'Quranda islami təfəkkür tezisi' kitabı - 20-ci məclis

20-ci məclis: NÜBUVVƏTİN SONU-1

 

 

Maide.Az saytı ilk dəfə olaraq Ramazan ayının əvvəlindən  Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin "Quranda islami təfəkkür tezisi" kitabını səsli və mətn formatda oxuculara təqdim edir: 

 

İYİRMİNCİ MƏCLİS

 

NÜBUVVƏTİN SONU-1

 

Çərşənbə axşamı – 1974-10-08

Ramazan ayının 21-i.

 

 

بسم الله الرحمن الرحيم

أَنزَلَ مِنَ السَّمَاء مَاء فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَّابِيًا وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاء حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهُ كَذَلِكَ يَضْرِبُ اللّهُ الْحَقَّ وَالْبَاطِلَ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاء وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الأَرْضِ كَذَلِكَ يَضْرِبُ اللّهُ الأَمْثَالَ

Allah göydən bir yağış endirdi, vadilər öz tutumları qədər onunla dolub daşdı. (Vadilərdə axan) sel, üstünə çıxan köpüyü götürüb apardı. Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizə) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!

“Rəd” surəsi, ayə 17.

 

 

Keçən məclislərdə şərh etdiyimiz kimi, peyğəmbərlər böyük və mütərəqqi hədəflərə sahib olublar. Aydınlıq və ayıqlıq əsri adlandırılan iyirminci əsrin mədəniyyəti ilə müqayisədə onların hədəfləri olduqca mütərəqqidir. İnsanları bərabərləşdirmək, nadanlığı, yoxsulluğu, zülmkarlığı, istismarı və sosial təbəqələşməni aradan qaldırmaq onların ən başlıca hədəflərindəndir. Peyğəmbərlər bu dəyərli, mütərəqqi və ali hədəflərlə cəmiyyətə göndərilmişlər.

Fəaliyyət, təlaş və mübarizə ilahi peyğəmbərlərin həyatının hasilidir. Onlar peyğəmbərliyə seçildiyi ilk gündən heç vaxt rahat yatmadılar, xoş gün görmədilər və daim mübarizə apardılar. Bu, ilahi peyğəmbərlərin sərgüzəştinin xülasəsidir. Sonda da dini mətnlərdən oxuduğumuz kimi, dövrün tağut və zalımları ilə mübarizə apardıqları üçün bəzilərinin başları bədənlərindən ayrıldı, bəziləri ağacın koğuşuna qoyulub mişar ilə doğrandı, bəziləri qürbətdə ikən ağrı-acı ilə dünyadan köçdülər. Heç biri azacıq belə sərvət yığmadı, özlərindən sonra dünyəvi və dünyapərəst rəhbərlər kimi saray və böyük sərvətlər qoymadı. İlahi peyğəmbərlərin, səfirlərin, məmurların və elçilərin həyatının xülasəsi budur. Bunları öyrəndik. İndi bir sual qarşıya çıxır: Peyğəmbərlərin tarixində oxuduğumuz kimi, onların həyatı mübarizə və içgəncələrlə keçmiş, çoxu da şəhadətə yetmişdir. Elə isə onların fəaliyyət və mübarizəsi faydasız və səmərəsiz olubmu? Peyğəmbərlər tarixdə məğlub olubmu? Sadəlövh insanlar və peyğəmbərlərə müxalif qüvvələr daim ümumi xalq kütləsinə təbliğat aparmışlar ki, peyğəmbərlər öz fəaliyyətlərində faydalı nəticəyə nail olmamış və tarixə həmişə zülm, haqsızlıq, ədalətsizlik və küfr hakim olmuşdur. Belə deyilmi? Bizim nəzərimizcə, belə deyildir. Adəm (ə), Nuh (ə) və İbrahimdən (ə) tutmuş son Peyğəmbərə (s) qədər bu əziz ilahi elçilər nəinki məğlub olmamış, həm də bütün bəşəriyyət aləmində bir hədəfi izləyən və ona doğru addımlayan insanlar içərisində heç kim peyğəmbərlər qədər uğur və müvəffəqiyyət qazanmamışdır. Bu, bizim əqidəmizdir. Nəzərimizcə, keçmişdə peyğəmbərlərin fəaliyyət və mübarizələrinin sonu həmişə istəklərinə uyğun tamamlandığı kimi, gələcəkdə də belə olacaqdır və bizim buna dəlil-sübutumuz vardır.

Burada iki mətləb, iki bəhs mövcuddur: Biri budur ki, nübuvvət və risalət adı ilə məşhur olan peyğəmbərlər silsiləsi, yəni Həzrət Adəmdən (ə) Həzrət Muhəmmədə (s) qədər bütün peyğəmbərlər nə iş gördülər? Fəaliyyətləri nədən ibarət oldu? Bu bir mətləb!

İkinci mətləb isə budur ki, böyük ilahi peyğəmbərlərin hər biri öz zamanında müvəffəq oldular, yoxsa məğlubiyyətə uğradılar? Burada iki məsələ var. Mən bu məclisdə hər iki məsələni izah edib tamamlamaq istəyirəm, inşallah! Siz də bu məsələləri öyrənməkdə maraqlısınız. Bu o məsələlərdəndir ki, onları öyrənməyimiz faydalıdır. Faydalı dedikdə, yalnız məlumatımızın artırılmasını nəzərdə tutmuram, insanın məlumatını artırsa da, amma faydasız olan sözlər həddən artıq çoxdur. İndi hamınız bilmək istəyərmi ki, Ayda vulkanik dağlar necə formalaşıb? Amma bunun sizə nə faydası var? Bizim öyrəndiyimiz bir çox məlumatların vaxtımızı almaqdan başqa, bir nəticəsi olmayıb. Günlərlə zəhmət çəkib mütaliə edirik, araşdırırıq, danışırıq, yazıb-pozuruq, ömrümüzü sərf edirik, sonra diqqətlə baxanda, görürük ki, puç və faydasız məlumatlarla yüklənmişik; nə bizi bir addım Cənnətə və Allahın razılığına, nə də bu dünyada bir addım sağlam və islami cəmiyyətə yaxınlaşdırıb. Yalnız bu qədər faydası olub ki, özümüzlə öyünmüşük, özümüzü çox savadlı, alim və ziyalı hesab etmişik və bu niyyətlə öyrənmək qapısını üzümüzə bağlamışıq və heç kimdən də öyrənmək istəməmişik. Yalnız bu qədər!

Həqiqi mənada faydalanmağı nəzərdə tuturam, həqiqi mənada faydalanmaq 3-5-ci məclislərdə izah etdiyimiz həqiqi iman kimi, insana həm agahlıq bəxş edir, həm də öhdəlik və məsluyyət yaradır. Birinci məsələ odur ki, peyğəmbərlər silsiləsi birincidən sonuncuya qədər bəşəriyyət üçün nələr etdilər? Cavab odur ki, peyğəmbərlər heyvan qədər yolunu tanımayan, istedadlarından məlumatı olmayan bir varlığı o qədər ucalatdılar ki, səmavi mələklər belə ondan nəsə öyrənməli oldular. Onlar bəşəriyyəti alçaqlıqdan, yırtıcılıqdan və nadanlıqdan çıxarıb onlara mədəniyyət aşıladılar. Onların təlimlərinə əməl edənlər həyatın şirinliyi və gözəlliyini duydular. Peyğəmbərlər insanların üzərində heç nə bilməyən, hərfləri belə tanımayan şagird tək bir il zəhmət çəkib onu ikinci sinifə yola salırdılar. Birinci sinif müəllimi həmin şagirdin ikinci sinifə keçməsi üçün bu yolda canını fəda edirdi. Onun üçüncü sinifə keçməsi üçün müəyyən bir müddət zəhmət çəkən müəllim yenə bu yolda öz canını əldən verirdi. Dördüncü sinifin qayğıkeş müəllimi – o mehriban ata şagirdlərinin yüksək pillələrə yüksəlməsi üçün nə qədər zəhmətlərə qatlaşır, həyatını qurban verirdi. Bu körpə uşağı addım-addım sinifdən sinifə keçirərək yüksəklərə qaldırdılar. Bu günümüzü iki əsr öncə ilə müqayisə etdikdə, elm, şüur, düşüncə və mədəniyyətin nə qədər tərəqqi və inkişaf etdiyinin şahidi oluruq.

