Beynəlxalq yardım təşkilatları Yəməndə ərzaq qıtlığı barədə xəbərdarlıq edir

Səudiyyə koalisiyası və BƏƏ Yəmənə qarşı hərbi təcavüzünü davam etdirdiyindən, beynəlxalq təşkilatlar Yəməndə ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, ölkənin cənubunda kəskin qida çatışmazlığı riski yaşayan yəmənlilərin sayının indiki 2 milyondan 3,2 milyona qədər artması ehtimalı var. Məlumata görə, Yəmən dünyada ən böyük qida böhranı ilə üz-üzədir.
 
Yəməndə beş ildən çox davam edən müharibədən əlavə, korona virusu ilə bağlı qoyulan məhdudiyyətlər, iqtisadi sarsıntılar, hərbi münaqişə, xarici yardımın azalması, çəyirtkə hücumları və daşqınlar ərzaq böhranını daha da artırdı.
 
Dünya Qida Proqramının Yəmən bölməsinin direktoru Lauren Bukra Əl-Cəzirə-yə bildirib: “Yəmən bir neçə cəbhədə böhran yaşayır. Yəməndəki ərzaq və humanitar böhranı həll etmək üçün İndi hərəkət etməliyik.”
 
BMT-nin Yəmən üzrə humanitar əlaqələndiricisi Liz Grand da Yəmən bir daha qida təhlükəsizliyi böhranının astanasında olduğunu deyib.  
 
BMT-nin Humanitar Məsələlər Üzrə Koordinasiya İdarəsinin məlumatına görə, 24 milyon yəmənli və ya ölkə əhalisinin 80 faizi yardım və müdafiəyə ehtiyac duyur.
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.
 
Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.
 
Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.