Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcək

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
 
Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və HHM vasitələri cəlb ediləcək.
 
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, iyulun 29-dan avqustun 10-dək hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir./turan