İndi isə baxıb görürük ki, həmin müəllimlər yoxdur. Onlar haradadırlar? Biri birinci sinifin bir hərf belə tanımayan şagirdlərinə dərs keçərkən elə həmin ilin ortasında dünyasını dəyişir, digəri ilin sonunda həmin şagirdlərə öyrədərkən bir ixtilaf nəticəsində şagirdləri onun əleyhinə əlbir olur və elə onların əli ilə qətlə yetirilir. Üçüncü sinifin müəllimi bir cür, dördüncü sinifin müəllimi isə başqa cür canlarını qurban verməli olurlar. İndi həmin müəllimlər aramızda yoxdur. Hər müəllim öz risalət və vəzifəsini icra etdikdən sonra, zahirən, hədəfinə çatmadan dünyadan köçdü. Görərsən, həqiqətədən də, hədəfinə çatmadımı? Yaxşı düşünün. Həmin müəllimlər hədəflərinə nail olmadılarmı? Onların hədəfləri nə idi? Görəsən, bu qayğıkeş müəllimlərin istəkləri nə idi? Onlar şagirdlərinin qara torpaqdan ayaq götürüb elm, mərifət və mədəniyyət zirvəsinə yüksəlməsini istəyirdilər. İndi belə deyilmi? Elə isə bu müəllimlər hədəflərinə çatmışlar. Düzdür, dünyadan köçüb gertmişlər! Düzdür, onlar bu dünyada rifah içində yaşamadılar! Düzdür, onlar bu fidanın bar verdiyini öz gözləri ilə görmədilər! Lakin hədəfləri gerçəkləşdi. Onların hədəfi bu idi ki, bəşəriyyət – heç nə bilməyən bu şagirdlər birinci və ikinci sinifi bitirib çətinliklə də olsa, zirvəni fəth etsinlər.

Peyğəmbərlərin məqsədi bu idi. Tarix boyu Həzrət Adəm, Nuh, Lut, Hud, Saleh, Şüeyb, İbrahim, İsmail, Musa, İsa və digər peyğəmbərlərin missiyası bəşəriyyəti zirvəyə çatdırmaq, elm və mərifət öyrətmək, axirət həyatına hazırlamaq və ona lazımi istedadları aşılamaq olub. Onlardan bəziləri yolun əsnasında faciəli şəkildə qətlə yetirilərək bu nəticəni görmədilər, lakin (onların zəhmətləri sayəsində) bəşəriyyət hələ də irəliləməkdədir.

Bu gün dünya min il bundan öncə ilə müqayisədə İslamın haqq sözünü eşitməyə daha çox hazırdır. Bu gün bəşəriyyət ilahi hökuməti qəbul etmək üçün min il, min üç yüz il bundan əvvəllə müqayisədə daha da təşnədir. İmam Zaman (ə.f) gözlərdən uzaqlaşıb qeybə çəkildiyi gün bəşəriyyət islahatçı və inqilabçı imamı qəbul etməyə hazır deyildi. Əgər o Həzrət inqilab etmək və cəmiyyətdə dəyişiklik yaratmaq istəsəydi belə, sözsüz, o dövrə hakim qeyri-münasib şəraitə görə bacarmayacaq və istədiyi cəmiyyəti formalaşdıra bilməyəcəkdi.

Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytindən (ə) olan məsum imamların dönəmində cəmiyyət inhirafa yuvarlanmışdı, Əməvilər və Abbasilər kimi zalım və hegemon qüvvələr bu əkin sahəsini elə acınacaqlı vəziyyətə qoymuş, elə zəhərləmişdilər ki, sağlam bitki belə orada bitmirdi. Elə buna görə də, İmam (ə.f.) qeybə çəkildi. O Həzrətin gələcəyi gün necə? Dəqiq vaxtını bilmədiyimiz zühur edəcəyi gün isə bəşəriyyət İslamın haqq sözünü eşitmək və qəbul etmək, mütərəqqi İslam cəmiyyətini öz çiynində daşımaq, Quran ayələrini icra etmək üçün hazır olacaq. Amma İmam Zaman (ə.f.) qeybə çəkildiyi vaxt bəşəriyyət buna hazır deyildi.

İmamət və onun fəlsəfəsi bölməsində imamın varlıq fəlsəfəsinin nə olduğunu qeyd edəcək və bunu açıqlayacağıq. Bir sözlə, peyğəmbərlər tarixdə müvvəffəq olublar. Bəşəriyyətin günü-gündən tərəqqi etdiyini, təkamül zirvəsinə yaxınlaşdığını görürüksə, bundan artıq nə istəyirik ki? Peyğəmbərlər nə istəyirdilər? Aləmlərin Rəbbi istəyir ki, bu xam maye öz təbii seyri ilə təbii və fitri məqsədinə – təkamülə, ali insanlıq məqamına nail olsun. Aləmlərin Rəbbi bunu iradə etmişdir və şübhəsiz ki, bəşəriyyət son qayəsinə və təkamül nöqtəsinə çatacaqdır. Bu, tarixi determinizmdir.

Bu mətləblər diqqət tələb edir. Diqqətli olmağınızı və sözlərə diqqət yetirməyinizi xahiş edirəm. Bəşəriyyətin yolu təkamülə, ali insanlıq məqamına və bu dünyanın vəd edilmiş Cənnətinə doğrudur. Yəni, insanlığın hökm sürəcəyi bir gün gələcək. O gün zülm, pislik və çirkinlik olmayacaq, hər şey insanın ürəyincə olacaq. Dünyanın və insanın yaradılışında məqsəd elə budur! Bu varlıq, nəhayət ki, belə bir məqsədə çatacaq və mütləq çatmalıdır. O gün bəşəriyyət təkamülə çatmaq üçün hazır olacaq, təkamül və tərəqqi mərhələsinə qədəm qoyacaq, sürətlə və var qüvvəsilə Allaha – mütləq kamala doğru irəliləyəcək. Bəşəriyyət tarixinin ilk günündən bu günümzə qədər ona daha da yaxınlaşırıq. Bu tarixi determinizmdir, dünyanın və insanın yaradılışı bunu tələb edir. Allah belə yaradıb ki, insanlar istər-istəməz təqərəqqi və təkamülə doğru hərəkət etməlidir. Uyğun məsələləri izah etdikcə, “istər-istəməz” ifadəsi də aydınlaşacaq. Əlbəttə, insanların istək və iradəsi bu məsələdə şərtdir və onların öz istəyi ilə tərəqqi əldə ediləcək və bu istək gerçəkləşəcək.

