöminin Əli (ə) hakimiyyəti qəbul etdikdən sonra o Həzrətin hədəf və məqsədlərinə qarşı çıxan əsas düşmənlər o Həzrətin rahatlıqla, ağrı-acısız, heç bir problem yaşamadan hökumət yükünü məqsədə çatdırmağa icazə verəcəkdilərmi? Görəsən, bu yarasalar parlaq günəşin həyatverici şüasının bütün varlıq zərrələrinə saçmasını, ölülələri diriltməsi, yatmışları oyatması və solmuşları canlandırması və çiçəkləndirməsini görmək istəyəcəkdilərmi? Bir sözlə, onlar Əmirəlmöminin Əlinin (ə) rəhbərlik etməsinə imkan verəcəkdilərmi? Şübhəsiz, imkan verməyəcəkdilər. Kimlər imkan verməyəcəkdi? Cəmiyyətdə Əli (ə) hakimiyyətini öz mənafelərinə zidd və zəhərli hesab edən zümrələr kimlər idi?

Onları tanımaq, məqsədləri ilə tanış olmaq, Əlinin (ə) hakimiyyətini xoşagəlməz və zəhərli hesab etmələri və onun hakimiyyətinə qarşı əhd-peymanlarını pozmalarının səbəbini öyrənmək lazımdır. Əmirəlmöminin Əli (ə) xütbənin bu hissəsində bu iki sualı cavablandırır, öncə hakimiyyəti qəbul etmək və bu ağır yükü çiyninə almaqla bağlı məqsədini açıqlayır, sonra isə bu mahir rəssam sehrli və güclü qələmi ilə simaları bir-bir tanıtdırır, onunla müxalifətçilik edən və onun fəaliyyətinə maneə yaradan qrupları təsvir edir. Maraqlıdır ki, Əmirəlmöminin Əli (ə) sadaladığı bu qrupların hər birini bir cümlə, hətta bir kəlmə ilə tanıtdırır və beləcə, onların mövqeyini, məqsəd və işlərini bəyan edir. Xütbənin mahiyyəti budur!

Osmanın qətlinin səbəbi – Onun Peyğəmbərin (s) ədalətli sünnəsi ilə müxalifətçiliyi

Macəra belə olur ki, Osman zülm və günahları ucbatından xalqın qəzəbinə tuş gəlir. Bunu biz yox, İslam tarixi deyir, özü də çox aydın şəkildə. Xalq baş vermiş hadisəyə layiq bir işə əl atır. Hələ də Allah Rəsulunun (s) hökumətinin xatirəsi ilə yaşayan, o Həzrətin dünyanın hər bir yerini bürüyən ədalət səsini unutmayan, ayrı-seçkilikdən uzaq, insaf, ədalət və bərabərlik üzərində qurulan, tamamilə bərabərlik və insanlıq meyarları ilə idarə olunan bir cəmiyyət həmin ədalət və bərabərliyi pozan bir hakimlə üzləşdikdə, buna tab gətirə bilmir. Əlbəttə, dünyada acınacaqlı durum, bərabərsizlik, haqsızlıq, zülm və ictimai təbəqələşmə həmişə olub və olmaqdadır. Amma bu cəmiyyət Peyğəmbərdən (s) öncə izzət və insanlıq, ədalət və bərabərliklə möhkəmlənən bir quruluş nə görmüş, nə də eşitməmişdi. (Bu, onların qiyamına səbəb oldu.) Yoxsa, tarixdə Osmandan daha da pislərinin hakimiyyəti altında inildəyən, daha da ağır işgəncələrə məruz qalan xalqları çox görmüşük. Lakin Osmanın zamanında bu, qeyri-mümkün idi. Çünki onun zamanında camaat İslam hökumətini və Peyğəmbərin (s) ədalətini görmüşdü. Buna görə də camaat Osmanın zülmlərinə dözə bilmirdi.

