Azərbaycanda gözdən əlillər üçün Qurani-Kərim çap edilib

Azərbaycanda Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması tərtib edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatı keçirilib.
 
Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Brayl əlifbası ilə çap edilmiş Qurani-Kərimin hazırlanması prosesinə bu ilin mart ayından başlanılıb.
 
O, Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edildiyini deyib.
 
M.Qurbanlı qeyd edib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub. Lakin Azərbaycanda bu, ilk təşəbbüsdür.
 
Komitə sədrinin fikrincə, İslami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin təbliğ olunması mühüm rol oynayır: “İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.