Bu, islami bir qanundur. İslam dünyagörüşündə bəşəriyyətin sonunun yaxşılıqla bitməsi danılmaz həqiqətdir. Nə üçün? Çünki Allah-Taala yeri və göyü haqq olaraq, insanı da haqtələb fitrətlə yaratmışdır. İnsan iradə sahibi olduğundan, məqsədə çatmaq üçün fitrəti ilə uyğun gələn yolla hərəkət etməlidir. Bu yolu ona kim tanıtdırmalı və fitrətinə uyğun əməl etməyi kim başa salmalıdır? Peyğəmbərlər! Onlar, məhz, buna görə gəliblər. Onlar gəliblər ki, insana fitrət yolunu göstərsinlər, onun gözəl aqibətə doğru seyrini asanlaşdırıb sürətləndirsinlər. Demək, insanlar irəliyə doğru hərəkət edirlər və günbəgün səadətə və gözəl məqsədə daha da yaxınlaşırlar. Bu da peyğəmbərlərin onlara öyrətdiyi fəaliyyətin bərəkətindəndir. Əgər onlar tarixi hərəkatın əsnasında və yaxud tarixin hansısa bir mərhələsində azacıq təxir etmişlərsə, bunun səbəbi onların peyğəmbərlərin təlimlərindən uzaq qalmaları olub. Amma yenə də bu hərəkat baş tutub. Bu da ümumi bir mətləb idi.

Birinci məsələ ilə bağlı bu qənaətə gəlirik ki, böyük ilahi peyğəmbərlər hər biri ayrı-ayrılıqda məhrumiyyətlər və işgəncələrə məruz qalsalar da, ümumilikdə, bəşəriyyətin tərəqqi və təkamülə doğru hərəkətinin səbəbkarı idilər. Onları həqiqi məqsədə və səadətə doğru aparan və onlara bu istiqamətdə yardımçı olanlar peyğəmbərlər idi. Bu birinci məsələ!

İkinci məsələ isə əksəriyyətin diqqət mərkəzində saxladığı bir məsələdir. O da budur ki, hər hansı bir peyğəmbər inqilab və hərəkata başladıqda, onun axır-aqibətinin yaxşı olduğunu demək olar, ya yox? Ümid edə bilərikmi ki, onun işi səmərəli olacaq? Bu məsələdə ümumi qayda nədir?

Bəzilərinin sözlərinə görə, kim harada dilinə haqq söz gətiribsə, haqq səsini kiminsə qulağına çatdırıbsa, sonda onun səsini boğaraq nəticəsiz və səmərəsiz qoymuşlar. Onlar bu qənaətə gəlmişlər ki, bəşəriyyətin tarixi təcrübəsi həmişə bizə peyğəmbərlərin işgəncələrə məruz qaldığı, uğur qazanmadığını göstərmişdir. Əgər onların uğur qazandıqlarını desəniz belə, inqilabları səmərəli olmamışdır. Bir dəfə olsun belə, haqqı hakim edib batili aradan qaldıra bilməmişlər. İndi biz nə etməliyik? Bundan sonra heç bir iş görməməliyikmi? Böyük ilahi peyğəmbərlər öz dövrlərində bir iş görə bilmədikləri və (müəyyən vaxtlarda) batilin haqqa qələbə çaldığını nəzərə alıb əlimizi-əlimizin üstünə qoyaraq peyğəmbərlərin yolunu davam etdirməməliyikmi? Onda, haqq axtarışında olanlar və haqqı deyənlər qeybi yardımlar gələnə qədər qılınclarını qınına salıb gedib yatsınlarmı? Bu, bir çox insanların məntiqidir və qeyd etdiyimiz kimi, tarixin zalımları, quldurları da həmişə bu məntiqi xoş qarşılamış və bu əqidədə olan insanları dəstəkləmişlər; yəni insanlar bu əqidədə olsunlar ki, haqq uğrunda heç bir mübarizə aparmasınlar, onsuz da haqq uğrunda mübarizə hər zaman nəticəsiz qalıb. Bu əqidəni dünyanın zalım hakimləri həmişə dəstəkləyiblər.

Dünya xəbərlərini dərc edən qəzetlərdə oxuduğunuz kimi, dünya rəhbərlərinin siyasi blefləri də elə bu məqsədi izləyir. Hansısa bir padşahın hökumətinin aradan qaldırılması, sona yetməsi və özünün də sıravi bir insana çevrilməsinə bir neçə gün qalmış yenə blef edir, yalançı jestlərlə çıxış edir: “Biz öz düşmənlərimizi əzəcəyik, müxaliflərimizi aradan qaldıracağıq və öz hakimiyyətimizə davam edəcəyik.” Eynilə, bu son zamanlarda dünyada baş vermiş böyük hadisəni öz gözlərinizlə gördüyünüz və yaxud oxuyub xəbərdar olduğunuz kimi. Böyük qüdrət sahibi birdən birə tənəzzül edir, sıravi bir insana çevrilir. Lakin az öncə səs-küy salaraq deyirdi ki, heç kim bizə toxuna bilməz, bizi vəzifəmizdən kənarlaşdıra bilməz. Sonra isə aradan qaldırıldığını gördük. Bleflərdə məqsəd budur: Həmişə cəmiyyətə başa salmaq istəmişlər ki, sizin əlinizdən bir iş gəlməz. Çünki biz o qədər güclüyük ki, siz onu təsəvvür belə edə bilməzsiniz. Bütün imkanlar sizdə yox, bizim ixtiyarımızdadır.

Siz elə təsəvvür edirsiniz ki, bu cür şəxslər bugünkü günümüzdə baş qaldırıblar? Xeyr! Tarixən belə olub. Tarixdə maraqlı bir hadisə baş verir və mən Mənsur Abbasinin məharətini haçan xatırlayıramsa heyrətlənirəm. Bildiyiniz kimi, Mənsur Abbasilərin ikinci xəlifəsidir və onların ən böyük, ən güclü xəlifəsi olub. Təsadüfən, onun dövründə dindar cəmiyyət müxalifətə qalxmışdı. Abdullah Məhzin[1] Məhəmməd ibn Abdullah və İbrahim ibn Abdullah adlı iki oğlu Mənsur Abbasiyə təzyiq göstərən və onunla kəskin mübarizə aparan şəxslərdən idi. Mənsur hər şeyə sahib olduğu halda, aciz qalmışdı. Bu iki fədakar qardaşin isə imandan və bir neçə mömin tərəfdarından başqa, heç nəyi yox idi. Eyni zamanda, Mənsur onların amansız fəaliyyət və mübarizələri müqabilində çaşbaş qalmışdı. Camaat arasında Mənsurun böyük güc və hakimiyyəti ilə bağlı hər tərəfdə şayiələr yayılırdı ki, həqiqi möminlər və sədaqətli şiələr bu iki qardaşa qoşulmaqdan çəkinsinlər. O cümlədən, Mənsur özü şayiə yaymışdı ki, məndə bir ayna var, ona baxdıqda, İbrahim ibn Abdullahın harada olduğunu görürəm. Vay olsun o kəslərin halına ki, mən aynaya baxdıqda, onları İbrahimin evində və yaxud da onunla birlikdə fərar edən halda görüm.

Ayna hekayəsinin keçmişi Mənsur Abbasidən min-iki min ilə öncəyə gedib çıxır. Onu tarixdə Cəmşid və onun kimi bəzi dünyamiqyaslı qüdrətli zalım padşahların adına qondarmışdılar və onun vasitəsilə müxalif qüvvələri qorxuya salır və onlarda elə təsəvvür yaradırdı ki, heç kim heç zaman bu qüdrət sahiblərinin gözündən yayına bilməz. Onlar bura qədər hiylələrə əl atırdılar.