İslamın ədalət xatirəsini zehinlərdən silmək üçün zalım hakimlərin təlaşı

Osmandan sonra xalqı ağır yüklərin altına atanlar hər şeydən əvvəl İslamın ədalət xatirəsini zehinlərdən silib təmizlədilər. Elə bir iş gördülər ki, uzun zaman çərçivəsində xalqın beynini yumaqla dünyanın hansı vəziyyətdə olduğunu anlatdılar. Xalq gözünü açıb özünü zibillikdə gördü, bir halda ki, oranın gülüstan və Cənnət olduğunu güman edirdi. Onlara belə başa salınmışdı. Zibillikdə dünyaya göz açan, orada böyüyüb boya-başa çatan, çirkinlikdən başqa, heç bir şey görməyən və hətta eşitməyən, əgər eşitsə də inanmayan bir varlığın, bir mövludun belə çirkin mühiti təmizləməsi, ona qarşı qəzəblənib hərəkata keçməsi mümkün idimi? İnsanlardan istifadə edən düşmənlərin ilk işi bu oldu və bu, (onlar üçün) olduqca səmərəli bir iş idi. İslamın insanlara vəd etdiyi Cənnət onların gözlərindən gizlədildi. Artıq insanlar Quranın insanlığa necə bir cəmiyyətin bəxş etdiyini, İslam ədalətinin nə olduğunu unutmuşdular. Əlidən (ə), Peyğəmbərdən (s) və İslamın ilkin çağlarına hakim ədalətindən danışanda, xalq əfsanə və nağıla qulaq asdığını təsəvvür edirdi. Sən dünyaya – haqqa qarşı bu qədər təcavüzkarlıqlara, zülm və ədalətsizliklərə, inhisarçılıq və xudbinliklərə baxma! Yetər ki, qohumlarından biri vəzifə sahiblərinin nökərlərindən biri ilə tanış olsun, o zaman bütün işlərin həll olacaq. Məgər bu, zülm və haqsızlıq deyilmi? Halbuki Əli (ə) ilə böyüyüb boya-başa çatan, onunla birgə yaşayan, qanı onun qanından, canı onun canından olan qardaşı Əqil ibn Əbutalib özü və ailəsi yoxsulluq və çətinlik içində ikən, “beytül-mal”dan (ümumi gəlirdən) yardım istədikdə, Əli (ə) ona qızdırılmış dəmir parçası göstərir.[3] (Əqil o Həzrətin bir an belə ədalət xəttindən çıxmağa razı olmadığını gördükdə, ayağa qalxıb gedir.) Axı, siz bu cümləni necə anlaya bilərsiniz? Mən özüm yalnız sözlərin zahirini anlayıram, nə olduğunu dərk edə bilmirəm, dərk etmək belə mümkün deyil. Amma İslam cəmiyyəti belə idi.

Quran insanları və bəşəriyyəti belə bir cəmiyyətə dəvət edir, onlara belə bir dünyanı töhfə verir. Qoy başqaları desinlər ki, biz aclığı və nadanlığı cəmiyyətdən qaldıracağıq, amma İslam bunlarla kifayətlənmir. İslam insana adi insanlıqdan ali mələyə çevirən bir əxlaq və ruhiyyə, vəd olunmuş cəmiyyətdə Allah və din yolunda ciddilik, əzm və iradə bəxş edir. Elə bir cəmiyyət bəxş edir ki, bu gün dünyada ondan bir əsər-əlamət yoxdur. Söhbət adı müsəlman olan cəmiyyətdən yox, İslam cəmiyyətindən gedir.

Osmanın mühakiməsiz qətlinin zərəri

Osmanın macərasını danışırdım. Xalq belə bir cəmiyyət görməmişdi. Osman belə bir cəmiyyətdə inhiraf və azğınlığın bünövrəsini qurduqdan sonra xalq buna dözə bilmədi və nəhayət, Osmanı qətlə yetirdi.