Bir sözlə, dünyadakı zalımlar daim insanlara böyük ilahi peyğəmbərlərin, haqq və həqiqət səfirlərinin daim məğlubiyyətə məhkum olduqlarını və təbiət müqabilində haqpərəstlərin səsinin cavabsız qaldığını təlqin etmişlər. Onlar daim çalışmışlar ki, heç bir hərəkatın batil qarşısında tab gətirmədiyi, qalib olmadığı və hər zaman məğlub olduğunu insanların beyninə yeridib onları naümid etsinlər. Görəsən, həqiqət belədirmi? Çünki bəzi məlumatsız insanlarda belə təsəvvürlər yaranırdı. Onlar elə güman edirdilər ki, peyğəmbərlər, imamlar və onların tərəfdarları həmişə məğlub olmuş və bu istiqamətdə dünyada baş qaldıracaq hər bir hərəkatın məğlubiyyətə uğrayacağı da aydındır. Biz bu sözü qəbul etməyə məcburuqmu? Qurani-Kərimin bu məsələ ilə bağlı buyurduqlarından üz çevirəkmi? Bu məntiqin əksini bəyan edən Qurani-Kərimin buyruqlarına deyil, batil sözəmi qulaq asaq? Xeyr! Biz bu işi görmür və Qurani-Kərimə müraciət edirik. Peyğəmbərlərin və onların tərəfdarlarının fəaliyyətlərinin nəticəsini və inqilabi hərəkatlarının sonunu öncə Qurani-Kərimdən öyrənməli, sonra isə tarixi mətnlərə və şahidlərə üz tutmalıyıq.

Qurani-Kərimin sizə tilavət etdiyim ayələrində buyurulur ki, dünyada həm haqq var, həm də batil; haqq yaşayır, batil isə məhv olur. (Misal üçün:) Dağlardan çaylar axır, çayların sularının üzərində köpük yaranır. Köpüklər yox olub gedir, sular isə qalır. Batil həmin yox olan köpük, haqq isə əbədi qalan sudan ibarətdir.

Bura qədər Qurani-Kərimin bizə öyrətdiyi və tarixi həqiqətlərin də təsdiqlədiyi odur ki, bu dünyaya göndərilmiş hər bir peyğəmbər – əvvəldən sonuna qədər hər silsilədə özü müvəffəq olduğu kimi, bəşəri də bir addım irəli atıb. Mənsur Abbasinin camaatın qulağına pıçıldayıb: “Ey camaat, mənim gücümün qarşısında heç nə edə bilməzsiniz!” – deməsi də boş sözdən başqa, bir şey deyildi. Tarix boyu qüdrət sahibləri insanları aldadıb haqqın batil qüvvələr müqabilində aciz qaldığını təlqin etsələr də, həqiqət tamamilə bunun əksinədir. Peyğəmbərlər hər zaman müvəffəq olduqları kimi, onların tərəfdarları da hər yerdə müvəffəq olmuş və sözsüz, bundan sonra da müvəffəq olacaqlar, lakin bunun iki şərti vardır. Odur ki, gələcək tarixin formalaşmasında insanın iradəsinin mühüm rol oynadığını qeyd etdik. Bu iki şərt mövcud olduğu zaman dinə, Quran və İslam təfəkkürünə əsaslanan bütün hərəkatlar müvəffəqiyyət qazanacaq, qələbə çalacaq. Burada dinin tərəfdarlarının müvəffəq və qalib olması üçün möcüzəyə də ehtiyac yoxdur. Qeybi yardım olmadan, bu iki şərt gerçəkləşdikdə, Quran və islami təfəkkür həqiqi mənada qalib olacaqdır. Həmin iki şərt nədir?

Onlardan biri iman, agahlığa əsaslanan etiqad, öhdəlik və məsuliyyət, təlaş və hərəkətlə yanaşı inancdır. Bu, birinci şərtdir. İkinci şərt isə səbirdir. Səbir nədir? Yəni, müqavimət göstərmək, meydandan qaçmamaq, həssas və təhlükəli anlarda işi yarıda qoymamaq.

Tarixə nəzər salsanız, heç bir peyğəmbərin öz dövründəki tağuta və zalım hakimə məğlub olduğunu görə bilməzsiniz. Çünki onların ardıcılları və tərəfdarları kifayət qədər iman və səbir sahibi idilər. Haçan haqqın irəlilədiyini görsəniz, bilin ki, səbəbi həqiqi iman və lazımi səbirdir. Görəsən, buna Qurandan bir şahid vardırmı? Bəli! Qurani-Kərimdə buna aid bir neçə şahid vardır. Bu gün oxuyacağımız ayələr bu təfəkkürün təməlidir və digər ayələr də onu təsdiqləyir. İki ayəni sizin üçün oxuyuram. Onlardan biri budur:

وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox üstünsünüz![2]

Bu, artıq Quran ayəsidir və heç kim ona irad tuta və sənədinin zəif olduğunu deyə bilməz. Həm də bu ayə “mütəşabeh”[3] ayələrdən də deyildir ki, kimsə onun mənasını anlamasın və buna görə öz iradını bildirsin. Xeyr, ayə aydındır! وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا Yəni, ey müsəlmanlar, ruhdan düşməyin və qəmgin olmayın.وَأَنتُمُ الأَعْلَوْنَ Halbuki, siz çox üstünsünüz!Sizin qolunuz güclüdür, siz düşmənə qalib gələcəksiniz və nəhayət, sizin təfəkkürünüz bütün dünyaya hökmranlıq edəcək. Lakin bunun şərti var. O nədir? إِن كُنتُم مُّؤْمِنِينَ “Əgər möminsinizsə!

Deyə bilərsiniz ki, İmam Sadiq (ə) öz zəmanəsinin zalımları ilə o qədər mübarizə aparsa da yenə hakimiyyəti ələ keçirə bilmədi. Düzdür, lakin səbəbi dostları, tərəfdarları və şiəlik iddiası edənlərin əksəriyyətinin bizim kimi imanlarının zəif, səbirsiz və dözümsüz olması idi. Siz İmam Sadiqin (ə) ilahi qanunauyğunluğa və tarixi ənənəyə zidd hakimiyyətə çatmasını istəyirsiniz? Fəthlər və qələbələrdə möcüzə və qeybi yardımlar rol oynamır. Əgər möcüzə və qeybi yardımlar rol oynasaydı, İmam Sadiqin (ə) hakimiyyətə çatmasında rol oynayardı. Axı, İmam Sadiq (ə) və İmam Kazim (ə) elə öz dövrünün zalım hakiminin vasitəsilə qətlə yetirildi! Bəli, dostları və tərəfdarları lazımi səbrə, müqavimətə, öhdəliklə yanaşı imana sahib deyildilər. Əgər bu gün də dostlar və tərəfdarlar onlar kimi olarlarsa, nəticəsi müsəlmanların məğlubiyyəti və məhkumiyyətidir. Peyğəmbəri-Əkrəmin (s) dövründəki müsəlmanlar isə güclü və qətiyyətli imana, sarsılmaz səbir və əzmkarlığa sahib idilər; elə bir səbrə sahib idilər ki, səma mələkləri özlərini onların müqabilində kiçik hesab edirdilər; onlar Ramazan ayında, Hicazın qızmar günündə, oruc ağıza xəndək qazıb düşmənlərlə döyüşürdülər. O dövrün müsəlmanlarının səbir və müqaviməti belə idi.

اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ “Səbir və namaz vasitəsilə (Allahdan) kömək diləyin.[4] Səbir vasitəsilə düşmənlərə qələbə çalın, hədəflərinizi gerçəkləşdirin. Səbrin möcüzəsi budur. İnsanın vuran əli və onu irəli aparan səbridir. Səbrin mənasını izah etdik. Biz səbrin oturub hadisələri izləmək mənasında olduğunu təsəvvür edirik. İndi isə mən sizə səbrin mənasını deyirəm. Oturub hadisələri izləməyin vaxtı deyil. Əgər hərəkət etməsən, fəaliyyət göstərməsən, qəlbin döyünmədən otursan, sonu bədbəxtlik, zillət, xarlıq, dinsizlik və dünyasızlıqdır. خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu![5] Əgər səbirlə irəliləsən, sonda həm dini, həm də dünyanı qazanacaqsan.

Qurani-Kərimin bizə buyurduğu aqibət budur. Bu məclisdə tilavət edəcəyimiz ayələr “Əraf” surəsindəndir. Mövzumuzla bağlı ayələrin hamısını qeyd etməmişəm, gedin özünüz baxın və onların üzərində dərindən düşünün, dini təfəkkür tərzi tək qəbul edin və onlara əməl edin. “Əraf” surəsinin 120-ci ayələrindən əvvəlki və sonrakı ayələrə müraciət edin. Mənim nəzərdə tuduğum ayələr həmin surənin 126-127-ci ayələridir. Mətləb Fironun macərası ilə başlayır və Həzrət Musa (ə) ona ilahi çağırışı çatdırır. Firon isə qəbul etmir, hətta onu təhdid edir. Bütün bu söz-söhbətdən sonra, Fironun sehrbazları gəlir və onların sehr-caduları Həzrət Musanın (ə) möcüzəsi müqabilində aciz qalır və sonda, onların özləri Həzrət Musaya (ə) iman gətirirlər. Firon onları da təhdid edib deyir: “Sizi öldürəcəyəm. Nə üçün Musaya iman gətirdiniz?” Bütün bu hadisələrdən və Fironun sehrbazlarının Həzrət Musaya (ə) məğlubiyyətindən sonra belə bir hadisə baş verir:

وَقَالَ الْمَلأُ مِن قَوْمِ فِرْعَونَ أَتَذَرُ مُوسَى وَقَوْمَهُ لِيُفْسِدُواْ فِي الأَرْضِ وَيَذَرَكَ وَآلِهَتَكَ

Firon qövmünün əyan-əşrafı (Firona) dedi: “Musanı və onun qövmünü (ona iman gətirənləri, onun ətrafındakıları) fitnə-fəsad törətmək, səni və sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?[6]

Firon onların sözünün qarşısında dedi: “Xeyr, Musanı aradan götürəcəm.” O, Həzrət Musaya (ə) qarşı kəskin hücuma keçdi. Misirdə onu və onun ətrafındakıları cəzalandırmaq üçün yeni plan cızdı. O plan nə idi?

قَالَ سَنُقَتِّلُ أَبْنَاءهُمْ وَنَسْتَحْيِـي نِسَاءهُمْ

Firon dedi: “Biz (Musanı yox,) onların oğullarını öldürəcək, qadınlarını isə (bizə xidmət etmələri üçün) diri saxlayacağıq.”

Bu, onun yeni planı idi.

Həzrət Musanı (ə) aradan aparmağı düşünən Firon ona iman gətirən sehrbaz və cadugərlərin Həzrət Musa (ə), başqa sözlə, sehrin möcüzə ilə əlbir olmaması üçün şiddətli cəza tədbiri haqda qərar çıxardı. Qərar nə idi? Həzrət Musaya (ə) iman gətirən bütün gəncləri öldürmək, onların qadınlarını fəsada sürükləmək, nəsli korlamaq məqsədilə və yaxud da bu kimi digər səbəblərdən diri saxlamaq. Məsələ daha da çətinləşdi. Həzrət Musanın (ə) tərəfdarları Fironun hakimiyyətinin ağır cəza tədbiri ilə üz-üzə qaldılar. Bura sümüklərin titrədiyi, möhkəm qəlblərin lərzəyə gəldiyi bir yer idi. Zarafatdırmı? Firon kimi bir şəxs deyir ki, mən onlara od qoyacaq, onları elə cəzalandıracağam ki, nəsillərindən bir gənc belə qalmasın. سَنُقَتِّلُ أَبْنَاءهُمْ “Onların oğullarını öldürəcəyik.

Bu həssas və təhlükəli məqamda Həzrət Musanın (ə) tərəfdarları möhkəm olmalı, özlərini itirməməli və məğlub olacaqlarını düşünməməli idilər.

Təqribən, yüz il bundan qabaq öz tariximizin görkəmli şəxsiyyətlərindən birindən nəql olunan bir cümlə yadıma düşdü. “Məşrutə” inqilabında onun adı dillər əzbəridir. Deyilənlərə görə, o, öz dostları və tərəfdarlarına deyirmiş: “Döyüşün, mübarizə aparın, işin çətinləşdiyini gördükdə, yenə mübarizə aparın. Sonda məğlub olacağınızı yəqin etsəniz də, yenə mübarizədən əl çəkməyin. O zaman qələbə çalacaqsınız.” Bu, bir həqiqətdir. Bəzən, öz islahı və inkişafı üçün çalışmaq istəyən bir fərd, yaxud bir millət və cəmiyyət bu çalışqanlığın səmərəli nəticə verəcəyinə ümid edir. Özünə qarşı təzyiqlərin artdığını gördükdə, ümidi azalıb çalışmaqdan əl götürərsə, sözsüz, nəticəsiz qalacaqdır. Amma yenə çalışarsa, çalışqanlığını davam etdirərsə və məğlubiyyətinə əmin olacağı vaxta qədər çalışmağından əl götürməzsə, yenə çalışarsa, müvəffəqiyyətə nail olacaqdır.

Həzrət Musa (ə) da Bəni-İsraili səfərbər etmək üçün bu plandan istifadə edir. Məğlubiyyətə uğrayacağını və Fironun bütün gəncləri öldürəcəyini gördükdə, Həzrət Musa (ə) Fironun yeni planı müqabilində öz yeni planını təqdim edir. Nə deyir? O, bu ağır vəziyyətdə Fironun qərarı ilə üzləşdikdə, قَالَ مُوسَى لِقَوْمِهِ  – öz tayfasına belə deyir:

اسْتَعِينُوا بِاللّهِ وَاصْبِرُواْ

“Allahdan kömək diləyin və səbir edin.”[7] Mübarizədən əl çəkməyin, müqavimət göstərin, zəhmətinizi yarımçıq qoymayın. Həzrət Musa (ə) onlara ümid verir və onlara deyir:

إِنَّ الأَرْضَ لِلّهِ يُورِثُهَا مَن يَشَاء مِنْ عِبَادِهِ

“Həqiqətən, yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər.” Yəni, bizik Allahın bəndələri!

Həzrət Musa (ə) Bəni-İsrailə deyir ki, siz Allahın bəndələrisiniz, Fironun bəndələrinin işlərinin sonu və nəticəsi yoxdur, yer üzü Allahın bəndələrinə qalacaq.

وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

“Aqibət təqvalılarındır!”

Bu, Quranın sözüdür. Tarixi həqiqətlər də bunu deyir. Bir gün İbrahim peyğəmbəri oda atdılarsa, başqa bir gün Məkkədə, Allahın evində ilahi cəmiyyət təşkil etdi və onun özündən neçə əsrlər sonra həmin cəmiyyət hələ də yaşayır.