Böyük bir günah baş verdi, o da Osmanın öz günahı idi. Osmanın macərası ilə bağlı bu məqama diqqət yetirin. İslamda hər bir günah mühakimə olunmalı, cəza tədbirləri məsul vəzifəli şəxs tərəfindən icra edilməlidir. Osmanı da həmin məsul vəzifəli şəxs mühakimə və məhkum etməli, cinayətini hamıya çatdırmalı və faş etməli idi. Bu iş baş tutmadı və haqqın, xüsusən də, Ələvi cəbhəsinin zərərinə tamamlandı. Bir zaman Osmanın əleyhinə danışan, harda otururdusa, “Bu uzunsaqqallı yəhudi Osmanı öldürün!” və yaxud  اُقْتُلوا نَعْثَلاً قَتَلَه الله(Bu axmaq kişini öldürün, Allah onu öldürsün!) – deyən Ayişə, Əli ibn Əbutalibin (ə) hakimiyyətə gəldiyini gördükdə, Osmanın qisasını almaq məqsədilə səsini ucaltdı. Mən keçmişdə bu əhvalatı eşitdikdə, yaxud oxuduqda, bəzən də danışdıqda təəccüblənərdim. Bir az bəsirətimiz artdıqda, dünya siyasətçilərinin aktyorluq metodları ilə az-çox tanış olduqda, gördüm ki, xeyr, məsələ olduqca sadədir; bir zaman “Bu axmaq kişini öldürün!” – deyərək Osmanı şərabsatan, şərabxor və uzunsaqqallı “Nəsəl” adlı axmaq bir yəhudiyə bənzədən Təlhə, Zübeyr, Ayişə və digərləri başqa bir zamanda Osmanı “şəhid və zalımların əli ilə məzlumcasına qətlə yetirilən bir şəxs” kimi yad edirlər.

Əmirəlmöminin Əlini (ə) hakimiyyətə gətirmək üçün xalqın onun evinə axışması

Bur sözlə, camaat Osmanı qətlə yetirdi. Osman qətlə yetirildikdən və maneə – qəsbkar bir hakim – aradan qaldırıldıqdan sonra cəmiyyət nə etməli, kimə sığınmalı, kimə üz tutmalıydı? Ayıdındır ki, cəmiyyətin atası, mürşidi, müəllimi və hidayətçisi Əmirəlmöminin Əli ibn Əbutalibə (ə)! Cəmiyyət o Həzrətin evinə üz tutdu, böyük bir izdiham yarandı. Hətta Həzrət buyurur ki, camaat mənimlə beyət etməyə gəldikdə, o Həzrətin iki tərəfində dayanan iki güclü gənc oğlu – Həsənlə Hüseyn cəmiyyətin arasında sıxılıb qalmışdı. Cəmiyyət tələsik və sürətlə o Həzrətin evinə axışırdı. Onlarda ədalətli hakimə qarşı həqiqi mənada təşnəlik və şövq yaranmışdı. Hələ camaat o zaman Peyğəmbəri-Əkrəmin (s) Qədir-Xumda مَنْ كُنْتُ مَوْلَاهُ فهذا عَلِيٌّ مَوْلَاهُ“Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır!”[4] – buyruğunu unutmuşdu, əgər unutmasaydı, öncədən gəlib beyət edərdi. O camaat Peyğəmbəri-Əkrəmin (s) buyruğuna görə gəlməmişdi, əksinə öz istək və hədsiz ehtiyacı üzündən Əmirəlmöminin Əliyə (ə) – bu xilaskar təbibə üz tutmuşdu ki, cəmiyyəti islah və idarə etsin, əyrilikləri düzəltsin.حَتَّى لَقَدْ وُطِئَ الْحَسَنَانِ وَ شُقَّ عِطْفَايَ مُ“İzdiham və camaatın çoxluğundan Həsən və Hüseyn ayaq altında qaldılar. Paltarım hər iki tərəfdən cırıldı (və yaxud bədənim hər iki tərəfdən əzildi).” Bu qədər cəmiyyət mənə beyət etmək üçün gəlmişdi.

Əmirəlmöminin Əlinin (ə) zahidanə həyatı – hakimiyyəti qəbul etməkdə dünyəvi hədəflərin olmamasına şahidlik

Əmirəlmöminin Əli (ə) öncə müxalifət macərasını danışır: Camaat gəldi və mən onlara rəhbərlik məsuliyyətini qəbul etdim. Ondan sonra mənimlə üç dəstə müxalifətə qalxdı və mən onlara xəbərdarlıq etdim. Daha sonra Həzrət hakimiyyəti qəbul etməsinin səbəblərini açıqlayır. Mən burada hər iki məsələyə toxunmaq istəyirəm. Birinci səbəb və məqsədlərə toxunaq. Diqqət edin! Əmirəlmöminin Əli (ə) hakimiyyəti nə üçün qəbul etdi? Axı, o Həzrətin özü həm bu, həm də digər hadisələrdə buyurmuşdu ki, dünyanın bərbəzəyi, bəşərin bağlandığı bu zinət mənim nəzərimdə iynə ucu qədər əhəmiyyətli deyil. Öz canına əhəmiyyət verməyən və onu ikiəlli təqdim etməyə hazır olan bir şəxs, təbii ki, maddi məsələlər və dünyəvi bağlılıqlara dəyər verməz. Əmirəlmöminin Əli (ə) belə bir şəxs idi. Deməli, o Həzrət dünya, vəzifə, ağalıq, qüdrət, əmr vermək, qadağa qoymaq, saray tikmək, pul yığmaq, ləzzətli yeməklər yemək, bahalı libaslar geyinmək, ailə-uşaqları ilə rifah halında yaşamaq üçün hakimiyyəti qəbul etməmişdi. Dəlil-sübut istəyirsənsə, Əmirəlmöminin Əlinin (ə) həqiqi həyat tərzi və rəftarları buna dəlil-sübutdur. Axı, o Həzrət hakimiyyətə gəldikdən sonra necə rəftar etdiyini gördün! Onun yaşayışına nəzər saldıqda, görürük ki, ondan sonra hakimiyyətə gələn zahid və yaxud zahidlik iddiasında olan hakimlərin heç birinin yaşayışı ilə müqayisə olunası deyildir. Misal üçün, Ömər ibn Əbdüləziz zahirən zahidcəsinə yaşayırdı, bəlkə də bu, bir həqiqət idi; belə ki, dünyanın bərbəzəyi və zinətlərinə etina etməzdi. Amma Əmirəlmöminin Əli (ə) ilə müqayisə olunası idimi? Yazırlar ki, Ömər ibn Əbdüləzizin mal-dövlətindən bir şey qalmadı. Amma Əmirəlmöminin Əli (ə) hakimiyyətdə olduğu müddətdə, hətta sadə bir yemək də yemədi. Ravi deyir: “Əmirəlmöminin Əlinin (ə) çörək qoymaq üçün özünəməxsus bir torbası var idi. Gördüm ki, o Həzrət çörək yemək istədikdə, çörəyi (quru olduğundan) dizində sındırıb yeyir. Xidmətçisinə dedim: “Axı Əmirəlmöminin (ə) qocalıb. (O Həzrət 63 yaşında ikən şəhid olub.) Altmış yaşlı bir kişiyə niyə rəhmin gəlmir? Heç olmasa, onun yeməyini, çörəyini azca qızdırıb yumşaldardın!” Xidmətçi gülüb dedi: “Əsla razı deyil, əgər belə bir iş gördüyümü bilsə, məni danlayar. O, belə yemək istəyir. Mən onun üçün yaxşı yemək və yaxud yumşaq çörək gətirmək istəsəm də, yeməyəcək. O Həzrət özü belə istəyirsə, burada mənim nə günahım var?!”

Budur Əmirəlmöminin Əlinin (ə) həyatı! O Həzrətin özü göstərdi ki, (işi, fəaliyyəti, hakimiyyəti) dünya üçün deyildi. Bu xütbədə də bunu açıqlamış və buyurmuşdur ki, əgər bu səbəblər olmasaydı, mən yenə bu hakimiyyətə etina etməzdim, bu dünya mənim nəzərimdə keçinin burnunun suyundan da dəyərsizdir.

Əmirəlmöminin Əlinin (ə) hakimiyyəti qəbul etməsinin iki səbəbi

Əmirəlmöminin Əli (ə) hakimiyyəti nə üçün qəbul etdi? Həzrət üç cümlə (səbəb) buyurur:

لَوْ لَا حُضُورُ الْحَاضِرِ

“Əgər camaatın (mənə beyət etmək üçün) iştirakı və toplanması olmasaydı...”

Birincisi odur ki, camaat (mənə beyət etmək üçün) bir yerə toplaşdı və xalq kütləsinin istəyinə ehtiram etdim.

وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ

“Höccətin tamamlanmasına kömək olunmasaydı...”

İkincisi, Həzrət buyurur ki, iyirmi beş il evdə oturub hakimiyyəti ələ keçirmək istəmədiyimi gördünüz. Səbəbi də bu idi ki, kimsənin mənə kömək edəcəyinə əmin deyildim. Tək-tənha qalmışdım. İndi ki bu cəmiyyət mənə üz tutub, say çoxdursa, artıq, höccət mənə tamamdır (bəhanəyə yer yoxdur).