Bir gün Musa peyğəmbər və Bəni-İsrail Fironun təzyiqlərinə məruz qalırdısa, başqa bir gün onun Müqəddəs Torpağa daxil olmasına dair göstəriş verilir:

يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ

Ey qövmüm! Müqəddəs torpağa daxil olun[8] və orada ilahi cəmiyyət yaradın.

Yer üzündə insanlar arasında yaşadığı az müddətdə təlaş və fəaliyyətinin zahiri nəticəsi olmayan İsa peyğəmbər insanlardan ayrılıb yer üzündən səmaya aparıldıqdan iki-üç əsr sonra o dövrün ən böyük qüdrəti, yəni böyük Rum imperiyası onun ideyalarına xidmət etməyə başlayır; Rum imperatoru özü məsihi dinini qəbul edir və Həzrət İsa Məsihə iman gətirir.

Məkkədə on üç il ağır əzab-əziyyətlər və işgəncələrə məruz qalan bizim İslam Peyğəmbəri (s) Mədinəyə gəldikdən sonra, hökumət qurur, cəmiyyət yaradır, insanları kamilliyə sövq edir, əsas düşmənlərini məğlub edir və aradan qaldırır. Amma nəyin sayəsində? İman və səbrin sayəsində! بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ – Bəli, səbirli və təqvalı, əməllə yanaşı iman sahibi olsanız, o zaman qələbə qazanacaqsınız. Bu, tarixdə ilahi ənənələrdən biridir. Dünən də, bu gün də, sabah da ilahi ənənə və qanunauyğunluq eynidir. Bütün dini qüdrətlər iman və səbir sayəsində qüdrətə çatıb və qüdrətdə qalıblar. Bu gün də Quranın, İslamın, tövhidin, nübuvvətin, İslamın müqəddəs qanunlarının dünyaya və insanların həyatına hakimliyini, Allahın dünyaya rəhbərliyini istəyənlər özlərində mütləq iki xüsusiyyəti gücləndirməlidirlər: iman və səbir xüsusiyyətlərini. Əgər bizdə iman və səbir xüsusiyyətləri güclənərsə, o zaman gözəl sonluq da bizim olacaqdır:

إِنَّ الأَرْضَ لِلّهِ يُورِثُهَا مَن يَشَاء مِنْ عِبَادِهِ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

“Həqiqətən, yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər və aqibət təqvalılarındır!”

Bizim bu iki suala verdiyimiz cavab budur: Birinci sual bu idi ki, ilahi peyğəmbərlər fəaliyyətlərində müvəffəq oldularmı? Cavab verdik ki, bütün peyğəmbərlər müvəffəq oldular; onlar bəşəriyyəti kamillik zirvəsinə yüksəltmək istəyirdilər və bunu da bacardılar. Əlbəttə, təfsir dərslərimizdə, digər yığıncaqlarımızda və namazdan sonrakı məclislərimizdə bu mətləbə toxunmuşam və hər dəfə də bir misal çəkmişəm. Burada həmin misalların hamısını çəkmək əlavə vaxt tələb etdiyindən, onun birinə işarə etdik, o da məktəb şagirdlərinin pillə-pillə yuxarı siniflərə keçməsidir.

Peyğəmbərlər, ümumilikdə, müvəffəq olmuş və uğur qazanmışlar. Lakin “Bütün ilahi hərəkatlar müvəffəq olubmu?” – sualına gəldikdə isə ona da ümumi bir qanunla cavab veririk. Ümumi qanun odur ki, hər bir hərkatın üzvləri həqiqi imana və lazımi səbrə sahib olublarsa, müvəffəq olublar, lazımi iman və səbri olmayanlar isə müvəffəq olmayıblar.

İndi isə ayələri tilavət edək. Bugünkü bəhsimizə aid ayələr Quranın iki surəsində yer alıb: Biri “Rəd” surəsində, digəri isə “Saffat” surəsində.

قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ

“De: Allah hər şeyin xaliqidir.”[9] Hər şeyi O yaratdığı üçün hər şeyin sonunu da O bilir.

Bundan sonra haqq ilə batilin aqibətindən söz açılacağı üçün öncədən buyurur ki, Biz bu dünyanı yaratmışıq, tarixin qanunları və ənənələrini Biz yaxşı bilirik, onları bizdən eşidin.

قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ

“De: Allah hər şeyin xaliqidir.

وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ

“O, birdir, qüdrətlidir!”

أَنزَلَ مِنَ السَّمَاء مَاء

“Allah göydən yağış endirdi.”[10]

Allah-Taala bizim üçün misal çəkir; bu ayə cümlə quruluşu baxımından o qədər gözəldir ki, çox təəssüf, ərəb dili ilə tanış olmayanlar bu gözəlliyi dərk edə bilmirlər. Allah-Taala öncədən misal çəkəcəyini demir; insan onu dinləyən zaman təmsil olduğunu anlamır, məsələnin necə yekunlaşacağını təxmin edə bilmir, sonda məsələdən xəbərdar olub misal olduğunu başa düşür:

أَنزَلَ مِنَ السَّمَاء مَاء

“Allah göydən yağış endirdi.”

فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا

“Vadilər öz tutumları qədər onunla dolub daşdı.”

فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَّابِيًا

“(Vadilərdə axan) sel, üstünə çıxan köpüyü götürüb apardı.”

Siz bir axar çayın qırağında dayansanız, selin üzərində su deyil, köpük görəcəksiniz, su isə köpüyün altındadır. Bu köpüklər çayda axan suyun üzərində coşub-daşır, sanki selin suyu özünü nümayiş etdirir. Siz orada köpük görürsünüz, su isə köpüyün altındadır.

Ayənin davamında isə başqa bir misal çəkilir:

وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاء حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهُ “Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna (sel suyunun üzərindəki köpüyə) bənzər bir köpük vardır.”

Hər bir dəmir və filizi əritdikdə, özünəməxsus köpüyü olur. Suyun üzərində də köpük olur. Amma həyat bəxş edən sudur, yoxsa köpük? Sudur. Amma gözə görünən və özünü göstərən nədir? Köpükdür.

Burada da əridilən dəmirdir, yoxsa köpük? Qızıldır, yoxsa köpük? Əlbəttə ki, dəmir və qızıldır. Köpük boş və artıq bir şeydir. Amma hansı daha çox görünür? Dəmir və qızılmı? Xeyr, köpük!

Bu mətləbdən dərhal sonra buyurulur:

كَذَلِكَ يَضْرِبُ اللّهُ الْحَقَّ وَالْبَاطِلَ

Allah haqq ilə batili (sizə) ayırd etmək üçün belə misallar çəkir.

Sizin gördüyünüz isə köpükdür, o da batildir, heç bir şey deyil. Amma köpüyün altındakı su, dəmir və qızıl haqdır, həqiqətdir.

Misalın davamını Allahdan eşidək və görək onun aqibəti, sonu necə olacaq?

فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاء

Köpük puç bir şey olduğu üçün uçub gedər.

Çayın üzərindəki köpük həmişəlik deyil, indi var, az sonra isə yox olacaq. Əkin sahəsinə yönləndirdiyin çaydan sənə qalacaq sudur, köpük isə uçub aradan gedəcəkdir.

وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الأَرْضِ

İnsanlara fayda verən bir şey (su, dəmir, qızıl) isə yer üzündə qalar.