Məsum imamların (ə) qiyam etməməsinin səbəbi – Vəfalı dostların olmaması

Bu sözə qulaq asın, sözügedən xütbəyə aid olmasa da, ona münasibdir. Əmirəlmöminin Əlinin (ə) söylədiyi səbəblər bütün imamların məntiqidir. İmamların həyatı ilə bağlı bizim təfəkkür tərzimizi qəbul etməyən bəziləri ola bilsin ki, bu cümləni qəbul etsin. O Həzrət buyurur ki, mən ona görə hakimiyyəti qəbul etdim ki, höccət mənə tamamlandı, tərəfdarlarımın olduğunu görüb qəbul etdim. Yəni, indiyə qədər qiyam etməməyimin səbəbi tərəfdarlarımın olduğuna əmin olmamağım idi. Mənim nəzərimcə, bu, bütün imamların təfəkkür tərzidir. İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Cavad (ə) və digər imamlar tərəfdarlarının olacağına əmin olsaydılar, sözsüz, qiyam edərdilər. Bu isə, bizim imamların həyatı ilə bağlı təfəkkür tərzimizin ikincidərəcəli məhsuludur. Biz deyirik ki, o həzrətlər qüdrəti ələ keçirmək üçün daim çalışmışlar. Bəli, bu, bizim təfəkkür tərzimizin ikincidərəcəli məhsuludur. Bu təfəkkür tərzimizi qəbul etməyənlər bunu qəbul etmək məcburiyyətindədirlər. Çünki bu, məsum imamların (ə) kəlamlarında dəfələrlə təkrarlanmışdır. İmam Sadiqdən (s): “Siz niyə qiyam etmirsiniz?” – deyə soruşduqda, “Dostum, köməkçim yoxdur!” – deyə cavab verir. Sonra da Südeyr Seyrufinin əhvalatında buyurur ki, əgər burada otlayan bu qoyunların sayı qədər yaxşı dostum, yorulmaz və sədaqətli köməkçim olsaydı, bir an belə gecikməzdim. Südeyr Seyrufi deyir ki, qoyunların sayı ilə maraqlandıqda, onların 17 baş olduğunu gördüm. Bu, imamların təfəkkür tərzidir. Hamısı da belə düşünmüş və həmin əsgərlərin tərbiyəsi ilə də məşğul olmuşlar. Düşünməyin ki, nə üçün bu qədər zəhmət çəkdikləri halda, 17 nəfər insan tərbiyə edə bilmədilər? Siz o zaman vəziyyətin necə olduğunu, insanların həyatı ilə necə oynanıldığını, imamın istədiyi on yeddi nəfərin hansı xüsusiyyətlərə sahib olmalı olduğunu bilmirsiniz?! Yoxsa, xorasanlı kişi İmama onun tərəfdarlarının yüz min nəfər olduğunu demişdi: “Bizim şəhərimiz və vətənimiz Xorasandan yüz min insan sizin xidmətinizdədir.”

Bir nəfər imamın (ə) hüzuruna gedib dedi: “Sizin Xorasanda üç yüz min döyüşçünüz var...”[5]

Bir sözlə, bu, imamların təfəkkür tərzidir. Onların rəftar tərzi də belədir. Onların qətiyyətli və xalis dostları olsaydı, sözsüz, qiyam edərdilər. İmam Baqir (ə), İmam Sadiq (ə) və İmam Kazimin (ə) (elmi sahədə) etdikləri qiyamı yox, aşkar qiyamı nəzərdə tuturam.

Beləliklə, Əmirəlmöminin Əlinin (ə) nəzərində hakimiyyəti qəbul etməsinin səbəblərindən ikisini qeyd etdik.

 

Ardı var.. 
 
Öncəki hissəni BURADAN oxuya bilərsiniz! 
 

[1]. “Nəhcül-bəlağə”, “Şiqşiqiyyə” xütbəsindən bir hissənini şərhi – 1974/11/22.

[2]. “Nəhcül-bəlağə”, xütbə 3.

[3]. “Nəhcül-bəlağə”, xütbə 224.

[4]. “Kafi”, c.1, səh.420.

[5]. “Mənaqibi-ali-Əbutalib”, c.4, səh.237.