كَذَلِكَ يَضْرِبُ اللّهُ الأَمْثَالَ

Allah (sizə) belə misallar çəkirvə haqqın həmişəlik olduğunu bildirmək istəyir. Peyğəmbərlərin dəvəti və hərəkatı da haqdır və əbədi olaraq yaşayacaqdır. Onlara qarşı çıxan batil qüvvələr isə yalnız özlərini göstərib dikbaşlıq və haqsızlıq etdilər. Onlar ilğım və su üzərindəki köpükdürlər, məhv olub aradan gedəcəklər. Budur Allahın çəkdiyi misal!

Növbəti ayədə bu misal tətbiq edilir və müsəlmanların ictimai mübarizələri zəminində buyurulur:

لِلَّذِينَ اسْتَجَابُواْ لِرَبِّهِمُ الْحُسْنَى

Rəbbinin dəvətini qəbul edənləri ən gözəl nemət gözləyir.[11] Gözəl aqibət peyğəmbərin hərəkatını qəbul edənlərindir.

وَالَّذِينَ لَمْ يَسْتَجِيبُواْ لَهُ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لاَفْتَدَوْاْ بِهِ

Rəbbinin dəvətini qəbul etməyənlər (və batil yolda addım atanlar) isə yer üzündə olan hər şeyə, üstəlik bir o qədərinə də malik olsaydılar, onu (canlarını qurtarmaq üçün) fidyə verərdilər.

Siz tarixdə bunun nümunəsinə rast gəlməyibsiniz? Haqq ilə batilin mübarizəsində batil rəhbərlərin tumar tək büküldüyünü, öz canlarını xilas etmək və məqamlarını qoruyub-saxlamaq üçün bütün dünyanı verməyə hazır olduqlarını görməyibsiniz?

أُوْلَـئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ

Onları çox pis (və ağır) bir haqq-hesab gözləyir.

وَمَأْوَاهُمْ جَهَنَّمُ

Onların məskəni Cəhənnəmdir.

وَبِئْسَ الْمِهَادُ

O, necə də pis yerdir!

“Saffat” surəsində də belə buyurulur:

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ

“Həqiqətən, peyğəmbər olan bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz (və əmrimiz) deyilmişdi.[12] Onların barəsində lazımi qərar verilmişdi. O qərar nədən ibarət idi?

إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَ

“Həqiqətən, onlar yardım olunmuşlardır.Onlar yalnız Allah tərəfindən yardım olunurlar.

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ

“Şübhəsiz, Bizim dəstəmiz qalibdir!”

Qeyd etdiyimiz kimi iman və səbir bu qələbənin şərtidir.

Peyğəmbəri-Əkrəm (s) peyğəmbərlik meydanında, Əmirəlmöminin Əli (ə) imamət meydanında insanları səbrə dəvət edir. Onlar həmişə insanlara səbirli olmağı tövsiyə edərdi. Döyüş və mübarizə meydanında səbir etməyin mənası nədir? Yəni, mübarizə meydanında süst olmamaq, təlaşı yarımçıq qoymamaq və onu tamamlamaq. Səbrin mənası budur! Əgər müsəlmanlar bu gün də mədəni, iqtisadi və siyasi inkişaf uğrunda bu iki amilə – iman və səbrə sahib olarlarsa, İslam cəmiyyəti həm mədəni, həm iqtisadi, həm də siyasi müstəvidə kafirlərə və din düşmənlərinə zəfər çalacaqlar.

Müsəlmanlar öz alınlarına batillik, mürtəcelik, yoxsulluq və zəlillik damğasının vurulduğunu təsəvvər belə etməsinlər. Əsla, təsəvvür etməyin ki, dünyanın hər bir nöqtəsində yaşayan din və İslam düşmənləri, dünyanın müxalif qüvvələri həmişə müsəlmanların boynuna minəcək, onlara zor tətbiq edəcək, onları işlədəcəklər. Xeyr, heç vaxt belə olmayacaq. Əgər İslam ölkələri, bütün müsəlmanlar və böyük İslam ümməti iman və səbir qüvvələrini zəxirə edib qorusalar, bütün dünyaya qalib gələrlər. Qurani-Kərimin hər zaman bütün müsəlmanlara tövsiyəsi budur və bizim bugünkü bəhsimizin xülasəsi bu idi. Bu mətləbi Qurana istinadən diqqətinizə çatdırdım ki, peyğəmbərliyin aqibəti gözəldir, peyğəmbərlər və onların hərəkatının sonu qələbədir. Biz isə bu gün peyğəmbərimizin davamçılarıyıq. Axı, nə üçün müsəlman millətləri zəiflik və süstlük hiss etməlidirlər? Nə üçün təhqir olunduğunuzu düşünürsünüz? Nə üçün təsəvvür edirsiniz ki, din düşmənləri hər zaman İslam ölkələri və müsəlman millətlərinə zəfər çalacaqlar? Nə üçün? Əslində, məsələ tamamilə əksinədir. Lakin şərti var və şərti də odur ki, imanlı və səbirli olmalıyıq. Səbrin də mənasını anladıq. Bugünkü məclisimizdə, ən azından, səbrin mənasını öyrəndik və imanımızın da kamilləşməsi üçün çalışmalıyıq.

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bizi peyğəmbərlərin davamçıları sırasına qat!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, iman və səbrimizi daha da artır və zənginləşdir!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bizi iman və səbrin təsirlərindən bəhrələndir!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bütün dünya müsəlmanlarını düşmənlərinə qalib et!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, dünyanın hər hansı bir nöqtəsində müsəlmanları zəiflətmək, təhqir etmək və alçaltmaq üçün fəaliyyət göstərənləri məhv et!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, dünyanın hər hansı bir nöqtəsində müsəlmanların, İslamın və ilsami düşüncələrin xeyrinə fəaliyyət göstərənləri müvəffəq et və onlara yardımçı ol!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, İslam ölkələri və millətlərinə doğru uzanan din düşmənlərinin əllərini qır!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, dinə, müsəlmanlara və bütün bəşəriyyətə doğru uzanan inadkar düşmənlərin, yəni yəhudilərin əllərini qır!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, bizi Muhəmməd (s) və ali-Muhəmmədin (ə) həqiqi tərəfdarları və davamçılarından et!

İlahi, ömrümüzün hər bir günü bizi əvvəlkindən daha da ayıq, daha da əzmli, daha da imanlı, daha da səbirli et!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, dünyanın bütün məzlumlarını və zülmə məruz qalanlarını Öz himayəndə yerləşdir! Bütün zalımları və hegemonları məhv et, aradan qaldır! Qəlblərimizi Özünə doğru hidayət et! Ruhlarımızı Öz zikrinlə abadlaşdır! Danışığımız, dinləməyimiz və oturub-durmağımızda niyyətimizi Özün üçün xalis et, şirki, nifaqı və riyanı bizdən uzaqlaşdır!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, dünyanın hər bir yerində günahsız yerə həbs olunanlar varsa, onlara tezliklə azadlıq nəsib et!

İlahi, Səni Muhəmməd (s) və ali-Muhəmmədə (ə) and veririk, müsəlman cəmiyyətinin doğru, ağıllı və məntiqli arzu və istəklərini rəva qıl! Müsəlmanlar arasından bütün şəxsi və fərdi çətinlikləri aradan qaldır!

 

Xülasə

Çərşənbə axşamı – Ramazan ayının 21-ci günü

NÜBUVVƏTİN SONU-1

Peyğəmbərlərin dəvət etdiyi yol insanların təbii və fitri yoludur və onların bu yolda hərəkəti təbii hərəkətdir. Elə buna görə də bu yolda hərəkət sürət və asanlıqla baş verir. İnsanları bu yoldan çəkindirən zalım və cahil rejimlər insanların fitrət və təbiətinə zidd rəftar etdiklərindən, müvəqqətidir və məhvə məhkumdurlar. Elə buradan da peyğəmbərlərin dəvətinin aqibətini öyrənmək olur...

Dar və səthi düşüncələrin əksinə, peyğəmbərlərin hərəkatı uğursuz olmamışdır. Peyğəmbərlərə müxalif olan batil yollar bəşər tarixi və seyrinə hakim ola bilməmişdir və ilahi peyğəmbərlər elə əzəldən indiyə kimi, həmişə müvəffəq olmuş və bəşəriyyəti istədikləri kimi hidayət etmişlər.

Bundan sonra da dünyanın sonuna kimi, bu qanun qüvvədən düşməyəcək. Haqq carçılarının hər biri bəşər tarixini zirvəyə qaldırmış və onun yaradılış hədəfinə – təkamül və ali insanlıq məqamına doğru seyrini sürətləndirmişdir. Onlar bir müddət amansız təlaş və mübarizədən sonra, hər hansı bir səbəbdən bu dünyadan köçüb getmişlər. Onlar öz vəzifə və missiyalarının son nöqtəsində “bəşərin hidayəti” adlı ilahi əmanəti özündən sonrakı elçi və məmura tapşırmış, özü isə uğur və müvəffəqiyyətlə əbədiyyətə qovuşmuşdur. Beləcə, bəşər tarix boyu peyğəmbərlərin dəvət və fəaliyyətinin nəticəsi olaraq düşüncə və agahlıq üzündən onların yoluna daha da nikbin olmuş və hədəfinə daha da yaxınlamışdır.

Bu minvalla, bu təbii seyr davam edib son ilahi höccətə həvalə ediləcək, bəşərin tərbiyəsi və hidayəti uğrunda son addım atılacaq, bəşəriyyət sonsuz təkamül və tərəqqi yolunda heç bir maneə olmadan sürətlə irəliləyəcək, öz mübarək yolunu ötüb keçəcək... Peyğəmbərlərin və onların yolunun həqiqi sonluğu budur!

Daha önəmli məsələ isə mərhələli müvəffəqiyyət qazanmaq üçün iki amilin həlledici rola sahib olmasıdır: İman və səbir. Yolun yarısında bu iki amil unudulduğu zaman məğlubiyyətlər, onlara əməl olunduqda isə parlaq qələbələr baş vermişdir.

Aşağıda qeyd edilən ümidverici ayələr sözügedən mövzuda Qurani-Kərimin müjdələyici ayələrinin bir qismini təşkil edir:

قُلِ اللّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُDe: Allah hər şeyin xaliqidir. O, birdir, qüdrətlidir!

أَنزَلَ مِنَ السَّمَاء مَاء فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَاAllah göydən yağış endirdi. Vadilər öz tutumları qədər onunla dolub daşdı.

فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَّابِيًا(Vadilərdə axan) sel, üstünə çıxan köpüyü götürüb apardı.

وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاء حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهُ – Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır.

كَذَلِكَ يَضْرِبُ اللّهُ الْحَقَّ وَالْبَاطِلَAllah haqq ilə batili (sizə) ayırd etmək üçün belə misallar çəkir.

فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءKöpük puç bir şey olduğu üçün uçub gedər.

وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الأَرْضِİnsanlara fayda verən bir şey (su, dəmir, qızıl) isə yer üzündə qalar.

كَذَلِكَ يَضْرِبُ اللّهُ الأَمْثَالَAllah (sizə) belə misallar çəkir.

لِلَّذِينَ اسْتَجَابُواْ لِرَبِّهِمُ الْحُسْنَىRəbbinin dəvətini qəbul edənləri ən gözəl nemət gözləyir.

وَالَّذِينَ لَمْ يَسْتَجِيبُواْ لَهُ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لاَفْتَدَوْاْ بِهِRəbbinin dəvətini qəbul etməyənlər isə yer üzündə olan hər şeyə, üstəlik bir o qədərinə də malik olsaydılar, onu (canlarını qurtarmaq üçün) fidyə verərdilər.

أُوْلَـئِكَ لَهُمْ سُوءُ الْحِسَابِOnları çox pis (və ağır) bir haqq-hesab gözləyir.

وَمَأْوَاهُمْ جَهَنَّمُOnların məskəni Cəhənnəmdir.

وَبِئْسَ الْمِهَادُO, necə də pis yerdir!

“Rəd” surəsi, ayə 17-18.

وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَHəqiqətən, peyğəmbər olan bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz (və əmrimiz) deyilmişdi.

إِنَّهُمْ لَهُمُ الْمَنصُورُونَHəqiqətən, onlar yardım olunmuşlardır.

وَإِنَّ جُندَنَا لَهُمُ الْغَالِبُونَ – Şübhəsiz, Bizim dəstəmiz qalibdir!

فَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينSən bir müddət onlardan üz çevir!

وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَOnlara bax! Onlar da (gələcəkdə) mütləq (küfrlərinin aqibətini) görəcəklər!

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَOnlar əzabımızın tezliklə gəlməsini istəyirlər?

فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاء صَبَاحُ الْمُنذَرِينَ(O əzab) onlara yetişdikdə, qorxudulanların sabahı necə də pis olacaq!

وَتَوَلَّ عَنْهُمْ حَتَّى حِينٍSən bir müddət onlardan üz çevir!

وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَOnlara bax! Onlar da (gələcəkdə) mütləq (küfrlərinin aqibətini) görəcəklər!

سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَSənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!

Saffat” surəsi, ayə 171-180.

 

 



[1]. Abdullah ibn Həsən Müsənna – “Abdullah Məhz” adı ilə məşhurdur. Atasının adı “Həsən Müsənna”dır. Həsən Müsənna İmam Həsənin (ə) oğludur və anası İmam Hüseynin (ə) qızı Fatimədir. Elə buna görə də onu “Ələviye-Məhz” (yəni, xalis Ələvi) çağırırdılar. Onun “Məhəmməd” (Nəfsi-Zəkiyyə) və “İbrahim” adlı iki oğlu Mənsur Dəvaniqinin əleyhinə qiyam edərək məxfi yerdə gizlənirlər. Mənsur onların yerini öyrənmək üçün Abdullah Məhzə təzyiq göstərir və onu neçə dəfə Mədinə və Kufədə zindana atır. Onun iki oğlu qiyam etdikdən sonra, Mənsur onların hər ikisinin başını bədənindən ayırır və ona göndərir. Abdullah 75 yaşında ikən Mənsurun əmri ilə 145-ci hicri-qəməri ilində öldürülür.

[2]. “Ali-İmran” surəsi, ayə 139.

[3]. Müxtəlif mənaları olan ayələrə deyilir ki, onların zahiri və tərcüməsindən anlaşılan məna nəzərdə tutulmur. Mütəşabih ayələr mənası aydın olan möhkəm ayələrə müraciət etməklə məna və təfsir edilməlidir.

[4]. “Bəqərə” surəsi, ayə 153.

[5]. “Həcc” surəsi, ayə 11.

[6]. “Əraf” surəsi, ayə 127.

[7]. “Əraf” surəsi, ayə 128.

[8]. “Maidə” surəsi, ayə 21.

[9]. “Rəd” surəsi, ayə 16.

[10]. “Rəd” surəsi, ayə 17.

[11]. “Rəd” surəsi, ayə 18.

[12]. “Saffat” surəsi, ayə 171-173.